“Mülkiyyət hüququnun pozulması ilə bağlı Ombudsmana 1 996 müraciət daxil olub”.
APA-nın xəbərinə görə, bu haqda Ombudsmanın illik hesabatında bildirilir.
Qeyd olunur ki, 2015-ci ilin fevral və dekabr aylarında milli valyutanın dönərliliyinin zəifləməsi nəticəsində banklardan ABŞ dolları ilə kredit götürmüş və ödəmə imkanı olmayan vətəndaşlar tərəfindən ünvanlanmış şikayətlər xüsusi narahatlıq doğurub: “Bəzi şikayətlərdə vətəndaşların banklardan aldıqları kreditlərin müvafiq müqavilədə ABŞ dolları ilə göstərilməsinə baxmayaraq, onlara nağd şəkildə Azərbaycan manatı ilə verilməsi, ABŞ dolları ilə aldıqları kredit üzrə ödənişlərin kredit müqaviləsinin bağlanıldığı tarixə olan məzənnə ilə aparılmasında köməklik göstərilməsi ilə bağlı olub. Ümumiyyətlə, qeyd edilməlidir ki, bir sıra bankların yüksək mənfəət əldə etmək siyasətini rəhbər tutaraq, nəinki kiçik, hətta böyük məbləğlərdə kreditləri vətəndaşlara sadə qaydada verməsi, bəzi hallarda zamin və ya girov tələb etməməsi, nəinki kredit almaq həvəsinə düşən və onun nəticələrinin məsuliyyətini dərk etməyən insanları, onların ailələrinin də çıxılmaz vəziyyətlə üzləşməsinə şərait yaradıb. Nəticədə bir sıra ailələr yeganə yaşayış yerindən və əmlakından məhrum olub, bəzən dağılıb və ya ən müxtəlif maddi-mənəvi sarsıntılarla üzləşib”.
“Vicdan, dini etiqad və əqidə azadlığının təmin edilməsini diqqətdə saxlayan İnsan Haqları üzrə Müvəkkilin ünvanına bununla bağlı 16 müraciət daxil olub, pozulmuş hüquqların bərpası məqsədilə araşdırmalar aparılıb”.
Hesabatda qeyd olunub ki, Baş Prokurorluğun rəsmi məlumatına əsasən, respublikada ictimai-siyasi sabitliyi pozmağı, təxribatlar, kütləvi iğtişaşlar, terrorçuluq aktları törətməyi planlaşdıran və din pərdəsi altında fəaliyyət göstərən silahlı cinayətkar dəstə dövlətin konstitusiya quruluşunun zorla dəyişdirilməsi, şəriət qanunları ilə idarə edilən dini dövlət qurulması məqsədilə “Müsəlman Birliyi” adlı hərəkat yaradıb: “Bakı şəhərindən və respublikanın digər bölgələrindən özlərinə tərəfdarlar toplayıb, onları müxtəlif növ odlu silah, döyüş sursatı, partlayıcı maddə və qurğularla təchiz edərək cinayətkar dəstə təşkil edib. Paytaxtın Nardaran qəsəbəsində qanunsuz yığıncaqlar keçirərək respublikanın əhalisini hakimiyyətə qarşı qaldırmağın yollarını müzakirə edib, bununla bağlı tərəfdarlarına göstərişlər verib və əhaliyə çağırış vərəqələri paylayıb. Nardaran hadisələri zamanı uşaqlardan dini məqsədlər üçün istifadə olunması, onların təhsildən yayınması halları baş verib ki, bu da ciddi narahatlıq doğurur. İstər qanuna, istərsə də vicdan və əqidə azadlığı prinsiplərinə, ümumilikdə insan hüquqlarına tamamilə zidd olan belə fəaliyyəti Müvəkkil qətiyyətlə pisləyir, bundan sonra da belə hərəkətlərin qarşısının alınmasını vacib hesab edir”.