Beynəlxalq Qırmızı Xaç Komitəsi Azərbaycanla Ermənistanı kömək etməyə çağırıb

“Ümid edirik ki, gələcəkdə belə bir əməliyyatı həyata keçirmək üçün şərtlər yerinə yetiriləcək”

Source: Meydan Tv


“Ümid edirik ki, gələcəkdə belə bir əməliyyatı həyata keçirmək üçün şərtlər yerinə yetiriləcək”

Beynəlxalq Qırmızı Xaç Komitəsi (BQXK) Ermənistanla Azərbaycanı ötən həftəsonu əldə edilmiş humanitar atəşkəsin tələblərinə uyğun olaraq həlak olmuş əsgərlərin meyitlərinin və əsir düşmüş şəxslərin mübadilə edilməsini tənzimləməkdə kömək etməyə çağırıb, – “Reuters” xəbə verir.

“Bu günə qədər tərəflərlə məsələ ilə bağlı intensiv müzakirələr aparırıq. Ancaq hələ ki, mübadilə ilə bağlı heç bir önəmli razılaşma əldə edilməyib”,- təşkilatın Avrasiya regional direktoru Martin Şuep (Schuepp) Cenevrə görüşlərində qeyd edib və əlavə edib ki, həm Ermənistan, həm də Azərbaycanla görüşlər davam edir.

“Ümid edirik ki, gələcəkdə belə bir əməliyyatı həyata keçirmək üçün şərtlər yerinə yetiriləcək”,- o deyib və BQXK işçilərinin təhlükəsizliyinə zəmanət verilməsini tələb edib.

Ermənistan və Azərbaycan çərşənbə axşamı bir-birlərini bölgədəki humanitar atəşkəsi pozmaqda ittiham edib.

Üç gün öncə Moskvada tərəflər arasında atəşkəsin təmin edilməsi ilə bağlı razılaşma əldə edilsə də, saatlar sonra atəşkəs pozulub. Hər iki tərəf atəşkəsin pozulmasında bir-birini günahlandırır.

Atəşkəsin əldə edilməsindən bir gün sonra Azərbaycanın ikinci ən böyük şəhəri Gəncə atəşə tutulub. Ən az 10 nəfərin öldürüldüyü, çoxlu sayda yaralının olduğu bildirilir. Cavab olaraq Azərbaycan silahlı qüvvələri Dağlıq Qarabağın administrativ mərkəzi olan Xankəndini atəşə məruz qoyub.

Dağlıq Qarabağdakı etnik erməni rəsmilər hərbi ölümlərin sayının bazar ertəsindən bəri artaraq 542 olduğunu deyib.

Azərbaycan münaqişənin alovlandığı 27 sentyabr tarixindən etibarən 42 mülki şəxsin öldüyünü və 206 nəfərin yaralandığını bildirib. Bakı hərbi itkilər haqda heç bir açıqlama verməyib.

Ana səhifəXəbərlərBeynəlxalq Qırmızı Xaç Komitəsi Azərbaycanla Ermənistanı kömək etməyə çağırıb