“O, uzun m
ü
dd
ə
t h
ö
kum
ə
tin t
ə
hdid v
ə
h
ə
d
ə
-qorxu il
ə
susdurma
ğ
a c
ə
hd etdiyi
m
ü
st
ə
qil
s
ə
s idi”
Hüquq müdafiəçisi Leyla Yunusun həbsi Azərbaycanda insan hüquqlarının ağır vəziyyətinə yeni nümunədir. Beynəlxalq Amnesty International (BMİ) təşkilatının bəyanatında deyilir.
“Leyla Yunus uzun müddət hökumətin təhdid və hədə-qorxu ilə susdurmağa cəhd etdiyi müstəqil səs idi. Buna nail olmadıqları üçün hökuməti tənqid etdiyinə görə onu uydurma ittihamla həbs etdilər” – təşkilatın nümayəndəsi Natalya Nozadze bildirib.
Azərbaycan Avropa Şurasının Nazirlər Komitəsinin sədri olmasına baxmayaraq, ölkədə hüquq müdafiəçilərinin təqib olunması davam edir.
İyulun 30-da məhkəmə L.Yunusu üç ay müddətinə həbs edib. Onun həyat yoldaşı A.Yunusun sərbəst hərəkəti məhdudlaşdırılıb.
Hakimiyyət Leyla və Arif Yunusları dövlətə xəyanətdə, dələduzluqda və vergidən yayınmada ittiham edib.
BMİ hesab edir ki, Yunuslara qarşı ittihamlar saxtalaşdırılıb və L.Yunusun fəaliyyətinə görə təqib olunması prosesinin tərkib hissəsidir.
L.Yunus ötən həftə mətbuat konfransı təşkil edərək ölkədə insan hüquqları pozulduğundan 2015-ci ildə Bakıda keçiriləcək Avropa Oyunlarını boykota çağırıb.
Həbsindən əvvəl Ermənistanın xeyrinə casusluqda ittiham olunan jurnalist Rauf Mirqədirova qarşı cinayət işi ilə əlaqədar müntəzəm olaraq prokurorluğa çağırılıb.
“Bu günkü həbs ölkədə müntəzəm tənqidi səslərin amansız yatırılmasının başqa bir nümunəsidir. Avropa Şurasının üzvləri Azərbaycanda insan hüquqlarının pozulması ilə bağlı bu ölkənin hakimiyyətinə etiraz etməlidir” -N. Nozadze bildirib.
Hazırda təşkilat Azərbaycanda ən azı 19 vicdan məhbusunun olduğunu qeyd edir. Onlar öz fikrinin dinc ifadə olunmasına görə həbs ediliblər
Norveç İnsan Hüquqları Evi də Leyla Yunusun həbsini pisləyən etiraz bəyanatı yayıb.
Təşkilatın bəyanatında bu həbs Azərbaycanda insan hüquqları müdafiəçilərinə və fəallara qarşı görünməmiş “repressiya dalğası”nın bir hissəsi adlandırılır.
“Əgər Leyla Yunus və Arif Yunusa qarşı ittihamlar “təsdiqlənərsə”, Azərbaycanda daha bir siyasi motivli həbs olacaq” – bəyanatda vurğulanır.
Sənəd müəllifləri vergidən yayınma və qanunsuz sahibkarlıqla bağlı ittihamların Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin rəhbəri Anar Məmmədli və mərkəzin icraçı direktoru Bəşir Süleymanlıya qarşı sürülən ittihamlarla eyni olduğunu xatırladıb (Turan IA).