REAL sədrinə qoyulan diaqnoz təsdiqlənib
Beynəlxalq Qırmızı Xaç Komitəsinin həkimi REAL Hərəkatının həbsdə olan sədri İlqar Məmmədova baş çəkib.
Bu barədə məlumatı hərəkatın icra katibi Natiq Cəfərli yayıb. Onun sözlərinə görə, aprelin 5-də, axşam saatlarında sədr ona zəng edərək bu barədə xəbər verib: “Aprelin 4-də Qırmızı Xaç Komitəsi öz həkimi ilə onu ziyarət edib, diaqnoz təsdiqini tapıb – kəskin osteoxondroz.
Həkim belə ağrılar zamanı dərmanlarla müalicədənsə, yataq, gün ərzində rejimin və qidalanma sisteminin diaqnoza uyğun gözlənilməli olduğunu vacib sayıb, belə şəraitdə isə bunun mümkünsüzlüyünü deyib. Dərmanlarla ancaq ağrıları azaltmaq olar, indi İlqarın ağrıları azalıb, amma tam keçməyib.
Qısası, İlqarın normal müalicəsi üçün rejim və sistem dəyişməlidir”
ReAL Hərəkatının lideri İlqar Məmmədov 2013-cü ilin yanvarında İsmayıllıda kütləvi iğtişaşların təşkilində ittiham olunaraq, 7 il azadlıqdan məhrum edilib.
Avropa İnsan Hüquqları Məhkəməsi 2014-cü ilin mayında İ.Məmmədovun azadlıq hüququ və təqsirsizlik prezumpsiyasının pozulmasını tanıyıb.
Avropa İnsan Hüquqları Məhkəməsinin qərarından sonra onun işi Şəki Apelyasiya Məhkəməsinə göndərilib. Ötən il aprelin 29-da Şəki Apelyasiya Məhkəməsi birinci instansiya məhkəməsinin hökmünü qüvvədə saxlayıb. Bundan sonra müdafiə tərəfi Şəki Apelyasiya Məhkəməsinin qərarından Ali Məhkəməyə kassasiya şikayəti verib. Ali Məhkəmə noyabrın 18-də kassasiya şikayətini təmin etməyib.
Avropa Şurası Nazirlər Komitəsi 2016-ci il sentyabrın 20-də keçirilən iclasında İ.Məmmədovun azadlığa buraxılmaması ilə Avropa İnsan Hüquq və Azadlıqları Konvensiyasının pozulduğunu açıqlayıb.
Azərbaycan hakimiyyəti «siyasi məhbus» terminini tanımır, ölkədə heç kəsin siyasi motivlərlə həbs olunmadığını deyir.