Beynəlxalq Valyuta Fondu Azərbaycana dəstək verə bilər

Natiq Cəfərli: ”IMF kredit verdiyi ölkədə köklü islahatların aparılmasına təminat istəyir”

Source:


Natiq Cəfərli: ”IMF kredit verdiyi ölkədə köklü islahatların aparılmasına təminat istəyir”

“Azərbaycan cari maliyyə ehtiyaclarını ödəmək üçün əhəmiyyətli buferə malikdir”.

Bu barədə “Report”un sorğusuna Beynəlxalq Valyuta Fondundan (IMF) cavab veriblər.

IMF rəsmiləri Azərbaycanda aparılan iqtisadi islahatlara dəstək verməyə hazır olduqlarını açıqlayıblar:

“Bugünə qədər Azərbaycan hakimiyyəti hansısa kredit məsələsinə görə, IMF-yə müraciət etməyib. Ölkənin makroiqtisadi göstəricilərindən və spesifik imkanlardan asılı olaraq IMF-nin şərtləri dəyişir. Eyni zamanda, IMF fiskal qaydaların inkişafı, pul bazasının gücləndirilməsi və bank nəzarətinə dəstək üçün dövlət orqanlarına bütün texniki aspektlər üzrə dəstək göstərməyə hazırdır”.

Fondun bildirdiyinə görə, Azərbaycanla bağlı İMF-nin Direktorlar Şurası sonuncu dəfə 2016-cı il sentyabrın 9-da yığışıb:

“Maliyyə Sektorunun Qiymətləndirilməsi Proqramı (Financial Sector Assessment Program – FSAP) üzrə sonuncu görüş 2015-ci ilin mart ayının ortalarında baş tutub ki, bu da milli valyutanın birinci devalvasiyasından dərhal sonra olub. Texniki dəstək və təlim fəaliyyəti ilə hakimiyyət orqanlarının büdcə və borcların idarə edilməsi, pensiya islahatları və makrostatistika da daxil olmaqla makroiqtisadiyyatla əlaqədar bir sıra sahələrdəki islahat səylərini dəstəkləyirik”.

İqtisadçı Natiq Cəfərli IMF-nin açıqlamasını Meydan TV-yə şərh edərkən bildirib ki, bu, Azərbaycanın rəsmi valyuta ehtiyatlarına əsasən verilib:

“Hazırda Dövlət Neft Fondunda 34 milyard, Mərkəzi Bankda isə 4 milyard dollara yaxın valyuta ehtiyatı var. IMF bunu əsas gətirərək Azərbaycanın valyuta dayanaqlığının hələ normal səviyyədə olduğunu bildirib və bu, doğrudur. Çünki dövlətin borcları valyuta ehtiyatlarından iki dəfə azdır”.

Natiq Cəfərli foto Meydan TV

Ancaq iqtisadçı hesab edir ki, açıqlamada kreditlərin verilməsinin mümkünlüyü məqamı onun diqqətini çəkib:

“Bu, IMF ilə Azərbaycan hökuməti arasında ictimaiyyət üçün elan olunmayan danışıqların getdiyini göstərir. Yəni Azərbaycan hökuməti sürətlə borclanmaq istəyir və borc mənbələrindən biri də IMF-dir. Çox güman ki, fonda gedən danışıqların fonunda yeni kredit müqavilələrinin imzalanması ehtimalı çox yüksəkdir. Ancaq bunun üçün rəsmi Bakı müəyyən öhdəliklər götürməlidir və yəqin ki, danışıqların əsas hissəsi öhdəliklərdən ibarətdir. Azərbaycan sivil topluma, donorlara normal şəraitin yaratması, şəfaflığın artırılması, institusional islahatlar və digər tələbləri yerinə yetirməlidir. Məsələ ondadır ki, IMF kredit verdiyi ölkədə köklü islahatların aparılmasına təminat istəyir. Yaxın gələcəkdə hökumətlə fond arasında müqavilə imzalansa, deməli, rəsmi Bakı üzərinə öhdəlik götürmüş olur”.

Ana səhifəXəbərlərBeynəlxalq Valyuta Fondu Azərbaycana dəstək verə bilər