Simuzər Heydərovanın məktəbdə incidildiyi, ona qarşı aqressiv davranıldığı və bu üzdən özünə qəsd etdiyi haqda iddialar yayılıb
Biləsuvarda məktəbli qızın intihar etdiyi bildirilir. 17 yaşlı Simuzər Heydərova fevralın 8-də gecə saatlarında Biləsuvarda məcburi köçkünlər üçün tikilən 6 saylı qəsəbədə yaşadıqları evin həyətində asılmış vəziyyətdə tapılıb.
Simuzər Heydərova Cəbrayıl rayon Xanış Rüstəmov adına Yuxarı Mərcanlı kənd tam orta məktəbinin 11-ci sinif şagirdi olub.
Faktla bağlı rayon prokurorluğunda araşdırmalar başlayıb.
Simuzər Heydərovanın məktəbdə incidildiyi, ona qarşı aqressiv davranıldığı və bu üzdən özünə qəsd etdiyi haqda iddialar yayılıb. Onun qohumları Meydan TV-yə hələlik bu hadisə barədə danışmaq istəmədiklərini bildiriblər. Bununla belə, qeyd ediblər ki, uşağın ailədə problemi olmayıb.
Simuzər Heydərovanın təhsil aldığı məktəb Şərqi-Zəngəzur Regional Təhsil İdarəsinə tabedir. Artıq bu idarədə də baş verənlərdən və hadisəyə səbəb kimi, yayılan iddialardan xəbərdardılar.
İdarədən bildirilib ki, şagirdin intiharı ilə bağlı onlar da araşdırma aparırlar.