Bığırlılar: Maldarlıqla dolanan kəndin örüş sahəsini əlindən alıblar

“Əslində, ədalətlə yanaşılsa, heç 4 min əhalinin torpağı 1-2 nəfərə satıla bilməzdi”

Source: Specify Source


“Belə getsə, kənddən köçüb getməli olacağıq”

Göyçayın Bığır kəndinin sakinlərinin şikayəti var. Onlar bələdiyyənin kəndin otlaq sahəsini tanımadıqları insanlara verdiyini, həmin torpaqların hazırda əkildiyini söyləyirlər. Kənd sakinləri bildirirlər ki, onların dolanışığı maldarlıqdan gəlir. Hazırda çox pis vəziyyətdə qalıblar.

Kəndin otlaq hissəsi Ləzgi Dağı deyilən ərazidədir. Əsasən kolluq və yulğunluqdan ibarətdir. Kənd sakinlərinin deməsinə görə, 200 ildir həmin ərazidən otlaq sahəsi kimi istifadə edilir. Əkindən çox heyvandarlığa yararlıdır.


“Yerlərdə məmurlar heç bir qayda-qanuna məhəl qoymurlar”

82 yaşlı Qaçay Şirəliyev deyir ki, heyvan otlamalıdır, onu qapıya bağlaya bilməz. Üstəlik, həyətdə saxlamaq kəndliyə baha başa gəlir, otunu çatdırmaq olmur:

“Əslində bizim dövlətin yaxşı qanunları var. Elə prezidentin də yaxşı qərarları var. Amma bunlar bölgələrdəki məmurlara maraqlı deyil. Onlar insanları incidir, heç bir qayda-qanuna məhəl qoymurlar”.


“Az qalırıq kənddən baş götürüb gedək”

Qaçay Şirəliyev deyir ki, heyvanlarını otarmağa yer olmasa, gərək kənddən köçüb gedələr. Çünki dolanışıqları heyvandarlıqdan çıxır:

“Başqa gəlir yerimiz, işimiz yoxdur. Həmin o otlaq sahəsi var ha, bax, orada 60 hektardan yuxarı nar sahəsi də var idi. Bəzi işbazlar o sahəni aldılar. 4-5 dəfə müxtəlif adamların adına rəsmiləşdirdilər. Axırda o sahəni aralarında böldülər. İndi də keçiblər biz yetimlərin örüş sahəsinə. Əlimizdən alıb kimlərəsə əkin sahəsi kimi veriblər. Səsini çıxaranları da müxalifətçi, dövlətə qarşı çıxmaqda ittiham edirlər”.

img_2656.jpg
Qaçay Şirəliyev


“Dağın başını əkin sahəsinə çeviriblər”

Şikayətçi deyir ki, yenə sahənin 3-5 faizini əksələr dərd yarı olar. Bütün sahəni şumlayıblar, heyvanları əraziyə buraxmırlar:

“Qanun isə deyir ki, örüş sahəsinin 3 faizindən artığını əkə bilməzsən. O da məcbur qalsanız. Bunların indiki vəziyyətdə məcburiyyəti nədir ki, dağın başını əkin sahəsinə çevirirlər? Bu qədər millət bilmir heyvanını hara buraxsın. Bir sözlə, millətin başına oyun açırlar”.


“Otlaq sahəmiz olanda belə əziyyət çəkmirdik”

Qaçay Şirəliyev Prezident İlham Əliyevdən xahiş edir ki, bölgələrdəki məmurlara nəzarəti artırsın, kəndlilərin başına olmazın oyunu açırlar:

“Prezidentimizdən xahiş edirəm ki, bizim məmurların da işinə nəzarət etsin. Çox yaxşı başlamışdı, İmişli Kürdəmir… Təəssüf ki, bizə gəlib çatmadı. Kaş bura da bir baş çəkərdilər. Vallah, insanlar pis gündədir. Məsələn, mənim malım-dövlətim yoxdur, 5-cə inəyim var, onunla dolandırıram külfətimi. İndi isə heyvanları yedirə bilmirəm. Artıq bağı yeyib bitiriblər. Bağlama ilə ot alırıq. Onun da biri 4-5 manatdır. Çətindir, vallah, çatdırmaq olmur. Otlaq sahəmiz olanda belə əziyyət çəkmirdik”.


“Şikayətə getdik, bizi polisə apardılar”

Kənd örüş sahəsinin 4 min nəfər əhaliyə baxdığını bildirirlər. Kənddə həmin yerdən başqa örüş sahəsi yoxdur.

Kənd sakinlərindən 2-ci qrup əlilliyi olan Elman Bədəlov isə deyir ki, həmin örüş sahəsi 2013-cü ildə də onlardan alınıb. Çoxsaylı şikayətlərdən sonra geri qaytara biliblər:

“Deməyim odur ki, həmişə o sahədə kimlərinsə gözü olub. Bir dəfə xilas edə bildik, indi əl çəkmirlər. Kənddə isə nə az, nə çox 1850 baş iribuynuzlu, 2000-dən çox xırdabuynuzlu heyvan var. Biz onları harada saxlamalıyıq? Bir dəfə şikayətə getdik, bizi polisə apardılar. Gözlətdilər ki, rəis sizi qəbul edəcək. Gözlədik, etmədi. Axırda dedilər ki, malınızı aparın bağlayın yatağınıza, biz bilmirik”.


“Yerli qurumlardan əlimizi çoxdan üzmüşük”

Elman Bədəlovun 8 baş iribuynuzlu heyvanı var. Hazırda onları otarmağa yeri yoxdur. Bağlama ot almağa məcbur olduğunu deyir. Ona da pul çatdıra bilsə:

“Çətindir, çünki bizim əlavə iş yerimiz, gəlirimiz də yoxdur. Kənddə 4 min əhali var. Hamı kimi mən də gözümü həmin otlaq sahəsinə dikmişdim. İndi neyləyim, hara gedim, kimə müraciət edim, bilmirəm. Yerli qurumlardan əlimizi çoxdan üzmüşük. Bundan əlavə, Baş Prokurorluğa, prezidentə, vitse-prezidentə məktubla müraciətlər etmişik. Hələ bir cavab yoxdur. Səsimizə kimsə səs vermir”.

img_2660.jpg
Elman Bədəlov


“Əhalisi heyvandarlıqla məşğul olan kəndin örüş sahəsi yoxdur”

Sakinlərdən 74 yaşlı Tofiq Nəsibov da heyvandarlıqla məşğuldur. Deyir, həmin əkilən torpaq sahəsi dövlət fonduna daxil olub. Keçmişdən, Sovet vaxtından otlaq sahəsi kimi istifadə olunub:

“Sovet hökuməti dağılandan sonra torpaq islahatı getdi. Bütün torpaqlar insanlar arasında bölüşdürüldü. Kənd sakinləri olaraq buna iradımızı bildirdik. Bu zaman kəndə həmin o Ləzgi Dağı deyilən ərazidən 535 hektarlıq örüş sahəsi ayırdılar. İndi də oranı bizdən xəbərsiz kiməsə satıblar. O adam da şumlayıb, əkir. İndi demək olar ki, bütün əhalisi heyvandarlıqla məşğul olan kəndin örüş sahəsi yoxdur”.


“4 min əhalinin torpağı 1-2 nəfərə satıla bilməzdi”

Tofiq Nəsibov deyir ki, ərazini kim satıb, kim alıb, bilmir. Ancaq hazırda heyvanlarının otlamağa yeri yoxdur:

img_2694.jpg
Tofiq Nəsibov

“Bu qədər insan qalmışıq pis durumda. Əslində, ədalətlə yanaşılsa, heç 4 min əhalinin torpağı 1-2 nəfərə satıla bilməzdi. Madam ki, satırdılar, o zaman birinci özümüzə təklif edərdilər. Yəni bu qədər millət toplanıb o qədər ərazini ala bilməzdi? Vallah, belə zülm olmaz”.

Göyçay bələdiyyəsindən Meydan TV-yə bildirilib ki, həmin ərazilər dövlət torpaqlarıdır, heç kimin şəxsi ərazisi deyil:

“Odur ki, kimlərinsə həmin ərazilərə iddia etməsi doğru deyil. Ərazilər əkinə yararlıdır və lazımdır ki, əkilir. Əkən adamlar da başqasının ərazisini əkmirlər”.

Göyçay Rayon İcra Hakimiyyətindən isə məsələni araşdıracaqlarını deyiblər.

Ana səhifəBölgəBığırlılar: Maldarlıqla dolanan kəndin örüş sahəsini əlindən alıblar