“Qeyri-hökumət təşkilatlarına vergi cərimələri ləğv edilməlidir”- Bu fikir Sivil Toplum Platformasının “Azərbaycanda qeyri-hökumət təşkilatlarının durumu” mövzusundakı tədbirdə səsləndirilib.
Azərbaycanda təxminən 4000-nə qədər QHT qeydiyyatdan keçib. Hüquqşünas Xalid Ağaliyev deyir ki, işləyən QHT-lərin sayı bundan 10 dəfə azdır. O, 2013-2014-cü illərdə QHT-lərlə bağlı qanunvericiliyə edilən dəyişikliklərdən sonra təşkilatların sayının daha da azaldığını bildirir.
2014-cü ilin mayında QHT-lərlə bağlı cinayət işi açılıb. Təşkilat rəhbərlərinin həbsi ilə yanaşı, QHT-lər ümumilikdə 1 milyon manatdan artıq cərimə olunub. Vergi yoxlamasına təkcə yerli deyil, həm də beynəlxalq təşkilatlar məruz qalıb. Onlar 3 milyon 100 min manata qədər cərimələniblər.
Siyasətçilər hesab edirlər ki, QHT-lərin işinin məhdudlaşdırılması hökumətin insan haqlarına olan münasibəti ilə bağlıdır.
Tədbirdə beynəlxalq təşkilatların Qonqo təşkilatlarla əməkdaşlığı da tənqid olunub.
Sivil Toplum Platforması hökumətə tövsiyə edir ki, QHT-lərlə bağlı açılan cinayət işlərinə xitam verilsin, onların rəhbərlərinin, işçilərinin bank hesablarına qoyulan həbslər qaldırılsın, ölkədən çıxışlarına qoyulan yasaqlar, habelə sərhəd-buraxılış məntəqələrində yoxlamalara məruz qalması ilə bağlı qayda ləğv edilsin.