Beynimizdəki əjdaha

Bugünlərdə sosial şəbəkələrdə maraq doğuran hadisələrdən biri Niderlandın Baş naziri Mark Rüttenin başına gələnlər oldu

Source:
Mark Rutte yeri təmizləyərkən
Mark Rutte yeri təmizləyərkən

Bugünlərdə sosial şəbəkələrdə maraq doğuran hadisələrdən biri Niderlandın Baş naziri Mark Rüttenin başına gələnlər oldu. Baş nazir hökumətin yerləşdiyi binada yoxlama aparatından keçərkən əlindəki bir stəkan qəhvəni yerə dağıtdı. Bundan sonra isə bizim daha çox “şvabra” dediyimiz döşəmə taxtasını götürüb yeri təmizləməyə başladı. Arada əlinə əski alaraq yoxlama aparatına çilənmiş qəhvəni də sildi.

Baş nazir yenidən döşəmə taxtasına “müraciət edərkən” təmizlik işçilərindən iki xanım ona yaxınlaşdı. Gözləmək olardı ki, əmək alətini cənab Rüttedən alacaqlar, özləri davam edəcəklər. Lakin işçilər adı döşəmə taxtası olsa da, əslində metaldan olan aləti Baş nazirin rahat işləməsi üçün uzatdılar və kənara çəkilib təbəssümlə izləməyə başladılar.

Təbii ki, Baş nazirin döşəmə silməsi hər gün baş verən adi hadisə deyildi. Lakin eyni zamanda ətrafdakılar tərəfindən heyrətamiz hal kimi də qarşılanmırdı. Səbəb isə çox güman ki, azad ölkələrdə vəzifəsindən asılı olmayaraq heç kəsdən Əjdaha düzəltməmələridir.

Əjdaha demişkən, keçmiş SSRİ-də 1988-ci ildə çəkilimiş bir film var, “Əjdahanı öldürmək”. Öncə deyim ki, o zaman maraqlı dövr idi. Marginal şəxslər istisna olmaqla, hamı dəyişikliklər, islahatlar tərəfdarı idi, əvvəlki kimi yaşamağın mümkünsüzlüyündə həmrəy idilər. O cümlədən, adıçəkilən filmin baş rejissoru, bu gün Putinin qanadı altına sığınmış, iki ay öncə ondan “Əmək Qəhrəmanı” titulunu almış Mark Zaxarov da.

Antiutopiya janrında çəkilən filmin süjeti belədir: kral Artur haqqında əsatirlərdən tanıdığımız cəngavər Lanselotun sələfi və adaşı olan cəngavər bir şəhərə gəlir. Burada 400 ildir ki, Əjdahanın diktaturası bərqərar olub. Buna baxmayaraq, şəhər əhalisi öz taleyindən məmnun görünür, dəyişikliyə can atmır.

Onlar Əjdahanın əzazil və tiran olmasına qayda-qanun yaratması, tikintilər aparması ilə haqq qazandırırlar. Personajlardan birinin dediyi kimi, əjdaha “sərtdir, lakin ədalətlidir!” Filmdə bununla bağlı maraqlı fikirlər, dialoqlar səslənir, hamısını əhatə etmək mümkün deyil, baxmağınız məsləhətdir.

İnsanların bu mövqeyi heç də ürəkaçan, mübarizəyə həvəsləndirən deyil. Xoşbəxtlikdən Lanselotu motivasiya edən başqa səbəb də var. O, şəhər arxivariusunun qızı, gözəl Elzanı Əjdaha ilə zorakı və labüd nikahdan xilas etmək istəyir.

Lanselot Əjdahanı döyüşə çağıraraq qalib gəlir, lakin özü də yaralanır və gizlənir. Gözləmək olardı ki, fürsətdən istifadə edən şəhər əhalisi azadlığına qovuşacaq. Lakin onlar Əjdahasız yaşaya bilmirlər. Filmdə personajlardan birinin dilindən səsləndirilən kimi, axı kimisə sevmək lazımdır.

Qısamüddətli xaosdan sonra şəhərin maymaq burqomistri (bu rolu Yevgeni Leonov möhtəşəm ifa edir) hakimiyyəti ələ keçirir. Özü də bu işdə burqomistrin özündən çox yeni Əjdahasız keçinə bilməyən əhalinin rolu olur.

Hər bir diktatorun hekayəsi olmalıdır. Yeni diktatorun da hekayəsi ondan ibarət olur ki, guya Əjdahanı Lanselot deyil, o öldürüb və şəhərə azadlıq gətirib. Ümumiyyətlə, diktatorlar və diktaturalar həmişə azadlıq məfhumunu istismar edirlər. Ən qəddar diktaturalar azadlıq şüarı altında qurulur. Ən əzici əsarət azadlıq kimi təqdim olunur.

Bir müddət sonra artıq burqomistr Elza ilə evlənmək istəyir. Nikah mərasimi zamanı Lanselot geri dönür. Həyatını təhlükəyə ataraq azadlıq bəxş etdiyini düşündüyü şəhərin yenidən əsarətdə yaşamasına heyrətlə şahidlik edir.

O, çığıraraq “siz artıq bir ildir ki, azad insanlarsınız” deyir. Lakin personajların cavablarından aydın olur ki, əsarət Əjdaha ilə bağlı deyil, onların öz təfəkkürlərindədir. Onlar Lanselotun önündə diz çökərək yeni tiran, yeni Əjdaha kimi qəbul etdiklərini göstərirlər, şərq təbirincə desək, biət edirlər.

Bunun müqabilində Lanselot alnını göstərərək “Əjdaha buradadır. Mən indi hamınızı bunu anlamağa və özünüzdəki əjdahanı öldürməyə məcbur edəcəyəm”, – deyə çığırır. Burada Lanselotun məqsədləri ilə hərəkətləri arasında fərq yaranır. Əjdahanın ölümünə çalışan cəngavər özü də hiss etmədən tiran kimi davranmağa başlayır. Yalnız Elzanın onun sifətinə çırpdığı bir qədəh sudan sonra özünə gəlməyə başlayır.

Elzanın bu demarşı Lanselotu xilas edir. O, hələ tirana çevrilməmiş, özünün qüsursuzluğuna əmin olmamış müqavimətlə rastlaşır və dayanır. Ümumiyyətlə, istənilən tiranı ilk vaxtlarda durdurmaq daha asandır. Təəssüf ki, çoxu tiraniyanı xərçəng xəstəliyi kimi yalnız əzab verməyə başlayanda hiss edirlər. Bu zaman isə artıq gec olur. Xərçəng metastaz verən kimi tiraniya da dərin köklər salır və cəmiyyətin kollapsına səbəb olur.

Söz düşmüşkən, 1992-1993-cü illərdə mövcud olan demokratik hakimiyyətin yıxılmasının əsas səbəblərindən biri də əksəriyyətin əjdahasız yaşaya bilməməsi oldu.

Çünki cəmiyyət olaraq əjdahalar yaratmağa meylliyik. Hər vəzifənin kalibrinə uyğun əjdaha görmək istəyirik. Çevrilmək istəməyən adamı isə zorla əjdaha olduğuna inandırmaq istəyirik və daha xeyirli tətbiqə layiq inadla nail oluruq. Əjdaha olmaq istəməyən şəxslər isə gözümüzdə nüfuzlarını itirirlər. 1992-1993-cü illərin hakimiyyəti kimi.

Bəhs etdiyim filmdə də burqomistr əvvəlcə Əjdaha missiyasının ağırlığından qorxur. Zatən şəxsi keyfiyyətləri də uyğun deyildi. O, Əjdahanı özünün öldürdüyünə əvvəlcə inanmır: “Mən də inanmırdım. Lakin faktlar, şahidlər, görənlər…”. Amma Əjdahasız yaşaya bilməyən insanlar onu inandırırlar, hətta guya baş vermiş döyüşün planını da tərtib edirlər. Nəhayət, psixi cəhətdən anormal, sarsaq birisini özünün yeni Əjdaha olduğuna əmin edirlər.

Reallığın filmdən fərqi ondadır ki, belə cəmiyyətlərdə bir Əjdaha olmur. Böyük Əjdahadan üzü aşağı müxtəlif kalibrli əjdahalar yaradılır. Hətta Əjdaha və əjdahaçılıqla mübarizə apardığını iddia edən təşkilatlarda belə öz əjdahası, hətta böyük hərflə Əjdahası formalaşır.

Maraqlıdır ki, bəhs etdiyim filmdə də bu barədə fikir var: “Əjdahadan qurtulmağın yeganə yolu – öz əjdahanı yaratmaqdır”. Lakin bu yolla tirana qalib gəlmək olar, tiraniyaya isə yox. Devrilən tiranın yerini yenisi tutur.

Tamamilə əks düşərgəyə, antaqonist ideologiyaya məxsus insanların eyni mahiyyətli, “bir medalın iki üzü” olan əjdahaçıya çevrilməsi prosesi çox maraqlıdır. Hakimiyyət öz tənqidçilərini “xarici qara qüvvələrə” və “erməni dəyirmanına” işləyənlər kimi qələmə verir. Əks düşərgəyə məxsus bir lideri yüngülvari tənqid etmək yetərlidir ki, artıq bu tərəfdən “cümlə xəyanətlərə bais” kimi təqdim olunasan.

Son illər Azərbaycandakı rejimdən ən çox zərbə yeyən dindar kəsimdir. Lakin bu onlara istər yerli, istərsə əcnəbi bir din xadimini tənqid edəni sionizm və imperializmin qulluqçusu elan etməyə mane olmur. Çünki onlar problemi şəxsdə görürlər. Halbuki əsl problem əjdahalar yaradan təfəkkürdədir.

Əjdaha ilə mübarizədə özünün əjdahaya çevrilməmək əsas şərtdir. İnsanlar isə əjdahasız cəmiyyət təsəvvür etmirlər. Sadəcə düşmən əjdahanı doğma əjdahası ilə əvəz etməyə çalışırlar. Bu tiran isə artıq başqalarını əzməlidir.

Əjdaha və əjdahaçılıq yalnız ayrı-ayrı xalqlara, insan qruplarına aid olan hal deyil. Bütün millətlərdə Əjdaha olmaq istəyən və başı üstündə Əjdaha görmək istəyən insanlar var. Filmin son epizodu da Əjdaha ilə mübarizənin daimi olduğuna işarə edir.

Lakin normal dövlətlərdə əjdahaçılığa gedən yolun önünü kəsən mexanizmlər var. Normal cəmiyyətlərdə Əjdahaya çevrilməkdə olan insanın üzünə su çırparaq durduran Elza var.


Yazı müəllifin fikirlərini əks etdirir və Meydan TV-nin mövqeyi ilə üst-üstə düşməyə bilər.

Ana səhifəMənim FikrimcəBeynimizdəki əjdaha