”Sahibkarlıq fəaliyyəti haqqında” qanuna dəyişiklik edildi
“İcra başçıları sahibkarlardan tikinti materialları və sair alırlar, amma sonra pulunu ödəmirlər. Belə olan halda isə sahibkarlar pis vəziyyətdə qalırlar. Çox təəssüflər olsun ki, bu barədə bizə müraciətlər daxil olur”.
Bunu Milli Məclisin iclasında “Sahibkarlıq fəaliyyəti haqqında” qanuna dəyişiklik layihəsinin müzakirəsi zamanı deputat Qüdrət Həsənquliyev deyib.
O bildirib ki, bəzi icra başçılarının sahibkarları incitməsi barədə müraciətlərlə bağlı icra başçılarına zəng edən zaman isə telefonlara cavab vermirlər:
“Bu yaxınlarda bir iş adamı müraciət edib. Həmin şəxs “Zaminbank” vasitəsilə Sahibkarlığa Yardım Fondundan kredit alıb. Sonradan isə Sahibkarlığa Yardım Fondunun təklifi ilə ödəmədiyi pulun hissəsini tam məbləğdə fonda ödəyib. Sahibkarlığa Yardım Fondu da arayış verib ki, bu adam pulu tam şəkildə ödəyib. İndi isə müvafiq qurumlar bu adama arayış vermirlər ki, gedib əmlakını girovdan çıxarsın. Həmin adam da məcbur olub məhkəməyə verib.
Yenə də Əmanətlərin Sığortalanması Fondu məhkəmənin qərarını icra etmir. Bu, bir nümunədir. Bunu sadəcə misal kimi deyirəm, yüzlərlə belə faktlar mövcuddur. Vəzifəli şəxslər tərəfindən məhkəmə qərarları da icra olunmur. Bəzi şəxslərin vəzifələri böyüdülüb, amma vərdişləri dəyişməyib. Yenə də sahibkarları incidirlər. Qanunun aliliyinin təmin olunması istiqamətində ciddi addımlar atılmalıdır. Yoxsa yenə də sahibkarlar incidiləcək, vəzifəli şəxslər tərəfindən məhkəmə qərarları icra olunmayacaq”.
“Sahibkarlıq fəaliyyəti haqqında” qanuna edilən dəyişikliyə əsasən Azərbaycanda sahibkarlıq subyektlərinin meyarlarına görə bölgüsü aparılacaq. Yeni maddəyə görə, sahibkarlıq subyektləri mikro, kiçik, orta və iri sahibkarlıq subyektlərinə bölünür.
Mikro, kiçik, orta və iri sahibkarlıq subyektlərinin bölgüsü meyarları müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. Sahibkarlığın tənzimlənməsi tədbirləri çərçivəsində mikro, kiçik və orta sahibkarlıq subyektlərinə yönəldilən dövlət dəstəyi və güzəştlər bu maddədə nəzərdə tutulmuş meyarlar əsasında aparılır.
Layihə səsə qoyularaq qəbul edilib.