Vəkillər Kollegiyasının Rəyasət Heyətinin iclasında baş verənlərin stenoqramı açıqlandı
Beynəlxalq Vəkillər Assosiasiyasının İnsan Hüquqları İnstitutu (IBAHRI) Azərbaycan Vəkillər Kollegiyasını dərhal insan haqları üzrə vəkil Yalçın İmanovun vəkillik səlahiyyətlərinin dayandırılması barədə noyabrın 20-də verilən qərarını ləğv etməyə və onun peşəkar vəkillik fəaliyyətinə şərait yaratmağa çağırır. Məlumatı “Turan”
yayıb
.
Təşkilat xatırladır ki, İmanov jurnalistlər Xədicə İsmayılova və Nicat Əliyev, habelə Məmməd İbrahim, Fuad Qəhrəmanlı və Murad Adilov kimi siyasi müxalifətçilərin vəkili olub.
Qurum hesab edir ki, Vəkillər Kollegiyasının bu qərarı İmanovun müvəkkillərini təmsil etməsinə və onun hüquqi vəzifələrini tam şəkildə yerinə yetirməsinə mane olur.
IBAHRI həmsədri Yens Korell hesab edib ki, Azərbaycanda hüquqşünasların qorunması və təminatları sahəsində ciddi çatışmazlıqlar var.
“Vəkıllər Kollegiyasının əsas funksiyası hüquqşünasların maraqlarını müdafiə etməkdir. Amma Vəkillər Kollegiyasının hərəkətləri bir daha göstərir ki, o, müstəqil bir qurum deyil, hökumətin bir qolu kimi fəaliyyət göstərir. İnsan hüquqlarının pozulması ilə bağlı narahatlığını ifadə edən, mənfi hallar haqqında danışan vəkillər intizam cəzalarına məruz qalır”.
“İmanov peşə öhdəliklərini yerinə yetirdiyinə görə cəzalandırılmamalıdır. Biz cənab İmanovun vəkillik səlahiyyətlərini təcili bərpa etməyə çağırırıq”, deyə bəyanatda bildirilir.
Noyabrın 20-də Vəkillər Kollegiyasının Rəyasət Heyəti Yalçın İmanovun səlahiyyətlərini dayandırıb və onun bu orqandan çıxarılması üçün məhkəməyə müraciət etməyə qərar verib.
“Azadlıq.info” VK Rəyasət Heyətinin həmin iclasının stenoqramını
yayıb
.
Bildirilir ki, qurumun sədr müavini Aydın Axundovun sədrlik etdiyi iclasda Penitensiar Xidmətin rəis əvəzi olan Oqtay Məmmədovun üç səhifəlik şikayəti əvvəldən sonadək oxunub. Oqtay Məmmədov şikayət məktubunda vəkil Yalçın İmanovun hüquqlarını müdafiə etdiyi Abbas Hüseynovun həbsxanada işgəncəyə məruz qalması haqda açıqlamasına etiraz edir.
Nardaran hadisələrinə görə 20 il azadlıqdan məhrum edilmiş və Qobustan həbsxanasında saxlanılan Abbas Hüseynov vəkilinə yazılı izahatında göstərib ki, onu təcridxanadan gətirəndən dərhal sonra işgəncələrə məruz qalıb. Nardaran məhbusunun sözlərinə görə, həbsxananın rəisi və rəis müavini, müxtəlif əməkdaşları əllərini qandallayıb döyüblər, qızmar günün altında dəmir dirəyə bağlayıb saatlarla o vəziyyətdə saxlayıblar, soxulcanlarla dolu cərimə kamerasına atıblar, cərimə təcridxanasında 2 gün müddətində çarmıxa çəkilmiş vəziyyətdə
saxlayıblar
.
Oqtay Məmmədov iddia edir ki, Yalçın İmanov hüquqlarını müdafiə etdiyi şəxsə istinadən onun işgəncəyə məruz qalması haqda məlumat yaymaqla sabitliyi pozmağa çalışır, ölkənin inkişafına qibtə edən qüvvələrin fəallaşmasına münbit şərait yaradır, Penitensiar Xidmət kollektivinin əhval-ruhiyyəsinə mənfi təsir göstərir:
“Bütün bunlar ölkədə aparılan islahatlara və iqtisadi tərəqqiyə qibtə ilə yanaşan, dövlət hakimiyyəti orqanlarının fəaliyyətinə və nüfuzuna kölgə salmağa çalışan, ölkə daxilində və onun hüdudlarından kənarda olan bəzi qüvvələrin fəallaşmasına münbit şərait yaradır”.
Oqtay Məmmədov “Nardaran məhbusları”nın yaxınlarının avqustun 6-da Qobustan həbsxanasının, avqustun 9-da isə Penitensiar Xidmətin inzibati binasının qarşısına toplaşmasına görə də vəkili
günahlandırır
.
Sayt yazır ki, şikayətin elanından sonra Yalçın İmanov ünvanına səslənən ittihamlarla əlaqədar Vəkillər Kollegiyasının İntizam Komissiyasına təqdim etdiyi izahatının da oxunmasını istəyib. İmanov bildirib ki, həmin şikayətlə əlaqədar iki dəfə izahat verib. Sentyabrın 9-da verdiyi birinci izahat daha geniş olub və on gün sonra – sentyabrın 19-da həmin izahata əlavələrini təqdim edib. Hər iki izahatında Oqtay Məmmədovun şikayət məktubunda yazdıqlarının yalan olduğunu göstərməklə yanaşı, həm də bunu təsdiqləyən sənədləri də təqdim edib.
Bildirilir ki, ona izahatları oxumağa imkan verilməyib, Aydın Axundov kobud şəkildə buna ehtiyac olmadığını deyib. Yalçın İmanova təklif olunub ki, o, izahatını şifahi şəkildə versin. Y.İmanov izahatını şifahi şəkildə deyir və bildirir ki, Penitensiar Xidmətin rəis əvəzi ondan şikayət verir, amma Vəkillər Kollegiyası həmin şikayətin surətini ona təqdim eləmək istəmir:
“Belə olan halda, vəkilin özünü müdafiə etməsi də çətinləşir. Mən bununla əlaqədar Vəkillər Kollegiyasına da sorğu ilə müraciət eləmişdim. Kollegiyadan Aydın Axundovun imzası ilə verilən cavab məktubunda yazılıb ki, vəkil haqqında daxil olmuş şikayətin vəkilə verilməsi nəzərdə tutulmayıb…”
“Bu zaman Aydın Axundov Yalçın İmanovun sözünü kəsir və qəzəbli şəkildə bildirir ki, o, işin mahiyyətindən kənara çıxır” – stenoqramda qeyd olunur.
Daha sonra Yalçın İmanov şikayətdə Oqtay Məmmədovun irəli sürdüyü ittihamlar haqda danışıb və deyilənləri yalanlayıb.
Yalçın İmanov bildirib ki, Oqtay Məmmədovun həmin məktubunun surətini İntizam Komissiyasına verdiyi izahata əlavə edib. İmanov həmçinin Aydın Axundova müraciət edərək, həmin sənədin Rəyasət Heyətinin üzvlərinə də nümayiş etdirilməsini istəyib.
“İmanovun haqqındakı yalanı ortaya çıxaran sənədin elanını istəməsi Aydın Axundovu yenə qəzəbləndirir. O bildirir ki, buna ehtiyac yoxdur.
Yalçın İmanov razılaşmır: “Rəyasət Heyətinin üzvləri bir azdan münasibət bildirməlidir. Münasibət bildirəcəkləri məsələ haqda da məlumatlı olmalıdılar”.
Bu məqamda Rəyasət Heyətinin üzvlərindən İradə Cavadova öz fikrini bildirir. Deyir ki, İmanovun gətirdiyi dəlil onun pozuntuya yol vermədiyini göstərir” – stenoqramda qeyd olunur.
Bundan sonra Yalçın İmanov hüquqlarını müdafiə etdiyi Abbas Hüseynova qarşı işgəncədən danışıb:
“Penitensiar Xidmət iddia edir ki, mən yalan məlumat vermişəm. Amma mənim əlimdə Abbas Hüseynovun yazılı izahatı var. Həmin izahatı 8 avqustda Qobustan həbsxanasındakı görüşdə Abbas tərəfindən mənə təqdim edib. İzahatda o, başına gələnləri ətraflı təsvir edib”.
Vəkil deyib ki, 8 avqustda Abbas Hüseynovla görüşdən sonra media nümayəndələri ona müraciət edib, o da suallara cavab olaraq, açıqlama verib:
“Açıqlamalarımda da istisnasız olaraq, hüquqlarını müdafiə elədiyim şəxslərin sözlərinə istinad eləmişəm. “Onların sözlərinə görə”, “onların dediklərinə görə” tipli cümlələrlə açıqlama verilib”.
“Bu yerdə Aydın Axundov bildirir ki, “Xural.com” saytında İmanovun açıqlaması hüquqlarını müdafiə etdiyi şəxsə istinadən getməyib, vəkilin öz fikri kimi verilib.
Yalçın İmanov da cavabında deyib ki, o, ümumiyyətlə, “Xural.com”a açıqlama verməyib. O, yalnız “Azadliq.info”, “Azadliq.org”, “Meydan.tv” və “Rakurs.tv” saytlarının suallarını cavablandırıb.
Bu zaman Rəyasət Heyətinin üzvlərindən Azər Quliyev müdaxilə edərək soruşub ki, hüquqlarını müdafiə etdiyi şəxs ona mediaya açıqlama vermək kimi bir səlahiyyət veribmi?
İmanov cavabında bildirib ki, əvvəla, bununla bağlı hansısa səlahiyyət verilməsinə ehtiyac yoxdur. “Vəkillər və vəkillik fəaliyyəti haqqında” qanunun 15-ci maddəsinin tələbinə görə, qanunla qadağan olunmayan və vəkil etikasına zidd olmayan bütün üsul və vasitələrlə vəkil hüquqlarını müdafiə etdiyi şəxsin müdafiəsini həyata keçirməlidir” – stenoqramda bildirilir.
Qeyd olunur ki, Y.İmanovun “Siz də vəkilsiz, sizə bir sual verim: vəkilin hüquqlarını müdafiə etdiyi şəxsin işgəncəyə məruz qalması haqda iddiası ilə bağlı açıqlama verməsi, dövlət oranlarına müraciət etməsi qanunun, etikanın pozuntusudur, yoxsa etməməsi, heç bir addım atmaması” sualı Aydın Axundov yenə əsəbiləşib və İmanovun sözünü kəsib: “Sən bizə sual verə bilməzsən…”- deyib.
Vəkil İradə Cavadova müdaxilə edib və bildirib ki, Yalçın İmanov işgəncə iddiasının araşdırılması üçün lazımi addımları atıb, dövlət orqanlarına da müraciət edib.
Bundan sonra ittiham predmeti dəyişib, Yalçın İmanovu mediaya açıqlama verdiyinə görə günahlandırmağa başlayıblar. Rəyasət Heyətinin üzvlərindən Telman Qasımov deyib ki, vəkil mediaya niyə açıqlama verməlidir ki? Eyni fikri israrla Rəyasət Heyətinin başqa bir qadın üzvü də bildirir.
Rəyasət Heyətinin digər üzvü Azər Quliyev isə ümumiyyətlə, iddia edib ki, işgəncələrlə bağlı məlumatlar konfidensial məlumatlardır, onu heç kim yaya bilməz.
İmanov ona cavabında bildirib ki, qətiyyən doğru deyil, işgəncələrlə bağlı məlumatlar konfidensial məlumat sayılmır: “İnsan ləyaqətini alçaldan, pis rəftar, işgəncə məlumatları konfidensial məlumat hesab oluna bilməz. Konfidensial məlumat vəkil və hüquqlarını müdafiə etdiyi şəxs arasında müqavilə öhdəlikləri və bu kimi başqa məlumatlardır”.
Sayt yazır ki, Rəyasət Heyətinin üzvlərindən Anar Bağırov hikkəli səs tonu ilə İmanova “Siz Vəkillər Kollegiyasını nüfuzdan salan hərəkətlərə yol vermisiz”- deyib.
Yalçın İmanov: “Söhbət hansı hərəkətlərdən gedir?”.
Anar Bağırov: “Amerikanın səsi” radiosuna açıqlamada müəyyən vəkillərin sifarişlə cəzalandırıldığını demisiz. İntizam Komissiyasının sizinlə bağlı rəyinə fikir bildirmisiz, demisiz ki, İntizam Komissiyası pozuntu tapmadığı halda, şikayəti baxılması üçün Rəyasət Heyətinə göndərib. Demisiz ki, bu, doğru deyil”.
Yalçın İmanov: “Bəli. Mən yenə də o fikirdəyəm ki, Vəkillər Kollegiyası prinsipial vəkilləri müdafiə etmir və elə vəkillər haqqında şikayətlər əsassız olsa belə, onların cəzalandırılması ilə nəticələnir. Bu mövqeyimdə də qalıram. İntizam Komissiyasının rəyində yazılıb ki, “Penitensiar Xidmətin şikayəti xüsusi araşdırma tələb edir, İntizam Komissiyasının isə belə bir araşdırma aparmaq səlahiyyəti yoxdur. Buna baxmayaraq, şikayət qərar qəbul edilməsi üçün Rəyasət Heyətinə göndərilir”. Mən yenə də İntizam Komissiyasının bu cür rəydən sonra şikayəti Rəyasət Heyətinə göndərməsini anlaya bilmirəm”.
Anar Bağırov yenə müdaxilə edərək bildirib ki, Yalçın İmanov Vəkillər Kollegiyasının nüfuzuna xələl gətirir.
İmanov ona belə cavab verib:
“Vəkillər Kollegiyasını nüfuzdan salan mən deyiləm, müstəntiqdən 20 manat alıb, müdafiə etməli olduğu şəxs haqqında sənədləri oxumadan imzalayanlardır”.
Anar Bağırov: “Biz onları da təmizləyəcəyik”.
“Rəyasət Heyəti üzvlərindən Anar Bağırovla yanaşı əyləşmiş Muxtar Mustafayev də bu məqamda Yalçın İmanova qarşı çıxanlara qoşulmaq qərarı verir və bir qədər öncə danışılmış məsələyə yenidən qayıdır: “Axı sən niyə mətbuata açıqlama vermisən? Niyə dövlət orqanlarının araşdırmasını gözləməmisən?”.
Yalçın İmanov bir daha Mustafayevə “Vəkillər və vəkillik fəaliyyəti haqqında” qanunun 15-ci maddəsini xatırladıb. Bildirib ki, bu maddəyə əsasən, vəkil qanuna və etikaya zidd olmayan bütün üsul və vasitələrlə hüquqlarını müdafiə elədiyi şəxsə yardım göstərə bilər: “Mediaya açıqlama vermək nə vaxtdan qanunun və ya etkanın pozulmasıdır?”.
Bu cür müzakirələrdən sonra Rəyasət Heyətinin iclasında vəziyyət gərginləşir. Rəyasət Heyətinin üzvləri eyni vaxtda danışdığından, kimin nə dediyini anlamaq olmur. Yalçın İmanov haqqındakı şikayətlə bağlı izahatını davam etdirmək, digər dəlilləri ortaya qoymaq istədiyini deyir” – stenoqramda qeyd olunur.
Bildirilir ki, bütün müzakirələr boyu Yalçın İmanovun sözünü yarımçıq kəsən, kobud müdaxilələr edən Aydın Axundov yenə ona fikrini davam etdirməyə imkan verməyib. Hətta Yalçın İmanovun haqlı olduğunu deyən Rəyasət Heyətinin üzvü İradə Cavadovanın da sözünü qəzəblə kəsib: “Siz bir gözləyin…”
Stenoqramda yazılır:
“Rəyasət Heyətinin üzvləri Yalçın İmanovdan indiyədək onunla bağlı hər hansı intizam, tənbeh tədbirləri görülüb-görülmədiyini soruşub. O bildirib ki, indiyədək heç bir tədbir görülməyib.
Ardınca da Aydın Axundov kobudluqda bir qədər də irəli gedərək, üzünü Yalçın İmanova tutub deyir: “Sən bir güzgüdə özünə baxmısan ki, nə vəziyyətdəsən?”
Yalçın İmanov onun bu kobudluğunu cavabsız qoymur: “Aydın müəllim, mən güzgüdə baxmışam, öz vəziyyətimi də yaxşı bilirəm. Siz özünüzə baxın…”
Vəziyyət bir qədər də gərginləşir. Yalçın İmanova bildirilir ki, iclas otağını tərk eləsin, Rəyasət Heyəti qərar qəbul eləmək üçün müzakirə etməlidir. Təxminən beş-yeddi dəqiqəlik müzakirələrdən sonra vəkil təkrar iclas otağına dəvət edilir, Aydın Axundov Yalçın İmanovun vəkillik fəaliyyətinə xitam verilməsi üçün məhkəməyə müraciət olunması və fəaliyyətinin dərhal dayandırıldığı haqda qərarı elan edir. Həmin vaxt İradə Cavadova çarəsizliklə əllərini qaldıraraq, Yalçın İmanova “mən səni müdafiə edə bilmədim” deyir. Yalçın İmanov isə ona təşəkkür edib otaqdan çıxır”.