Bığırlıların körpü dərdi

“15 min manat xərclənmiş təzə körpünün tikintisi yarımçıq qalıb”

Source:
Bığır kəndindəki körpünün tikintisindən
Bığır kəndindəki körpünün tikintisindən


“15 min manat xərclənmiş təzə körpünün tikintisi yarımçıq qalıb”

“Hər il pul yığıb köhnə körpünü bacardığımız qədər təmir etdiririk. Sonra baxdıq ki, bu körpüdən daha körpü olmayacaq. Bu dəfə qərara gəldik, körpü tikək. Başladıq, bir sıra işlər gördük, pul tükəndi, işlər yarımçıq qaldı”.

Göyçayın Bığırlı kəndindəki körpünün tikintisindən danışan hansısa dövlət qurumu deyil, elə kəndin sakinləridir.

Məcbur qalıb, özümüz qollarımızı çirmələdik

Bığır Göyçayın mərkəzi hissəsində yerləşir. 6 mindən çox əhalisi olan Bığır rayonun ən iri kəndlərindən hesab olunur. Əhalisinin əsas məşğuliyyəti heyvandarlıq və meyvəçilik olan kəndin saysız-hesabsız sosial problemləri var. Bunlardan ən əsası da kəndin mərkəzindəki körpüdür. Hər gün yüzlərlə insanın keçib getdiyi sınıq-salxaq körpü insanların həyatında təhlükəyə çevrilib. Hələ bu ilin mart ayında bığırlılar Meydan TV-yə müraciət edərək, körpünün bərbad vəziyyətdə olduğunu dedilər. Meydan TV-nin “Sənin səsin” verilişində həmin problem

qabardıldı

. Ancaq problem yenə də həllini tapmayıb.

Kənd sakini Hüseyn Cəfərov deyir, uzun illərdir kəndlilər bu körpünün təmir-bərpası, yaxud yenisinin tikilməsi üçün müxtəlif hökumət qurumlarına müraciət edir. Lakin aidiyyəti qurumlardan tərpəniş görmədikdə qərara gəliblər ki, özləri bu işə qol çirmələsinlər. Onsuz da hər il köhnə körpünün dağılmış yerlərini yamayan kəndlilər bu dəfə bir az qabağa gediblər, bu ilin sentyabr-oktyabr aylarında satdıqları meyvələrin pullarını toplayıb köhnə körpünün yanında yenisini tikməyə başlayıblar.

Bığır kəndindəki körpünün tikintisindən
Bığır kəndindəki körpünün tikintisindən

Gəncədən 3 min manata qaldırıcı kran gətirdik

“Yağış yağanda köhnə körpünün altında su toplanır və dərin gölməçə əmələ gəlir. Bu zaman sürücülər körpünün üzərindən keçməyə qorxurlar. Təxminən 15 min manat toplandı. Körpünün altına yığılan suyu qurutduq. 12 metr uzunluğunda iri diametrli boru aldıq, Gəncədən qaldırıcı kran gətirdik. İki gününə 3 min manat ödədik. O borunu körpünün altına yerləşdirdik. Topladığımız pulun hamısını yeni körpünün tikintisinə xərclədik. Ancaq pul tükəndiyi üçün işimiz yarımçıq qaldı”.

Yüklə dolu maşınlara köpüdən keçmək təhlükəlidir

Kənd sakini Əli Səfərov deyir, kəndin ortasından keçən köhnə, sınıq-salxaq körpü faciələrə səbəb ola bilər:

“Köhnə körpünün üstündən uşaqlar məktəbə gedib-gəlir, həyatları üçün təhlükəlidir. Bu kənddə adamların dolanışığı meyvəçilikdən çıxır. Hərə öz həyətinin bəhrəsini bazara çəkib satır. Yüklə dolu maşınlar bu körpüdən keçmək məcburiyyətindədir. Bu yaxınlarda ev tikmək üçün daş almışdıq, ancaq daşla yüklənmiş maşını körpüdən keçirməyə qorxduq. Maşını körpünün o tayonda saxlayıb daşları əlimizlə bir-bir bu taya daşıdıq”.

Bığır kəndindəki körpünün tikintisindən
Bığır kəndindəki körpünün tikintisindən

Bir sözlə, bığırlıların istədiyi odur ki, aidiyyəti qurumlar yarımçıq qalmış işi tamamlasın. Yoxsa, azı 450 ailə kəndin o tayından bu tayına həsrət qalacaq.

İcra hakimiyyəti: Günah özlərindədir

Göyçay rayon İcra Hakimiyyətindən Meydan TV-yə bildirilib ki, Bığırın mərkəzindəki köhnə körpü bir neçə dəfə təmir-bərpa olunub. Lakin kənd sakinlərinə xəbərdarlıqlara baxmayaraq, onlar demək olar ki, hər gün körpüdən ağır tonajlı yük maşınlarıyla keçirlər. Sovet vaxtından qurulmuş körpü tamamilə çökmək üzrədir. Yeni körpünün tikintisinin davam etdirilməsinə gəlincə, icra hakimiyyəti aidiyyəti qurumlara məktubla müraciət edib. Qurum yaxın vaxtlarda bığırlıların körpü probleminin həll olunacağını bildirir.

İndi bığırlılara ümid etmək qalır.

Ana səhifəXəbərlərBığırlıların körpü dərdi