Beytulla Hüseynov: 2 milyon 800 min manat mənimsəmişəm

Təqsirləndirilənlərin zaldakı qohumları da jurnalistlərin ünvanına təhqirlər səsləndiriblər

Source:
Видади Зейналов
Видади Зейналов

“İttiham aktındakı rəqəmlər şişirdilib. Mən icraçı adamam və bu vəzifəyə də pillə-pillə gəlmişəm”.

Bu sözləri məhkəmə prosesində təqsirləndirilən şəxslərdən biri, sabiq MTN naziri Eldar Mahmudovun qohumu, BTRİB-nin rəisi olmuş Beytulla Hüseynov deyib.

Vəkil jurnalistlərə hücum etdi

Noyabrın 28-də Bakı Ağır Cinayətlər Məhkəməsində Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin sabiq Aparat rəhbəri Vidadi Zeynalov və digərlərinin məhkəməsi keçirilib.

MeydanTV-nin məlumatına görə, iclasa hakim Əfqan Hacıyev sədrlik edib.

İclas başlamamışdan əvvəl Vidadi Zeynalovun vəkili Elxan Süleymanov jurnalistlərə hücum çəkərək onları təhqir edib. Vəkil istintaq materiallarını dərc edən KİV nümayəndələrini “əxlaqsız”, “şərəfsiz” adlandırıb. Bu isə jurnalistlərin etirazına səbəb olub. Buna görə tərəflər arasında qarşıdurma yaşanıb. V. Zeynalov və digərlərinin zalda qohumları isə jurnalistlərə “Bir zamanlar kabinetdə pul dilənənlər indi əleylərinə yazırlar” – deyiblər.

Jurnalistlər Elxan Süleymanovdan Vəkillər Kollegiyasına şikayət edəcəklərini bildiriblər.

“Bütün şəhid ailələrinə, əlillərə pulsuz telefon çəkmişdik”

Daha sonra iclas başlayıb. Prokuror Fərid Nağıyev ötən iclasdan yarımçıq qalan ittiham aktını oxuyub.

Prosesdə ittihama münasibət bildirən Cəlil Cəfərov, Qəmbər Bəybalayev və Səhrab Hümbətov özlərini təqsirli bilmədiklərini deyiblər.

Beytulla Hüseynov, foto: sosial şəbəkə

Özünü qismən təqsirli bilən Beytulla Hüseynov isə ifadəsində Qarabağ müharibəsi veteranı olduğunu deyib. O, ittiham aktının doğru yazılmadığını deyib:

“Nazirliklə razılaşdırmışdıq ki, gəlirlərin 80 faizi nazirliyə verilsin, 20 faizi bizə qalsın. Keçmiş nazir Əli Abbasov da bununla bağlı ifadə verib. Bizdə qalan vəsaitin 6 faizi isə qovşaqlara verilib. 4 faizini isə paket kimi vermişik.

Bütün şəhid ailələrinə, əlillərə pulsuz telefon çəkmişdik. Buna da vəsait xərclənib. Şüvəlandakı kimsəsizlər evinə ildə dörd dəfə yardım aparırdıq.

Avropa oyunları zamanı bizə xüsusi tapşırıq verilmişdi. Sifarişçi “Azəryolservis” ASC idi. Biz işləri uğurla yerinə yetirdik, lakin ödəniləcək vəsaitin 4 milyon 600 min manatını hələ də ala bilməmişik”.

Daha sonra o, prokuror Fərid Nağıyevin sualların cavablandırıb. Bildirib ki, rəhbərliyə 10 milyon yox, 22-24 milyon pul verib. Prokuror ondan konkret ad çəkməsini istəyib. Lakin o, ad çəkməyib.

“2 milyon 800 min manat mənimsəmişəm, onu da tezliklə ödəyəcəm” – B.Hüseynov deyib.

Proses noyabrın 30-da davam edəcək.

İttihama görə, Vidadi Zeynalov da daxil olmaqla, məhkəmə qarşısına çıxarılan 11 nəfər ümumilikdə 153 milyon 143 min manatlıq mənimsəmə və israf etmədə suçlanır.

517 cildlik cinayət işinin materiallarında yazılıb ki, nazirliyin tabeliyində olan strukturların təmir-tikintisinə, avadanlıqların alınmasına sərf olunmuş məbləğlər şişirdilib, tenderlər formal keçirilib, layihələrin icrası rəhbərliyə yaxın şirkətlərə həvalə olunub.


***


Təqsirləndirilənlərin zaldakı qohumları da jurnalistlərin ünvanına təhqirlər səsləndiriblər

Noyabrın 28-də Bakı Ağır Cinayətlər Məhkəməsində Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin sabiq Aparat rəhbəri Vidadi Zeynalov və digərlərinin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilir.

APA-nın məlumatına görə, hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən iclas başlamazdan əvvəl zala daxil olan Vidadi Zeynalovun vəkili Elxan Süleymanov jurnalistlərə hücum çəkib. O, istintaq materiallarını dərc edən KİV nümayəndələrini “əxlaqsız”, “şərəfsiz” sözləri ilə təhqir edib. Buna görə onunla jurnalistlər arasında qarşıdurma yaşanıb. V. Zeynalovun və digərlərinin zaldakı qohumları da jurnalistlərin ünvanına təhqirlər səsləndiriblər.

Bakı Telefon Rabitəsi İstehsalat Birliyinin baş direktoru Beytulla Hüseynovun 2009-2015-ci illərdə arvadının təsisçisi olduğu “Bakı Rabitə Təmir Tikinti” və “Təmir Təchizat Servis” MMC-lərinin direktoru Bayram Vəliyev, yaxın münasibətlərdə olduğu “3 nömrəli Rabitə Təmir Tikinti”, “Rabitə Mülki Tikinti” MMC-lərinin direktoru Emin Məmmədov və birliyin baş mühasibi Anar Mustafayevlə qabaqcadan əlbir olub yeni rabitə xətlərinin çəkilməsi, binaların, qurğuların təmiri-tikintisi və sair işlərin yerinə yetirilməsi üçün onların hesablaşma hesablarına köçürüləcək pul vəsaitlərinin işlərin həcmindən asılı olaraq 35-45% həcmində hissəsinin nağdlaşdırılaraq B. Hüseynovun özünə verilməsi barədə razılığa gəliblər. B. Hüseynov tabeliyində olan qovşaqların formal olaraq keçirdikləri tenderlərdə vəzifə saxtakarlığı ilə həmin məhdud məsuliyyətli cəmiyyətlərin qalib elan olunaraq müqavilələr bağlanmaqla və faktiki işlərin tam icra olunmadığı halda, o cümlədən internet xidmətinin təmin edilməsi üçün fiber-optik kabel xətlərinin çəkilişi zamanı işlərin faktiki olaraq telefon qovşaqları tərəfindən aparıldığı halda guya həmin işlərin faktiki özünə məxsus olan müəssisələr tərəfindən görülməsi və işlərin həcminin artırılması barədə saxta sənədlərin tərtib edilməsi yolu ilə adıçəkilən MMC-lərin hesabına köçürülmüş ümumilikdə 71 milyon 263 min manat məbləğində vəsaitin 21 milyon 379 min manatını mənimsəməklə dövlətin qanunla qorunan mənafelərinə ağır nəticələrə səbəb olan zərər vurmalarında şübhələr üçün əsaslar müəyyənləşib.

Nazirliyin Aparat rəhbəri Vidadi Zeynalov qulluq mövqeyindən sui-istifadə edərək nazirliyin strukturuna daxil olan ayrı-ayrı qurumların vəzifəli şəxsləri ilə qabaqcadan razılaşmaqla həmin strukturlar tərəfindən işlərin görülmədiyi, tam yerinə yetirilmədiyi, avadanlıqlar alınmadığı, istifadə olunan avadanlıqların, xidmətlərin qiymətlərinin isə 4-5 qat şişirdilməsi və digər üsullarla işlərin və xidmətlərin guya yerinə yetirilməsini özlərinin himayə etdikləri, yaxın münasibətdə olduqları şəxslərin adına olan özəl şirkətlər tərəfindən saxta sənədlər əsasında rəsmiləşdirməsini təmin etməklə müvafiq müəssisələrin ayrı-ayrı banklardakı hesabına köçürülmüş 73 milyon 590 min manat vəsaitin nağdlaşdırılmaqla mənimsənilməsini və israf edilməsini təşkil etməsində şübhələr üçün əsaslar müəyyənləşib.

Cinayət işi üzrə nazirliyin strukturuna daxil olan “Aztelekom” MMC, “AzİnTelekom” MMC, “Azərpoçt” MMC, Məlumat Hesablama Mərkəzi və özəl şirkət “Optik Rabitə Tikinti və Quraşdırma” MMC-nin fəaliyyətində də mənimsəmə və israf etmə, vəzifə səlahiyyətlərindən sui-istifadə və vəzifə saxtakarlığı faktları müəyyənləşib.

İş üzrə Beytulla Hüseynov, Anar Mustafayev, Emin Məmmədov, Bayram Vəliyevə və “Aztelekom” MMC-nin baş mühasibi Oktay Rüstəmova Cinayət Məcəlləsinin 179.3.2 (külli miqdarda mənimsəmə), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı), Vidadi Zeynalova, həmçinin “AzİnTelekom” MMC-nin baş direktoru Cəlil Cəfərova, “Azərpoçt” MMC-nin baş direktoru Qəmbər Bəybalayevə və “Optik Rabitə, Tikinti və Quraşdırma” MMC-nin direktoru Namazalı Məmmədova həmin məcəllənin 179.3.2 və 308.2-ci, MMC-nin baş mühasibi Səhrab Hümbətova isə 179.3.2, 308.2 və 313-cü maddələrdə nəzərdə tutulan ittiham elan edilməklə barələrində məhkəmənin müvafiq qərarları ilə həbs qətimkan tədbiri seçilib.

Ana səhifəXəbərlərBeytulla Hüseynov: 2 milyon 800 min manat mənimsəmişəm