Hüseyn Əlizadə: ”Materialları Türkiyədən alırdıq”
Noyabrın 3-də Bakı Ağır Cinayətlər Məhkəməsində Binəqədi rayonundakı 16 mərtəbəli binada baş vermiş yanğınla bağlı həbs olunan “Qlobal Stone” MMC-nin baş direktoru Uğur Bəşirov, “Global Construction” MMC-nin təsisçisi və idarə heyətinin sədri Miryusif Mahmudov və digər şəxslərin növbəti məhkəmə iclası keçirilib.
Meydan TV-nin məlumatına görə, hakim Əfqan Hacıyevin sədrlik etdiyi iclasda şahid qismində Hüseyn Əlizadə ifadə verib. O, istintaqa verdiyi ifadəsini təsdiqləyərək bildirib ki, 2007-ci ildən “Qlobal Stone” və “Global Construction” MMC-də təsisçi, daha sonra isə səhmdar olub: “İşləri Direktorlar Şurası icra edirdi. Miryusif Mahmudov mənim xəbərim olmadan Direktorlar Şurasına tapşırıq verməyib. 2011-ci ildə fasadların üzlənməsində istifadə olunacaq material hazırlanmaq üçün fabrik açıldı. Bundan sonra üzlüklərin hazırlanması üçün qəlblər hazırlandı. Materialları isə Türkiyədən alırdıq”. Hüseyn Əlizadə bildirib ki, binanın yanmasına səbəb alkopanlar arasındakı boşluq olub: Poliuretan yanğın davamlı materialdır. Gözümlə görmüşəm ki, poliuretan yanmır”.
Daha sonra iclasda zərərçəkmiş şəxslərdən Xəyyam Babayev ifadə verib. O, ifadəsində bildirib ki, hadisə vaxtı evdə olub və pəncərədən baxanda tüstü görüb, həyətə düşüb: “Binanın yanındakı qeyri-yaşayış sahəsində yanğın olduğunu gördüm. Orada polislər var idi”.
Hadisə zamanı ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyində, indi isə Dövlət Təhlükəsizlik Xidmətində işlədiyini deyən X.Babayev bildirib ki, 2012-ci ildən həmin binada yaşayır: “Mənim barəmdə xoşagəlməz ifadələr işlədirlər. Yanğını mənim adımla hallandırırlar. Deyirlər ki, yanğın zamanı binadan özünü atan şəxsi mən tanıyıram. O binadan özünü atan şəxsi mən tanımıram. Deyirlər ki, yanğın barədə detallı məlumat vermirəm. Mən pəncərədən baxıb, tüstü görüb hadisə yerinə getdim və şahid oldum. Gördüklərimi də ifadəmdə demişəm”.
İclasda şahid qismində Nəsimi Mehdiyev də ifadə verib. O bildirib ki, “Qlobal Stone” MMC və “Global Construction” MMC-də baş mühəndis işləyib, binaların üzlənməsi üçün hazırlanan materiallara nəzarət edib. Şahid materialların keyfiyyətli olduğunu və Türkiyədən gətirildiyini deyib.
Proses noyabrın 8-də davam edəcək.
Ötən il mayın 19-da Binəqədi rayonu ərazisində, metronun “Azadlıq” stansiyasının yaxınlığında 16 mərtəbəli yaşayış binasında baş verən yanığında 15 nəfər həyatını itirib, 30 nəfərdən çox şəxs xəsarət alıb. “Qlobal Stone” MMC-nin baş direktoru Uğur Bəşirov, “Global Construction” MMC-nin təsisçisi və idarə heyətinin sədri Miryusif Mahmudov, həmin cəmiyyətin idarə heyətinin sədr müavini Ələkbər Əsgərov, Binəqədi rayon İcra Hakimiyyəti başçısının sabiq birinci müavini Qəzənfər Novruzov, 2012-2013-cü illərdə Binəqədi rayon Mənzil Kommunal Təsərrüfat Birliyinin rəisi işləmiş rayon icra hakimiyyətinin təsərrüfat şöbəsinin müdiri Ədalət Rəcəbov, Binəqədi rayonu, 72 saylı Mənzil Kommunal İstismar Sahəsinin rəisi Nizami Orucov, “Dərnəgül Boru Zavodu” Qaralı Səhmdar Cəmiyyətinin sınaq laboratoriyasının müdiri Ağacavad Məmmədov həbs olunublar.