”Fitch” Azərbaycanla bağlı proqnozunu açıqlayıb
“Fitch” beynəlxalq reytinq agentliyi “Azərbaycan İpoteka Fondu”na (AİF) “neqativ” proqnoz verib. Xarici valyutada emitentin defolt reytinqini “BB+” kimi təsdiq edib.
“Fitch” bunun Azərbaycanın suveren reytinqinə uyğunlaşdırıldığını bildirir. Agentlik təşkilatın dövlətlə sıx əlaqələrinin olduğunu və dövlətin mənzil siyasətində əsas rol oynadığını qeyd edib.
Reytinq AİF istiqrazlarının geri alınması zəmanəti ilə dəstəklənir.
Hesabatda “əhalinin artımı, mənzil fondunun köhnəlməsi şəraitində davam edən urbanizasiya ilə əlaqədar evlərə tələbat artır”, – deyə bildirilir.
“Fitch Ratings” 2017-ci ildə AİF-in ipoteka portfelinin dövlət büdcəsindən 50 milyon vəsait və 200 milyon manat həcmində istiqrazların buraxılışı sayəsində 30-40 faiz artacağını proqnozlaşdırır.
Azərbaycan İpoteka Fondu (AİF) vasitəsilə kreditlər 2006-cı ildən verilir. Sosial ipoteka (50 min manat, 4 faizlə) 2007-ci ilin II yarısından verilmir. İndi kommersiya kreditlərinin (8 faiz) də dayandığı bildirilir.