Biçarə vətəndaşa ağı

“Prestij” adlandırılmış və tikilib qurtarmış bina illərdir ki, istifadəyə verilmir

Source:

İlham Əliyev Xınalıqda səfərdə, 2006-cı il
İlham Əliyev Xınalıqda səfərdə, 2006-cı il

“Prestij” adlandırılmış və tikilib qurtarmış bina illərdir ki, istifadəyə verilmir.

Əvvəl Milli Məclisin, sonra isə sabiq ANS-in binasını keçib bir az da yuxarı qalxsaz, Vestminster abbatlığına bənzədilmiş “Oksford məktəbini” adlayacaqsınız və başınızı qaldırıb tünd saxsı lövhələrlə örtülmüş böyük bina görəcəksiniz.

Ətraf binalarda sakinlər yaşayır. Lakin bu bina uzun illərdir ki, boşdur.

Şəhərin mərkəzinə yaxın dağüstü yerdə tikilmiş binada mənzillərinin pulunu 100 faiz ödəmiş yüzlərlə vətəndaş on ildən artıqdır ki, “öz evi”nin yanından keçəndə ona yalnız həsrətlə baxa bilir.

Göz görür, əl çatmır. Hər hansı mədəni və qanunun hökm sürdüyü ölkədə mümkün olmayan bu məntiqsiz və ağlasığmaz vəziyyət nə üçün prezident İlham Əliyevin analoqu olmayan uğurlu daxili və xarici siyasət yürütdüyü ölkədə mümkündür, heç bir ağlı başında olan məxluq izah edə bilməz.

Bəlkə də deyər ki, belə vəziyyət məhz İlham Əliyevin prezident olduğu ölkədə mümkündür.

Binanı tikmiş şirkətin üç sahibi var idi. Birisi iranlı idi, ikisi bizim vətəndaş. Binanı yaxşı və keyfiyyətli tikirdilər, yaxşı da qazanc götürürdülər. Yer yaxşı, layihə gözəl, tikinti keyfiyyətli, müştərilər mənzilləri göydə qapırdılar.

Nə baş verdi? Milli ədəbiyyatın klassiki demişkən, “Əlbir olub bir ayı bir şir ilə, ovladılar dovşanı tədbir ilə…” Xülasə, şəriklərin sözü çəp gəldi. İranlı şərik hətta qazamata düşdü. Nə olar ki.. “Kişinin başına iş gələr”.

Tikintini başa çatdırmaq üçün sahiblər “Azərbaycan Beynəlxalq Bank”dan ( ABB) hələ satılmamış mənzilləri girov qoyub borc aldılar və binanı demək olar ki, 95 faiz tikib qurtardılar. Qaldı xırda-para daxili işlər və binanı təhvil vermək.

Lakin bu zaman ABB yuxarıların qəzəbinə tuş gəldi və “qəflətən” orada böyük yeyinti aşkarlandı. Söz yayıldı ki, möhtərəm prezident cənabları əmr verib:

“Borcu olanlar dərhal borclarını qaytarsınlar!”

Tikinti şirkətinin sahibləri dedilər: “Biz hazır, yarıqiymətinə girov qoyduğumuz mənzilləri satmağımıza icazə verin, bir aya pulu qaytaraq”. “Yuxarı”dan dedilər ki, “xeyr, möhtərəm prezident cənabları girovun satışa çıxarılması barədə heç nə deməyib. Deyib ki, borc dərhal qaytarılmalıdır”. Şirkət sahibləri yalvarıb dedilər ki, “borcu haradan qaytaraq? Mülkümüzü sataq ki, qaytaraq, mülkü satmağa icazə verin, sataq, qaytaraq”.

“Yuxarı” hirslənib işi göndərdi istintaqa. Müstəntiqlər bir neçə milyonluq işi görüb tez öz qazanc əmsalını hesabladılar və tikinti şirkətinin sahiblərinə anlatdılar ki, bu müqəddəs əmsal ətrafında sövdələşmək vətənə xəyanətə bərabər bir əməldir. Əvvəl əmsal, sonra qərar!

Tikinti şirkətinin sahiblərinə indi qalıb yalnız deyinmək. Lakin Azərbaycan vətəndaşlarının deyinməsinə bu dünyada fikir verən yoxdur. Tkinti şirkətinin fərsiz və tamahkar sahibləri deyinməkdə olsunlar, görək on ildən artıq öz halal mənzillərini ğözləyən vətəndaşlar nə edirlər?

Siz bilən, onlar nə edirlər? Onlar bəlkə, mədəni və hüququn aliliyi hökm sürən dövlətlərdə olduğu kimi, hüquqlarını məhkəmədə tələb edirlər? Ayıb olsun sizə, hansı ağlı başında olan vətəndaş Azərbaycan məhkəməsindən öz hüququnun bərpasını uma bilər? Xeyr, aldadılmış Azərbaycan vətəndaşları da milli ənənəyə uyğun olaraq… deyinirlər.

Bütün Azərbaycan deyinir. Qarabağ nisgili ilə yanan qarabağlılar deyinir. Milyonlarla işsiz deyinir. Dələduzların toruna düşüb var-yoxunu itirmiş on minlərlə vətəndaş deyinir. Rəislərin şıltağından asılı polis nəfərləri deyinir. Müdirlərin dəyişkən məzacından təngə gəlmiş məmurlar deyinir. Maaşların azlığından boğaza yığılmış külli-əhli-Azərbaycan, hiddətlə də olsa, yenə deyinir.

Azərbaycan ilk baxışdan Qurban bayramı ərəfəsində böyük sallaqxananın həyətinə bənzəyir. Deyinmə, mələşmə ölkəni başına götürüb. Heç kəsin heç bir hüququ yoxdur.

Nə qədər gülməli də görünsə, vaxtilə dərəbəylikdən sui-istifadə edib hüquqsuz vətəndaşların mülkiyyətini çalmış oliqarx deyilən bəzi zirək məxluqlar da indi yavaş-yavaş deyinməyə başlayıblar, zira cox dürüst məsəl işə düşüb: “oğrudan oğruya halaldır”.

Nə etməli? Qordi düyününü kim qılıncla vurub kəsəcək?

Ölkədəki vəziyyəti bilən kəs həmin andaca deyər ki, “bu işin öhdəsindən yalnız möhtərəm prezident cənabları gələ bilər”. Deyər və nəzəriyyəyə görə haqlı olar, zira qanunun aliliyi hökm sürməyən ölkədə şah qanundur və ədalətin bərpası onun iradəsindən asılıdır.

Lakin hamı möhtərəm prezident cənablarının cox məşğul olduğunu gözəl bilir. Odur ey, frau Merkel gəlir, onun ardınca sayın Ərdoğan gələcək, sonra BMT-nin 193 ölkə başçısı var, hamısı da möhtərəm prezident cənabları ilə şəxsən görüşməyə can atır.

Hansısa ev həsrəti çəkən bir neçə min bakılının halına acımaqmı vaxtıdır? Hakimiyyətin himayə etdiyi dələduzların toruna düşüb ümidsiz çabalayan on minlərlə vətəndaşa acımaqmı olar? Görün hələ nə qədər idman növü var ki, onların qitə və dünya çempionatları Bakıda keçirilməyib!

Bakının yeni icra hakimiyyəti başçısı təyin olunmayıb. Bütün ölkənin məsxərəyə qoyduğu cənab Hacıbala Abutalıbovun vəzifəsi artırılıb və indi o, Novruz Məmmədovla tandemdə bütün Azərbaycanı idarə edəcək. Ondan sonra qalmış Avgiy tövləsini təmizləmək şərəfi Eldar Əzizova nəsib olub. Əgər hansısa böyük işi ən vacib həlqədən başlamaq istəyirsənsə, Bakıda bu iş onlarla tikilib qurtarmış, lakin təhvil verilməmiş evlərin statusunun həlli məsələsidir.

Bunun üçün ümumi bir qayda müəyyənləşdirən təklif hazırlanmalıdır. Bu təklif qoyulmalıdır möhtərəm prezident cənablarının masasının üstünə, o da ona öz mübarək imzasını atmalıdır. Fərman gücünü qazanmış sənədə görə müstəntiqlər iki gün ərzində girov qoyulmuş mənzillərin üzərindən həbs qərarını ləğv etməlidirlər. Tkinti şirkətinin sahibləri tamahlarını cilovlayıb boş mənzilləri ağlabatan münasib qiymətə satıb ABB-nin borcunu qaytarmalıdırlar və binanın tikintisini tamamlamalıdırlar. Bakı Şəhər İcra Hakimiyyəti mənzil sahiblərinə onların qanuni sahibliyini təsdiq edən orderlər verməlidir. Qalan işlər, yəni təmir və köçmə məsələsi, sakinlərdən asılı olacaq. Bundan sonra İlham Əliyevin və Eldar Əzizovun əmvatına rəhmət oxunması onların özlərinin qanacağından asılı olacaq.

Bu işləri bir neçə aya sürətlə görüb qurtarmaq olar. Bu, baş versə, yəni Bakıdakı dondurulmuş hazır binalar istifadəyə verilsə, yeni icra başçısının öz məşhuri-cahan sələfindən necə fərqləndiyi dərhal və gözgörəsi agah olacaq.

Bundan sonra qanun qəbul edilməlidir ki, heç bir tikinti şirkəti dövlət qeydiyyat reyestrində olmayan və İnternetdə açıq göstərilməyən bir kvadrat santimetr sahəyə sənəd verə bilməz. Beləliklə, həm dələduzların yolu kəsilər, həm mənzil tikintisini on illərlə yubadan tamahkar və bivec “sahibkarlar”ın möhtəkirliyinə son qoyular.

Kim bu əməliyyatdan udar? Bütün vətəndaşlar. Kim uduzar? Dələduzlar və bacarıqsız işbazlar.

1970-ci illərin əvvəlində Ulu öndər demişkən, “qoy ədalət zəfər çalsın”.



Yazı müəllifin fikirlərini əks etdirir və Meydan TV-nin mövqeyi ilə üst-üstə düşməyə bilər.

Ana səhifəMənim FikrimcəBiçarə vətəndaşa ağı