Bəzən xoruz banlamasa, səhər açılmır

Əvvəlcə baxaq, görək, bu xoruz – Avropa Şurası kimdir.

Source:

Səməd Seyidov Azərbaycanın Avropa Şurasından çıxarılma ehtimalına cavab olaraq, deyib ki, “Xoruz banlamırdı, səhər açılmırdı?!” Sualı ritorik versə də, əslində bu, sual cümləsi olmalıdır. Çünki bu məsəlin ifadə etdiyi sualın cavabları müxtəlif vəziyyətlərdə fərqlidir. Məhz bu situasiyada cavab “Yox”-dur. Bəli, xoruz banlamır deyə, səhər açılmır.

Əvvəlcə baxaq, görək, bu xoruz – Avropa Şurası kimdir. Avropa Şurası 1949-cu ildə yaradılmış, məqsədi Avropada insan hüquqlarının, demokratiyanın və hüququn aliliyini qorunması olan, 47 üzv dövlətdən ibarət təşkilatdır. Bu dövlətlərin cəmi 820 milyon nəfər əhalisi var.

Dünyada bir neçə belə regional təşkilat var, amma Avropa Şurası unikaldır. Çünki onun təşkilatdaxili razılaşmaları, müqavilələri icra etməyə məcbur etmək mexanizmi var. Bu razılaşmalardan biri də hər bir üzv dövlətin təşkilata daxil olarkən, Avropa İnsan Hüquqları Məhkəməsi (AİHM) ilə bağlı üzərlərinə götürdükləri öhdəlikdir. Bu məhkəmənin qərarlarının icrası məcburidir. İnsan hüquqları məhkəmələri və komissiyaları Afrikada, Amerikada da regional səviyyədə var. Amma heç birinin AİHM qədər səlahiyyəti yoxdur. AİHM-ə obrazlı şəkildə “öz uğurunun qurbanı” deyirlər. Çünki onun qərarlarının icrası məcburi olduğundan Avropa Şurası, onun Nazirlər Komitəsi bu qərarların icrasına nəzarət edir, nəticədə əksər qərarlar icra olunur. Buna görə də məhkəməyə müraciətlər sürətlə artıb, xüsusən də, 1998-ci ildə qəbul edilmiş Protokolla məhkəmə daimi əsaslarla fəaliyyət göstərməyə və fərdi müraciətlərin qeydə alınmağa başlanmasından sonra. Nəticədə məhkəməyə müraciət sayı yüz minlərlə hesablanır.

Daha çox Türkiyə, İtaliya və Rusiyadan müraciətlər edilsə də, Azərbaycandan da çoxlu müraciətlər olur və çıxarılan qərarlar, əsasən, cərimələr hissəsində icra olunur. Amma məhkəmənin dövlətin üzərinə qoyduğu öhdəlik yalnız cərimədən ibarət olmaya bilər, məsələn, İlqar Məmmədovun azadlığının tələb edilməsi qeyri-cərimə öhdəliklərindəndir.

AİHM və digər institutları ilə birgə Avropa Şurası insan hüquq və azadlıqlarının təmin olunmasında, demokratiyanın genişlənməsində, hüququn aliliyinin tətbiq olunmasında əhəmiyyətli rol oynayır. Düzdür, Şuranın Parlament Assambleyasındakı (AŞPA) deputatların bir qismi korrupsiyaya meylli olduğundan Azərbaycan hakimiyyəti kimi rejimlər onları pulla ələ ala və bəzən istədikləri qərarı çıxartdıra bilirlər. Buna baxmayaraq, Avropa Şurası Avropa dəyərlərinin yayılmasında mühüm rol oynayır. İndiyə kimi Qərbin hərbi, iqtisadi, siyasi və sair müdaxiləsi olmadan heç bir xalq demokratikləşə, istibdaddan, tiraniyadan xilas ola bilməyib. Yaponiya, Cənubi Koreya, Türkiyə və s. – bütün demokratik (və ya vaxtilə demokratik olmuş) şərq dövlətləri məhz Qərbin müdaxiləsi ilə buna nail olublar. Demokratiyadan geri çəkilib tiraniyaya meyllənmələri də məhz Qərbdən uzaqlaşmaları ilə düz mütənasibdir.

Hazırda Qərbdən uzaqlaşanların yaxınlaşdığı bir neçə ünvan var – Rusiya, islam ekstremizmi, Çin və s. Bunların təsiri altında olan bütün ölkələrdə kütləvi şəkildə insan hüquqları pozulur, iqtisadiyyat ya mineral ehtiyatlardan tam asılı vəziyyətdədir, ya da yoxsulluq 50%-dən çoxdur (ya da bizdəki kimi ikisi birindədir), korrupsiya tüğyan edir, insanlar etiraz edə, ən adi hüquqlarını reallaşdıra bilmirlər. Qərbdən, Avropadan, Avropa Şurasından uzaqlaşmağın nəticəsi yalnız bu bədbəxt toplumlara yaxınlaşmaqdır. Biz Avropa Şurasının üzvü olsaq da, sadaladığım bədbəxlikləri özündə birləşdirən bir toplumuq. Çünki Avropanı da insanlar idarə edir, qüsurlu hərəkətləri də çox olur, amma bizim yeganə xilasımız yenə Qərbdir. Çünki Avropa dəyərləri alternativi olmayan sistemdir, seçim deyil, məcburiyyət olmalıdır. Ya Avropa dəyərlərini seçəcəyik, ya da məhv olub-gedəcəyik.

Bəli, bu məsələdə həmişə xoruz banlayanda səhər açılıb. Səməd Seyidovun özünün təmsil olunduğu hakimiyyət kimi rejimlər imkan vermir ki, xalqlar özləri azad olsunlar, demokratik, ədalətli cəmiyyət qursunlar. Biz 26 ildir, müstəqilik, amma hələ də həmin səhəri aça bilməmişik. Xoruza da pul verib ələ alırıq ki, bizim barəmizdə banlamasın.

Ana səhifəMənim FikrimcəBəzən xoruz banlamasa, səhər açılmır