Hər iki ölkə irqi nifrət və ayrı-seçkiliyə son qoymalıdır
Dekabrın 7-də Beynəlxalq Ədalət Məhkəməsi (BMT-nin əsas məhkəmə orqanı) iki iş üzrə: “Ermənistan Azərbaycana qarşı” və “Azərbaycan Ermənistana qarşı”, müvəqqəti tədbirlər haqqında qərar çıxarıb.
“Turan”ın məlumatına görə, məhkəmənin qərarında Azərbaycanı 2020-ci il münaqişəsi ilə bağlı həbsdə qalan bütün şəxsləri zorakılıqdan qorumağa, onların təhlükəsizliyini və qanun qarşısında bərabərliyini təmin etməyə çağırdığı deyilir:
“Məhkəmə həmçinin məmurlar və dövlət qurumları tərəfindən ermənilərə qarşı irqi nifrət və ayrı-seçkiliyin qarşısını almağa və erməni mədəni irsinin qorunması üçün bütün tədbirləri görməyə çağırıb”.
Beynəlxalq Ədalət Məhkəməsi qərar verib ki, Ermənistan azərbaycanlılara qarşı təşkilatlar və şəxslər tərəfindən irqi nifrətin qızışdırılmasının və təbliğatının qarşısını almaq üçün bütün tədbirləri görməlidir.
“Məhkəmə Ermənistanın hərbi əsirlərin azad edilməsi və Bakıdakı Qənimətlər Parkının bağlanması tələbini də rədd edib”,-deyə məlumatda qeyd olunub.
Birləşmiş Millətlər Təşkilatının Beynəlxalq Ədalət Məhkəməsi 1945-ci ildə yaradılıb. O, Baş Assambleya və BMT Təhlükəsizlik Şurası tərəfindən 9 il müddətinə seçilən 15 hakimdən ibarətdir. Məhkəmə qərarları məcburidir və şikayət verilmir.
2020-ci il sentyabrın 27-də isə Azərbaycan və Ermənistan silahlı qüvvələrinin təmas xəttində növbəti dəfə döyüşlər başlayıb.
44 günlük bu müharibə (İkinci Qarabağ müharibəsi) və sonrakı razılaşma nəticəsində Azərbaycan Dağlıq Qarabağın bir hissəsinə və ətraf yeddi rayona (Şuşa, Hadrut, Cəbrayıl, Füzuli, Qubadlı, Zəngilan və Xocavəndin bir hissəsi) nəzarəti ələ alıb.
10 noyabr razılaşmasına (Azərbaycan, Ermənistan və Rusiya rəhbərləri arasında) əsasən, Laçın dəhlizində və qoşunların təmas xəttində Rusiya sülhməramlıları yerləşdirilib, Kəlbəcər, Ağdam və Laçın rayonları boşaldılıb.
Keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin çox hissəsi tanınmayan qurumun və Rusiya sülhməramlılarının nəzarətində qalıb.