Füzuli Məmmədov işdən çıxarıldığını sonradan öyrəndiyini deyir
“20 ildir mətbuat yayımı şöbəsində çalışıram. Bu yaxınlarda xəbərim olmadan işdən çıxarılmışam. Pensiya yaşına çatmamışam, amma iş tapa bilmirəm”.
Bunu Meydan TV-yə Biləsuvar rayon sakini, 58 yaşlı Füzuli Məmmədov deyib. Onun sözlərinə görə, “Azərmətbuatyayımı” ASC-nin tabeliyindəki rayon şöbəsində çalışıb. Əmək müqaviləsinə xitam verirkən qarşılıqlı razılaşma olduğu yazılıb. Halbuki işdən çıxarıldığını sonradan öyrənib.
“Dövlət Əmək Müfəttişliyinə müraciət etdim, qayda pozuntusuna görə müəssisəni 1700 manat cərimələdi. Dedilər ki, işdən çıxarılma qanunsuzdur. Ən azından əvvəlcədən xəbərdarlıq edilməli idi. Amma nə işə bərpa etdilər, nə də təzminat ödənildi”,-şikayətçi deyib.
Füzuli Məmmədov bildirib ki, dolanışığı çətindir, əlavə gəlir yeri yoxdur. Ona işəbərpa olunması üçün “Azərmətbuatyayımı”na qarşı məhkəmə iddiası qaldırdırmağı məsləhət görüblər:
“Gərək rüsum ödənilsin, vəkil tutulsun. Mənim isə buna maddi imkanım çatmır. Hətta bunu necə edəcəyimi də bilmirəm. Onu mənə başa salan yoxdur, çox çarəsiz vəziyyətdəyəm. Övladımın ailəsi var, məni dolandıra bilmir. Təsəvvür edin ki, 140 manat maaşa işləyirdim, bunu da mənə çox gördülər, ondan da məhrum etdilər”.
Biləsuvar Rayon Mətbuat yayımı Şöbəsinin rəisi Mirzə Əzizov Meydan TV-yə deyib ki, Füzuli Məmmədov poçtalyon kimi çalışıb, müəssisənin maliyyə imkanı məhdud olduğu üçün ixtisara salınıb.