Beynəlxalq təşkilatlar BMT-ni Çinin müsəlmanlara qarşı təzyiqini araşdırmağa çağırır

BMT-nin istintaq komissiyasının yaradılması tələb olunur

Source:

İnsan hüquqları sahəsində fəaliyyət göstərən qeyri-hökumət təşkilatları Çinin Şərqi Türkistanda insan haqları pozuntularını araşdırmaq üçün Birləşmiş Millətlər Təşkilatının istintaq komissiyasının yaradılmasına çağırıblar.

HRW və “Amnesty International” kimi müstəqil QHT-lərin də daxil olduğu təşkilatlar sözügedən komissiyaya xüsusilə müsəlman və Avropa ölkələrinin rəhbərlik etmələrini istəyib.

Qeyri hökumət təşkilatları fevralın 25-də Cenevrədə toplanacaq BMT-nin İnsan Hüquqları Şurasından Şərqi Türkistana beynəlxalq ekspedisiya heyəti göndərməsini tələb ediblər.

Bu çağırışı “BMT-nin İnsan Hüquqları Şurasına etimad sınağı” adlandıran hüquq-müdafiə təşkilatları Çinin müsəlmanları həbsxanada və konsentrasiya düşərgələrində saxladıqlarını söyləyiblər. Bundan əlavə, təşkilatlar sui-istifadəyə qarşı beynəlxalq reaksiyaya ehtiyac olduğunu vurğulayıblar.

“Human Rights Watch” təşkilatının baş direktoru Kennet Rot (Kenneth Roth) Cenevrədə mətbuat konfransında çıxış edərək, Şərqi Türküstanda ciddi insan haqları pozuntularını vurğulayıb. “Sincanda insan hüquqları pozuntuları çox ciddidir və bu sui-istifadələrin dərəcəsi də beynəlxalq araşdırma tələb edir,”- o deyib.

“Müsəlman ölkələri Myanmarda 700 min müsəlmana qarşı edilən təzyiqlərə dair BMT-nin istintaqını dəstəkləməyə hazır olduqları təqdirdə, niyə Çinin 1 milyon uyğurlara qarşı zülmü üçün də eyni davranmırlar?” – Rot müsəlman ölkələrini Çin qarşısında səssiz qalmamağa çağırıb.

Çinin müsəlmanların etnik və dini kimliklərini yox etmə məqsədi daşıdığını ifadə edən Rot, nitqini bu sözlərlə davam etdirib:

“Toplama düşərgələrinin hədəfi, ölkədəki müsəlmanların etnik və dini kimliklərini yox etmək, aradan qaldırmaqdır. Bu, insanların yalnız Çin Kommunist Partiyasına, Çin orqanlarına və Çin Dövlət Başçısı Şi Cinpingə bağlılıqlarını zəmanət altına almağı hədəfləyir. Bu, bir azlığın dini və etnik kimliyini dəyişdirmək səyidir”.

Beynəlxalq insan haqları təşkilatı keçən bir ildə alimlərin və beynəlxalq mətbuat mənsublarının araşdırmalarına əsasən bəyan edib ki, Çinin Şərqi Türküstanda gündən-günə genişlənən gizli “təhsil düşərgələri”ndə təxminən bir milyon uyğur türkü müsəlmanı nəzarətdə saxlanılır.

Qeyri-hökumət təşkilatları Çin qurumlarının “terrorizm təhdidi” adıyla müsəlmanların dinini, ənənə və adətlərini yaşamasına maneə törətdiyini və bu insanlara qarşı sərt təzyiq edildiyini də bildirib.

Ana səhifəXəbərlərBeynəlxalq təşkilatlar BMT-ni Çinin müsəlmanlara qarşı təzyiqini araşdırmağa çağırır