Xasiyyətnamə
“Meydan TV işi” üzrə həbs olunmuş jurnalist Fatimə Mövlamlı saxlanıldığı Bakı İstintaq Təcridxanasından yazır:
“Meydan TV işi” üzrə cinayət işi materialları ilə tanış oldum. Hər biri 250 səhifə olmaqla ümumilikdə 26 cilddən ibarət cinayət işi materiallarında ittiham edildiyim qanunsuz əməlləri törətdiyimə dair kiçik də olsun bir fakt (!) yoxdur. Necə deyərlər – məlumun elanı.
İstintaq mənimlə bağlı bütün ümidini evimə özlərinin yerləşdirdiyi, cinayət işi materiallarında isə maddi sübut kimi göstərdiyi pula bağlayıb. Xülasə, məhkəməmiz çox maraqlı keçəcək. Mən özümü faktiki olaraq böyük bir “heç nə”yə qarşı müdafiə edəcəm.
O vaxta qədər sizi cinayət işi materiallarının arasında məni ən çox güldürən sənədlə tanış etmək istəyirəm: Bu, mənim xasiyyətnaməmdir. Dövlət mənə xasiyyətnamə verib, özü də necə!
Deməli, BŞBPİ-nin İstintaq və Təhqiqat İdarəsinin sorğusuna əsasən Binəqədi İH-nin qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəsinin xasiyyətim barədə yolladığı nâmədə sözbəsöz belə yazılıb:
“Vətəndaş Mövlamova Fatimə Binəqədi qəsəbə ərazisində müsbət xarakterizə olunmur, radikal müxalifyönümlü şəxs kimi tanınır, mitinqlərdə fəal iştirak edir, sosial şəbəkələrdə müxalifyönümlü paylaşımlar edir”.
Absurdun miqyasına bir baxın – dövlət rəsmən elan edir ki, müxalif, tənqidçi, yaşadığı ölkədə baş verən hadisələrə maraqlı mövqedə dayanmağı mənfi xarakter xüsusiyyətlər sayır.
Azərbaycan hökumətinin haqqımdakı rəsmi rəyi xoşuma gəlsə də, düşdükləri gülünc vəziyyətə ürək ağrısı ilə baxıram.
Bir dəfə yazmışdım: “Heç kim bu qədər yazıq olmamalıdır”. Amma bunu yazdığım vaxt yazıqlığın belə boz rəngə bürünə biləcəyi ağlıma gəlməzdi. Demə, bürünə bilirmiş. İstedadsız, şərbaz, gülməli ittihamçı elə ən böyük yazıq imiş.
Yazıqsınız, gülməlisiniz, cənablar…
Fatimə Mövlamlı
Bakı İstintaq Təcridxanası