Azərbaycan universitetləri dünya reytinq göstəricisində sonuncudur
Dünya üzrə ən yaxşı universitetlərin reytinqi (QS World University Rankings) açıqlanıb.
Britaniyanın “Quacquarelli Symonds Koncalting” şirkətinin hazırladığı reytinqdə Azərbaycanın cəmi iki universiteti yer alıb. Bakı Dövlət və Xəzər Universitetləri. Onlar da reytinqin ən aşağı pillələrində – sonuncu yüzlüklərdə qərarlaşıblar.
Reytinqə ABŞ-ın üç ali məktəbi – Massaçusets Texnologiya İnstitutu, Stenford Universiteti və Harvard Universiteti liderlik edir. Rusiyadan 24, Türkiyədən 11, İrandan isə 2 universitet bu siyahıya düşə bilib. Reytinq siyahısında Ermənistanın və Gürcüstanın ali təhsil ocaqları yer almayıb.
“Report” bununla bağlı Təhsil Nazirliyindən münasibət öyrənmək istəyib. Nazilikdən “bununla bağlı müvafiq ali təhsil müəssisələrinə müraciət etməyiniz xahiş olunur”, – cavabı alıb.
Məsələni şərh edən təhsil eksperti Kamran Əsədov hazırda Azərbaycanda 54 ali təhsil müəssisəsinin fəaliyyət göstərdiyini, həmin universitetlərdə 165 minə yaxın tələbənin təhsil aldığını deyib:
“Təəssüf ki, ali məktəblər qəbul etdikləri tələbələri peşəkar kadr kimi hazırlaya bilmirlər. Dünya reytinq siyahısında universitetlər yüksək bal alanda bir neçə xüsusiyyətlər nəzərə alınır. Bura universitetin kampusunun, yataqxanasının, kitabxanasının və elmi bazasının olması daxildir. Ölkədə fəaliyyət göstərən 50-ə yaxın ali təhsil müəssisəsində sadalananlar yoxdur. Universitetlərin ya yataqxanaları yararsız vəziyyətdədir, ya da bütün tələbə kontingentini əhatə edə bilmir. Ona görə də bu xüsusiyyət üçün bal alma göstəricisi aşağıdır”.
Ekspert Azərbaycan universitetlərinin aşağı nəticə göstərməsinin digər səbəbini isə orada çalışan və sayı heç də az olmayan elmlər doktoru, elmlər namizədi və ya elmi ad alan şəxslərin tədqiqat apardıqları elmi sahələrin, elmi mövzuların dünya əhəmiyyətli olmamasında görür:
“Azərbaycanda elmi tədqiqat işlərinin çox hissəsi lokal xarakterli olduğundan dünyada əhəmiyyəti olmayan mövzular olur. Ona görə də, bizim elmlə məşğul olan insanların xarici jurnallarda məqalələri çox az saydadır”.
Kamran Əsədov deyir ki, digər səbəb isə universitetə xarici tələbə axınının az sayda olmasıdır:
“Misal olaraq, Sinqapurda oxuyan xarici tələbələrin sayı 80 min nəfərdir. Azərbaycanda isə 54 ali təhsil müəssisəsinə oxumağa gələn xarici tələbələrin sayı 2 min nəfərdir. Təəssüf ki, bizim bəzi universitetlərin idarəçiliyi kolxoz idarəçiliyindən o tərəfə getmir. Yəni, bəzi universitetlərin rektoru təhsil ocağını şəxsi biznesləri kimi idarə edirlər. Onlar universitetlərin beynəlxalq reytinq siyahısına düşməsində, yaxud hansısa elmi tədqiqatlarının aparılmasında maraqlı deyillər. Özəl universitetlərin əksəriyyətində isə qapıçıdan tutmuş xadiməyə qədər hamısı qohumlarıdır. Azərbaycandakı ali təhsil müəssisələrinin çoxu dörd divar və partalardan ibarətdir. Hətta bəzilərinin heç kitabxanası da yoxdur. Ölkədəki universitetlərin hansısa reytinqin 500-lüyünə düşməməsi biabırçılıqdır. Əksər rektorlar bunda maraqlı deyil. Əgər universitetlər dövlət büdcəsindən maliyyə almayıb öz şəxsi hesabına dolansa, gələcəkdə nüfuz qazana bilərlər”.
Azərbaycan Texniki Universitetindən (AzTU) “Report”un sorğusuna cavab olaraq bildirilib ki, hazırda Fransa və Almaniya reytinq şirkətləri ilə əməkdaşlıqları var:
“Mütəmadi olaraq bu şirkətlərin yayım vasitələrində AzTU-nun reytinqi göstərilir. “Quacquarelli Symonds Koncalting” şirkəti ilə əməkdaşlığa gəlincə, qeyd etmək istərdim ki, hər universitetin əməkdaşlıqda maraqlı olduğu şirkətlər var. “Quacquarelli Symonds Koncalting” şirkəti ilə hazırda əməkdaşlığımız yoxdu. Lakin bu məsələ AzTU-nun rektor əvəzi Xalıq Yahudovla Böyük Britaniyanın ölkəmizdəki səfiri arasında keçirilən görüşdə müzakirə olunub. Şirkətlə əməkdaşlığın səmərəliliyi araşdırılır”.
Azərbaycan Dillər Universitetindən (ADU) sorğuya cavab olaraq qeyd olunub ki, ADU keçən il üçün həmin şirkətin siyasında yer alıb.
Universitetdən o da bildirilib ki, bu ilin siyahısından məlumatlı deyillər və siyahının şirkət tərəfindən tərtib olunduğunu əlavə ediblər.
Bakı Dövlət Universitetindən (BDU) isə deyilib ki, ali təhsil müəssisəsi artıq bir neçə ildir anoloji şəkildə bu reytinqdə yer alıb: “Reytinqin tərtib olunmasında bir neçə meyar – akademik aləmdən olan ekspertlərin rəyi, professor-müəllim heyətinin tələbələrin sayına nisbəti, işəgötürənlər arasında reputasiyası, sitat gətirilmə indeksi, həmçinin xarici müəllim və tələbələrin payı nəzərə alınır. BDU dövlət universitetləri arasında bu reytinqə düşən yeganə təhsil müəssisəsidir”.
Digər ali təhsil müəssisələrindən sorğuya münasibət bildirilməyib.