Mənbə: Reuters

Beyrutda partlamış ammonium nitrat Gürcüstanda istehsal olunub

“Novaya qazeta”nın materialları əsasında

Yüzdən çox ölü, bir çoxu ağır vəziyyətdə olan 4000-dən çox yaralı, yüzlərlə itkin düşmüş insan – bütün bunlar avqustun 4-də Beyrutda dəhşətli partlayışın nəticələridir. Partlayış o qədər güclü olub ki, onu hətta 200 kilometr aralıda yerləşən Kiprdə eşidiblər.

Beyrutun meri Marvan Abud elan edib ki, partlayışın miqyası Xirosimanı belə geridə qoyub. Rixter şkalası üzrə 5,2-yə qarşı 4,5.

“Beyrutun 300 minə yaxın sakini evsiz qalıb”, – o, mətbuat konfransı zamanı deyib.

Faciəli partlayışın nəticələri barədə məruzə edən mer ağlayıb.

Partlayışın mərkəzi Beyrut limanında 12 saylı anqar olub. Rəsmi versiyaya görə, orda təhlükəli partlayış maddəsi sayılan 2.7 ton ammonium nitrat saxlanılıb. Yenə rəsmi versiyaya görə, anqarda keçirilən qaynaq işləri partlayışa səbəb olub.

Faciənin əsas sualı: belə bir şey, ümumiyyətlə, necə baş verə bilərdi? Niyə şəhərin mərkəzində minlərlə ton partlayıcı maddə saxlanılıb?

Partlayan ammonium nitratı (ammonyak selitrası) Livana 2013-cü ildə Rhosus adlı gəmi gətirib. Moldova bayrağı altında üzən bu gəmi Batumidən (Gürcüstan) Mozambikə istiqamət alıb, lakin Beyrut limanında dayanıb və liman vergisi ödəmədiyinə görə orda həbs olunub. Gəminin sahibi, rusiyalı İqor Qreçuşkin gəmini heyəti ilə birgə taleyin ümidinə buraxıb.

2014-cü ildə ammonyak selitrasını məhkəmənin qərarı ilə anqara yükləyiblər, dənizçiləri isə buraxıblar. Selitra bütün bu müddət ərzində məhv edilməsi barədə göstərişə rəğmən 12 saylı anqarda qalıb.

Rusiyanın müstəqil “Novaya qazeta” dərcinin ixtiyarında Livan gömrüyünün direktoru Badri Daxerin 2014-cü ildə liman müdiriyyətinə göndəridyi məktubu var. Həmin məktubda o, ammonium nitratın təhlükəli olması barədə xəbərdarlıq edərək, onun yox edilməsi barədə xahiş edir.

“Novaya qazeta” həmçinin öz mənbələrinə istinadən yazır ki, selitranın güclü partlayışını daha zəif partlayış doğura bilərdi və yəqin ki söhbət Livanda böyük nüfuzu olan “Hizbullah” silahlı qruplaşmasına aid silah anbarındakı olaydan gedə bilər.

Tbilisidə “Coda” nəşrinin jurnalistləri aydınlaşdırıblar ki, partlayışa səbəb olan ammonium nitrat Gürcüstanda, Rustavi şəhərindəki Azot Rustavi Zavodunda istehsal olunub. Bu şirkət bütün dünyaya yüz min tonlarla gübrə satır.

“Azot Rustavi”-nin direktoru Yefrem Urumaşvili deyib ki, bu selitra partiyasının satışını hələ ki nə təsdiqləyə, nə də rədd edə bilər. Belə ki alış-veriş “başqa sahibin rəhbərliyi altında” gerçəkləşdirilib. Şirkətin digər nümayəndəsi söyləyib ki, onu Rusiya tərəfindən dezinformasiya axını, üstəlik həm selitranın satışı, həm də şirkət ətrafındakı şübhələr narahat edir.

Gürcüstanın hökumətindən olan mənbələr təsdiqləyib ki, maddə Gürcüstanda istehsal olunub və limandan Batumiyə göndərilib. Onlar həmçinin təsdiqləyiblər ki, 2700 ton gübrənin satışı tamamilə leqal olub. “Bu, qeydiyyatdan keçirilmiş, təmiz satış olub, bizim nədənsə şübhələnməyə səbəbimiz olmayıb”.

Amonium nitrat sənayedə tətbiq edilir – ondan həm dağ süxurunun partlayışında, həm də gübrə kimi kənd təsərrüfatında istifadə olunur.

Buradaykən …

Sizdən kiçik bir xahişimiz var: Fəaliyyət göstərdiyimiz mühitdə məlumatlar dövlətin çox sıx nəzarəti altındadır. Meydan TV insanların keyfiyyətli və müstəqil informasiya ilə təmin etmək üçün çalışır. Biz sizin eşidə bilmədiyiniz, amma eşitmək istədiyinizə inandığımız hekayələri işıqlandırırıq. Dövlət senzurasının – rəsmi bloklanmanın və təzyiqlərin gücləndirilməsinə baxmayaraq, biz, müstəqil jurnalist komandası ağır şərtlər altında Azərbaycan xalqının dolğun, keyfiyyətli informasiya ilə təmin edilməsinə çalışırıq və bunun üçün sizin köməyiniz lazımdır.

Sizin dəstəyiniz bizim böyük risk altında işləyən jurnalistlərimizə güc verir. Azərbaycanda müstəqil jurnalistikanın qorunması üçün edilmiş hər bir cəhd sizin töhfənizdir. Çox sağ olun.

BIZƏ DƏSTƏK OLUN
Bölmələr:  
qısa linklər:   http://mtv.re/dknit7

Ən çox baxılan