“Beyni yoxdursa, heç olmasa gücü olsun”

Şimali Osetiyada qız qaçırılması sosial şəbəkələrdə qəzəbə səbəb olub

Source:


“Kavkazski Uzel”in materialı əsasında

Vladiqafqazda növbəti qız qaçırılması videosu Rusiya sosial şəbəkələrində qəzəb dalğasına səbəb olub.

Videoda Vladiqafqazda ticarət mərkəzinin girişində qızı gözləyən gənc oğlanlar gülə-gülə onu qaçırmağa hazırlaşırlar. Qız pilləkənlərdə peyda olanda papaqlı oğlanlar ona doğru qaçırlar. Oğrulardan biri “gəlinin” başına yapıncı keçirir və onu qucağına alıb pilləkənlərlə aşağı enir. Yöndəmsiz oğru yarıyolda qızı başı üstə asfalta salır və özü də onun üzərinə yıxılır. Oğlanla “gəlin” ayağa qalxır, amma bir neçə metrdən sonra yenə qızı başı üstə asfalta salır. Sonra yardıma gələn dostlarının köməyi ilə “gəlin”i maşına soxur.

Qıza acıyan sosial şəbəkə istifadəçiləri üstəlik gəlini iki dəfə başı üstə yerə salan oğruların yöndəmsiz hərəkətlərinə qəzəbləniblər.

“Beyni yoxdursa, heç olmasa gücü olsun. Yazıq qız yəqin zərər çəkib”, “- zulya_06_00” vidoeya belə şərh yazıb.

“Bu cür hərəkəti şiddətlə qınayırıq. Bu yöndəmsizin onu evə sağ-salamat çatdırdığına ümid edirik. Əslində gərək onu xəstəxanaya, daha dəqiq desək, travmatologiyaya aparardı”, – “İctimai qınaq” Teleqram-kanalında yazıblar.

“Qadınlarımızı küçənin ortasında tutub qoyun kimi maşına soxurlar”

Bu, Vladiqafqazda “qız qaçırılması” ilə bağlı və sosial şəbəkələrdə qəzəb doğuran ikinci videodur. İki həftə əvvəl internetdə bir neçə gəncin müqavimət göstərən qızı maşına soxmaları ilə bağlı video yayılmışdı. Qızın rəfiqəsi oğruları dayandırmağa çalışır, amma onlar zavallını kobud şəkildə maşından kənara itələyirlər.

Yanvar ayının ortalarında bu video internetdə yayılandan sonra “chage.org”-da qanunvericiliyi Şimali Osetiyada qız qaçırılmasını qadağan etməyə çağıran petisiya getdi və o 1000-dən çox imza topladı. “Biz, Osetiya xalqı bunu vəhşilik və hörmətsizlik sayırıq. Qadınlarımızı küçənin ortasında tutub qoyun kimi maşına soxurlar”, – petisiyanın müəllifi Mariya Pliyeva qəzəblə deyir.

Videonun altında yazılan şərhlərdə bəzi istifadəçilər qızları və onların doğmalarını polisə müraciət etməyə çağırıb. Qaçırılma çox vaxt qızın qohumları tərəfindən biabırçılıq kimi qarşılanır və onun valideynləri ilə münasibətlərinin kəsilməsinə səbəb olur, şərhlərdə deyilir.

Polis qızın şəxsiyyətini müəyyənləşdirib və onu qaçıranları tapıb, lakin “gəlin” iddia irəli sürməyib və iradəsinə zidd “qaçırılmadığını” bəyan edib.

Qaçırmaqla toy xərclərinə qənaət etmiş olursan

Bir çox bloger əmindir ki, qızları toy xərclərinə qənaət etmək üçün qaçırırlar.

“Qız qaçırılması yaxşı ənənə deyil, amma onu faciəyə çevirmək də lazım deyil. Bu gün çox vaxt nə qız, nə də ailəsi oğlana qarşı olmur. (…) Əgər əvvəllər səbəb kimi ailənin narazılığı öndə dururdusa, indi bu hadisə çox vaxt maddi vəziyyətlə bağlıdır”, – bloger Der Digorer məsələyə aydınlıq gətirir.

Digər bloger Alagov Xazbi qaçırılma səbəbləri ilə razıdır və regionun toy ənənələrinə yenidən baxılmasını təklif edir. “Bəlkə zövqlə təşkil edilmiş daha sadə toy formatı “icad etmək” çıxış yoludur? Üstəlik bu toyları elə cəlbedici, rahat və məntiqi keçirmək lazımdır ki, bizim cah-cəlal, nümayişkaranə dəbdəbə və var-dövlət sevərlər “kasıblar üçün yeni toy” formatı elan edə bilməsinlər. Varlı ailələrin övladlarının sadə toy mərasimi şəxsi nümunə kimi lap yerinə düşərdi”, – bloger öz Telegram-kanalında yazıb.

Həqiqətən də, Qafqazda qızların qaçırılmasının əsas səbəbi iqtisadi çətinliklərdir. Çox vaxt qohumlar toy xərclərinə qənaət etmək üçün qaçırma məsələsini öncədən razılaşdırırlar. Bununla belə, qaçırılma hallarının çoxu qızın razılığı olmadan baş verir, “Kavkazski uzel”in ekspertləri deyir.

Ana səhifəXəbərlər“Beyni yoxdursa, heç olmasa gücü olsun”