Anar Bağırov

Mənbə: Meydan TV

Başlıq: Anar Bağırov

Beynəlxalq təşkilatlar Azərbaycan Vəkillər Kollegiyasına məktub göndərib

Onlar vəkil Şəhla Hümbətovanın vəkillikdən uzaqlaşdırılmasını pisləyirlər

Dörd beynəlxalq təşkilat Azərbaycan Vəkillər Kollegiyasına məktub göndərib. Məktubda noyabrın 27-də vəkil, hüquq müdafiəçisi Şəhla Hümbətovanın barəsində qəbul edilmiş intizam tədbirləri pislənib.

Məktubda deyilir ki, Şəhla Hümbətovanın vəkillikdən uzaqlaşdırılması Vəkillər Kollegiyası Rəyasət Heyətinin vəkillik fəaliyyətini sistematik olaraq “pozması” deməkdir. Eyni zamanda, hüququ pozulan insanları müdafiə vasitələrindən məhrum etməkdir.

Son illər daha çox sayda müstəqil vəkil siyasi, xüsusilə insan hüquqlarının pozulmasına dair işlərdə iştirak etdiklərinə görə təqiblərə məruz qalıb. İçlərində işdən azad edilənlər də var.

“Şəhla Hümbətova da siyasi işlərdə iştirak edirdi. Ona görə də təzyiqə məruz qalıb”, - məktubda deyilir.

Xanım vəkil 2019-cu ilin yanvarında bloger və siyasi məhbus Mehman Hüseynovun səhhətinin pis olduğunu bildirdikdən sonra təhdid edilib.

Bundan əlavə, o, çox sayda yüksək vəzifəli azərbaycanlı siyasi məhbusu müdafiə edib. Hazırda 2018-ci il Gəncə iğtişaşları üzrə bir neçə müttəhimi müdafiə edir. O, daim amansız işgəncələr, məcburi etiraflar və uydurma ittihamlar barədə məlumatlar verir.

Vəkillər Kollegiyası bundan öncə də öz üzvlərini təqib edib. Yalçın İmanov, Əlaif Həsənov, Xalid Bağırov, İradə Cavadova və başqalarını lisenziyadan məhrum edib.

“Hər yeni işdən çıxarılma, kənarlaşdırılma və ya töhmət Vəkillər Kollegiyasının istənilən üzvü üçün insan hüquqlarının müdafiəsi ilə məşğul olmamaq barədə xəbərdarlıq olur”, - müraciətdə qeyd edilir.

Müraciəti imzalayanlar Vəkillər Kollegiyasını Şəhla Hümbətovanın və əvvəllər əsassız olaraq lisenziyadan məhrum edilmiş digər vəkillərin lisenziyalarını bərpa etməyə çağırırlar.

“Biz həmçinin, Azərbaycan hökumətini hüquqşünasların müdafiəsi ilə bağlı beynəlxalq standartlara, o cümlədən, Mülki və Siyasi Hüquqlar haqqında Beynəlxalq Pakta, Avropa İnsan Hüquqları Konvensiyasına və BMT-nin vəkillərin rolu haqda əsas prinsiplərə əməl etməyə çağırırıq”, - sənəddə deyilir.

Müraciəti “Civil Rights Defenders”, “Freedom House”, “International Partnership for Human Rights”, “Lawyers for Lawyers” təşkilatları imzalayıb.

Buradaykən …

Sizdən kiçik bir xahişimiz var: Fəaliyyət göstərdiyimiz mühitdə məlumatlar dövlətin çox sıx nəzarəti altındadır. Meydan TV insanların keyfiyyətli və müstəqil informasiya ilə təmin etmək üçün çalışır. Biz sizin eşidə bilmədiyiniz, amma eşitmək istədiyinizə inandığımız hekayələri işıqlandırırıq. Dövlət senzurasının – rəsmi bloklanmanın və təzyiqlərin gücləndirilməsinə baxmayaraq, biz, müstəqil jurnalist komandası ağır şərtlər altında Azərbaycan xalqının dolğun, keyfiyyətli informasiya ilə təmin edilməsinə çalışırıq və bunun üçün sizin köməyiniz lazımdır.

Sizin dəstəyiniz bizim böyük risk altında işləyən jurnalistlərimizə güc verir. Azərbaycanda müstəqil jurnalistikanın qorunması üçün edilmiş hər bir cəhd sizin töhfənizdir. Çox sağ olun.

BIZƏ DƏSTƏK OLUN
Bölmələr:  
qısa linklər:   http://mtv.re/0o91np

Ən çox baxılan