“İttiham aktında çoxlu qüsurlar var”
Fevralın 8-də Bakı Ağır Cinayətlər Məhkəməsində Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin keçmiş Aparat rəhbəri Vidadi Zeynalov, “Aztelekom” MMC-nin sabiq baş direktoru Məhəmməd Məmmədov, “Bakı Telefon Rabitəsi” İstehsalat Birliyinin sabiq rəhbəri Beytulla Hüseynov, “Bakı Telefon Rabitəsi” İstehsalat Birliyinin sabiq baş mühasibi Anar Mustafayev, “AzİnTelekom” MMC-nin sabiq baş direktoru Cəlil Cəfərov, “Azərpoçt” MMC-nin sabiq baş direktoru Qəmbər Bəybalayev, “Optik Rabitə, Tikinti və Quraşdırma” MMC-nin baş mühasibi Səhrab Hümbətov, “Rabitə Mülki Tikinti” MMC-nin direktoru Emin Məmmədov, “Aztelekom” MMC-nin baş mühasibi Oqtay Rüstəmov, “Təmir Təchizat Servis” MMC-nin direktoru Bayram Vəliiyev və “Optik Qurğular” İdarəsinin sabiq rəisi Namazalı Məmmədovun cinayət işi üzrə məhkəmə prosesi davam edib.
Meydan TV-nin məlumatına görə, hakim Əfqan Hacıyevin sədrlik etdiyi prosesdə Vergilər Nazirliyinin nümayəndəsi Nail Xəlilov da iştirak edib. O, nazirlik tərəfindən təqsirləndirilən şəxslərə qarşı qaldırılan mülki iddiadan imtina etdiyini bildirib.
Nail Xəlilovun sözlərinə görə, “Rabitə Mülki Tikinti” MMC və “Təmir Təchizat Servisin vergi borcları yoxdur.
Daha sonra şahid qismində ifadə verən Vaqif Hacıyev bildirib ki, iki özəl MMC-si olub və tenderləri udandan sonra pul vəsaitini təqsirləndirilən Oktay Rüstəmova verib.
Oktay Rüstəmov ondan pul almadığını deyib:
“İndi şahid burada deyir. Mən ad çəkmək istəmirəm. Bu şahidi 2007-ci ildən tanıyıram. Pulu kimə veribsə, desin”.
Vidadi Zeynalov isə deyib ki, həmin şəxs nazirin göstərişi ilə tenderlerdə iştirak edib:
“Əziyyət çəkib, danışa bilmir”.
Daha sonra hakim bildirib ki, bir neçə şahidlə bağlı məhkəməyə ərizə daxil olub. Həmin ərizədən məlum olub ki, şahidlərdən biri ölkədən qaçıb, buna səbəb həyat yoldaşı ilə boşanması və aliment ödəməməsidir. Digər şahidlərdən biri vəfat edib, bir neçəsi isə xəstələnib və bu səbəbdən prosesə gələ bilmirlər.
Vidadi Zeynalov deyib ki, prosesdə daha ciddi məsələləri araşdırmaq lazımdır:
“İttiham aktında çoxlu qüsürlar var, həmin qüsurlu məsələləri araşdırmaq lazımdır”.
Hakim isə Vidadi Zeynalova ifadə verməyi təklif edib. Vidadi Zeynalov isə bildirib ki, işdə olan maliyyə məsələləri araşdırılandan sonra ifadə verəcək:
“Mən istəyirəm ki, maliyyə məsələləri ilə bağlı ekspertlər burada dindirilsin, sonra mən ifadə verəcəm”.
Sonra Beytulla Hüseynov vəkilinin suallarını cavablandırıb. Beytulla Hüseynov bildirib ki, işlərin görülməsi üçün nazirin razılığı olub.
Digər təqsirləndirilən Bayram Vəliyev bildirib ki, tenderlərdə iştirak etmək üçün rəsmi icazəsi olub. O qeyd edib ki, nəzərdə tutulan işlərin hamısı görülüb.
Beytulla Hüseynovun vəkili təqsirləndirilən Bayram Vəliyevə görülən işlərdə qiymətlərin şişirdilməsi ilə bağlı suallar verib. Bayram Vəliyev qiymətlərin şişirdilməsi ilə bağlı sualları cavablandırmaqdan imtina edib.
Proses fevralın 15-də davam edəcək.
Həyata keçirilmiş istintaq-əməliyyat tədbirləri ilə Bakı Telefon Rabitəsi İstehsalat Birliyinin baş direktoru Beytulla Hüseynovun 2009-2015-ci illərdə arvadının təsisçisi olduğu “Bakı Rabitə Təmir Tikinti” və “Təmir Təchizat Servis” MMC-lərinin direktoru Bayram Vəliyev, yaxın münasibətlərdə olduğu “3 nömrəli Rabitə Təmir Tikinti”, “Rabitə Mülki Tikinti” MMC-lərinin direktoru Emin Məmmədov və birliyin baş mühasibi Anar Mustafayevlə qabaqcadan əlbir olub yeni rabitə xətlərinin çəkilməsi, binaların, qurğuların təmiri-tikintisi və sair işlərin yerinə yetirilməsi üçün onların hesablaşma hesablarına köçürüləcək pul vəsaitlərinin işlərin həcmindən asılı olaraq 35-45% həcmində hissəsinin nağdlaşdırılaraq B. Hüseynovun özünə verilməsi barədə razılığa gəliblər. B. Hüseynov tabeliyində olan qovşaqların formal olaraq keçirdikləri tenderlərdə vəzifə saxtakarlığı ilə həmin məhdud məsuliyyətli cəmiyyətlərin qalib elan olunaraq müqavilələr bağlanmaqla və faktiki işlərin tam icra olunmadığı halda, o cümlədən internet xidmətinin təmin edilməsi üçün fiber-optik kabel xətlərinin çəkilişi zamanı işlərin faktiki olaraq telefon qovşaqları tərəfindən aparıldığı halda guya həmin işlərin faktiki özünə məxsus olan müəssisələr tərəfindən görülməsi və işlərin həcminin artırılması barədə saxta sənədlərin tərtib edilməsi yolu ilə adıçəkilən MMC-lərin hesabına köçürülmüş ümumilikdə 71 milyon 263 min manat məbləğində vəsaitin 21 milyon 379 min manatını mənimsəməklə dövlətin qanunla qorunan mənafelərinə ağır nəticələrə səbəb olan zərər vurmalarında şübhələr üçün əsaslar müəyyən edilib.
Bununla yanaşı, nazirliyin Aparat rəhbəri Vidadi Zeynalov qulluq mövqeyindən sui-istifadə edərək nazirliyin strukturuna daxil olan ayrı-ayrı qurumların vəzifəli şəxsləri ilə qabaqcadan razılaşmaqla həmin strukturlar tərəfindən işlərin görülmədiyi, tam yerinə yetirilmədiyi, avadanlıqlar alınmadığı, istifadə olunan avadanlıqların, xidmətlərin qiymətlərinin isə 4-5 qat şişirdilməsi və digər üsullarla işlərin və xidmətlərin guya yerinə yetirilməsini özlərinin himayə etdikləri, yaxın münasibətdə olduqları şəxslərin adına olan özəl şirkətlər tərəfindən saxta sənədlər əsasında rəsmiləşdirməsini təmin etməklə müvafiq müəssisələrin ayrı-ayrı banklardakı hesabına köçürülmüş 73 milyon 590 min manat vəsaitin nağdlaşdırılmaqla mənimsənilməsini və israf edilməsini təşkil etməsində şübhələr üçün əsaslar müəyyən edilib.
Cinayət işi üzrə nazirliyin strukturuna daxil olan “Aztelekom” MMC, “AzİnTelekom” MMC, “Azərpoçt” MMC, Məlumat Hesablama Mərkəzi və özəl şirkət “Optik Rabitə Tikinti və Quraşdırma” MMC-nin fəaliyyətində də mənimsəmə və israf etmə, vəzifə səlahiyyətlərindən sui-istifadə və vəzifə saxtakarlığı faktları müəyyənləşib.
İş üzrə Beytulla Hüseynov, Anar Mustafayev, Emin Məmmədov, Bayram Vəliyevə və “Aztelekom” MMC-nin baş mühasibi Oktay Rüstəmova Cinayət Məcəlləsinin 179.3.2 (külli miqdarda mənimsəmə), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı), Vidadi Zeynalova, həmçinin “AzİnTelekom” MMC-nin baş direktoru Cəlil Cəfərova, “Azərpoçt” MMC-nin baş direktoru Qəmbər Bəybalayevə və “Optik Rabitə, Tikinti və Quraşdırma” MMC-nin direktoru Namazalı Məmmədova həmin məcəllənin 179.3.2 və 308.2-ci, MMC-nin baş mühasibi Səhrab Hümbətova isə 179.3.2, 308.2 və 313-cü maddələrdə nəzərdə tutulan ittiham elan edilməklə barələrində məhkəmənin müvafiq qərarları ilə həbs qətimkan tədbiri seçilib.