Bəzi qanunsuz tikilmiş evlər tanına bilər

“Neft Şirkəti ev sökmür, bu barədə məhkəmə qərarları var”

Source:


“Neft Şirkəti ev sökmür, bu barədə məhkəmə qərarları var”

“Dövlət Neft Şirkəti evlərin söküntüsü ilə bağlı qərar vermir. Bu qərarı məhkəmə verir və icraata da məhkəmə nəzarət edir. Neft Şirkətinin vəzifəsi ərazisində ev tikən sakinləri məhkəməyə vermək və qanunsuzluğun aradan qaldırılması üçün hüquqi addımlar atmaqdır. Məhkəmə də qanunsuz tikililərin sökülməsinə qərar verib. Lakin bir qurum kimi vətəndaşları düşünüb söküntü işlərinə təzyiq etmirik. Bu, qeyri-müəyyən vaxta kimi belə olacaq. Təkcə Binəqədi rayonunda 35 min sökülməli olan tikili var. Bu insanları necə evindən etmək olar?”

Bu sözləri Dövlət Neft Şirkətinin (ARDNŞ) Hüquq İdarəsinin rəis müavini Tərlan Tahirov deyib.

Qurumun hüquqi mübahisələr və müqavilələrlə iş şöbəsinin rəisi Comərd Mustafayev isə deyib ki, Binəqədi rayonu üzrə 9392 evin sökülməsi ilə bağlı məhkəməyə müraciət edilib: “Hazırda məhkəmə 4172 müraciətlə bağlı qətnamə çıxarıb.  Bundan əlavə, 10 minə yaxın evin sökülməsi ilə bağlı da müraciət olunacaq”.

“Turan” İA-nin məlumatına görə, C.Mustafayev Bakı və Bakıətrafı digər rayonlardakı qanunsuz tikililərlə bağlı da danışıb: “Səbail rayonu ərazisində 2 min evin sökülməsi ilə bağlı məhkəmə qətnaməsi var. Sabunçu rayonunda 6321 evin sökülməsi ilə bağlı müraciət olunub və 4500-ə qədər evin sökülməsi barədə qətnamə var. Xətai rayonunda 444, Nizami rayonunda179 evlə bağlı müraciət olunub, 141 evə dair məhkəmə qətnamə qəbul edib. Xəzər və Qaradağ rayonlarında isə 1500-ə yaxın evin sökülməsi barədə qətnamə çıxarılıb”.

ARDNŞ Hüquq İdarəsinin rəisi Eldar Orucov deyib ki, ARDNŞ ev sökmür, bu barədə məhkəmə qərarları var.

E.Orucov həmçinin deyib ki, bəzi tikililər tanına bilər: “Tikililərin sayının artmaması şərtilə proses leqallaşa bilər. Mədən ərazilərində bəzi tikililər var ki, onlara hüquqi status verilə bilər. Lakin tikililərin sayının artmaması və mülkiyyət hüququ verilməməsi şərtilə bu proses reallaşa bilər. Çünki bu ərazilərdə tikililər sökülsə belə, orada quyuların istismarı sərf etmir. Bu səbəbdən layihə üzərində iş gedir. Layihə gerçəkləşərsə, ARDNŞ-nin nəzdində olan bəzi qanunsuz tikililər tanınacaq. Amma bəzi ərazilər var ki, orada quyuları belə təmir edə bilmirik. Layihə bu ərazilərə şamil olunmayacaq”.

O, zəbt olunmuş torpaqlarla bağlı sakinlərin Neft Şirkətini məhkəməyə verməsini düzgün saymır: “Sakinlər Neft Şirkətini yox, bələdiyyələri məhkəməyə verməlidir. Şirkətin nəzdində olan torpaqlarda tikinti aparan sakinlər bizi məhkəməyə verirlər. Onlarda belə bir fikir formalaşıb ki, məhkəmə yolu ilə ARDNŞ kompensasiya ödəyəcək. Bələdiyyələr isə məhkəməyə verilmir”.

Ana səhifəXəbərlərBəzi qanunsuz tikilmiş evlər tanına bilər