Bankın keçmiş baş mühasibi mühakimə olunur
Sentyabrın 12-də Bakı Ağır Cinayətlər Məhkəməsində “Beynəlxalq Bank” ASC-nin daha bir vəzifəli şəxsinin məhkəməsi başlayıb.
Meydan TV-nin məlumatına görə, həmin şəxs bankın nəzdində fəaliyyət göstərən “Azəricard” MMC-nin Maliyyə Menecmenti Departamentinin direktoru Gülşən Əliyevadır. Dələduzluqda təqsirləndirilən G. Əliyeva ilə yanaşı onun sürücüsü Bayram Şəfiyev də mühakimə olunur.
Hakim Şəkər Məmmədovanın sədrliyi ilə keçirilən prosesdə prokuror ittiham aktını elan edib. İttihama münasibət bildirən G.Əliyeva elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilsə də, B.Şəfiyev günahsız olduğunu deyib.
Növbəti məhkəmə iclası sentyabrın 20-dək təxirə salınıb.
İttihama görə, Bayram Şəfiyev özgənin əmlakını ələ keçirmək məqsədilə, 2011-ci il dekabr ayın ortalarında Gülşən Əliyeva ilə əlbir olaraq, tanışı İbrahim Cəfərovla görüşüb, G.Əliyevanı ona “Beynəlxalq Bank”ın baş mühasibi kimi təqdim edərək, sonuncunu bankda adına açılacaq müddətli əmanət (depozit) hesabına qoyulan puldan əlavə 5 faiz gəlir əldə edəcəyinə inandırıb. Bu yolla ondan 20 min manat məbləğində pul alaraq, guya bankdakı hesaba qoyacağını deməklə, onu aldadıb. Pulu isə G.Əliyevaya verib.
G. Əliyeva daha əvvəl bankın baş mühasibi olub.
“Azərbaycan Beynəlxalq Bankı” Açıq Səhmdar Cəmiyyətinin (ASC) İdarə Heyətinin sabiq sədri C.Hacıyev 2015-ci ilin dekabr ayının 5-də həbs edilib. Onun barəsində Nərimanov Rayon Məhkəməsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib. C.Hacıyev və digər 7 şəxsin – Mərkəzi filialın direktorları işləmiş Yusif Ələkbərov və Anar Sultanov, Mərkəzi filialın müdiri işləmiş İlqar Abdullayev, bankın inzibati binalarının mühafizəsini həyata keçirən “İnter Security” MMC-nin baş direktoru İbrahim Hüseynov, bankın Nəqliyyat filialının direktoru işləmiş Kənan Orucov, bankın Nərimanov filialının direktoru işləmiş Məmməd Cahangirov və Bakı Fındıq Zavodunun direktoru işləmiş Azad Cavadov Cinayət Məcəlləsinin 179.3.1, 179.3.2 (mütəşəkkil dəstə tərəfindən külli miqdarda mənimsəmə), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda), 309.2 (vəzifə səlahiyyətlərini aşma ağır nəticələrə səbəb olduqda), 313-cü (vəzifə saxtakarlığı), 228.1 və 228.4-cü (qanunsuz olaraq silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə) maddələri ilə ittiham ediliblər.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə C.Hacıyev 15 il, Y.Ələkbərov 8 il 6 ay, K.Orucov 7 il 6 ay, İ.Hüseynov 7 il 23 gün, M.Cahangirov 7 il 6 ay, A.Cavadov 10 il 11 ay, A.Sultanov 7 il 6 ay və İ.Abdullayev 6 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
İ.Abdullayev, M.Cahangirov və A.Sultanova Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq edilərək ona şərti cəza verilib. İ.Abdullayev məhkəmə zalından azadlığa buraxılıb. A.Cavadov isə məhkəmə zalında həbs edilb.
Bundan başqa, məhkəmə təqsirləndirilən M.Cahangirovdan tutulmalı olan 1 milyon 200 min manat məbləğində mülki iddianı C.Hacıyevdən tutulması ilə bağlı qərar çıxarıb.