Beynəlxalq Bankın reytinqi endirilib

“Moody’s” beynəlxalq reytinq agentliyi yeni açıqlama verib

Source:


“Moody’s” beynəlxalq reytinq agentliyi yeni açıqlama verib

“Moody’s” beynəlxalq reytinq agentliyi “Azərbaycan Beynəlxalq Bankı” ASC-nin (ABB) xarici valyutada uzunmüddətli və qısamüddətli depozit reytinqi “Ba3” bəndindən “B1” bəndinə endirilib. Bankın prioritet təmin olunmamış borcu üzrə reytinqi “Ba3”dən “B1” bəndinə, uzunmüddətli xarici öhdəlikləri üzrə reytinqi isə “B1”dən “B2”yə salınıb.

Qısamüddətli depozit reytinqi və risk qiymətləndirməsi “Not-Prime” kimi təsdiqlənib. Bankın uzunmüddətli və təmin olunmamış depozit reytinqləri üzrə proqnozu neqativdir.

“Moody’s” reytinqlərin endirilməsinin əsas səbəbi kimi 2016-cı ilin sonunda bankın maliyyə dayanıqlılığının pozulmasını göstərir:

“Bank öz risklərini azaltmaq imkanı tapmayıb. Halbuki belə bir niyyət olub. Yaxın zamanda baş tutan 600 milyon manatlıq kapitalizasiyaya baxmayaraq, bankın kapital mövqeyi neqativdir. Buna isə əvvəllər yığılmış zərər səbəb olub”, – deyə agentliyin açıqlamasında bildirilir.

Bank məsələləri eksperti Əkrəm Həsənov AzadlıqRadiosuna müsahibəsində bankın reytinqinin endirilməsindən, bunun ABB-nin sağlamlaşdırılma və özəlləşdirilməsinə təsirlərindən danışıb.

Bildirib ki, reytinqin aşağı salınması xaricdən kredit cəlb etməyi çətinləşdirəcək. Elə buna görə də, hazırda bütün yük dövlətin üzərinə düşüb. Digər tərəfdən, təbii ki, reytinqin azaldılması özəlləşdirməyə də mənfi təsir göstərəcək, çünki reytinqi aşağı olan bankın səhmlərini almaq istəyən az olacaq.

– Bankın yeni təyin olunan İdarə Heyətinin sədri Xalid Əhədov deyib ki, bu ilin sonuna qədər sağlamlaşdırma proqramını başa çatdırmaq niyyətindədir. Bu niyyət baş tutacaqmı?

““Sağlamlaşdırma” dedikdə, bütün problemli kreditlərin “Aqrarkredit”in üstünə atıb dövlətdən əlavə vəsait almaq başa düşülürsə, əlbəttə, bu, baş tuta bilər. Sadəcə, başa düşmək lazımdır ki, faktiki olaraq, bu, dövlətin üzərinə əlavə və çox ağır yük hesabına başa gələcək. Məsələn, tutaq ki, mənim qohumum var, borc içində batır. Mən onun borclarını tam ödədim. O sağlamlaşdı mənim hesabıma. Mənim üçün xərclədiyim pul əhəmiyyətli deyilsə, əlbəttə, problem yoxdur. Amma əhəmiyyətlidirsə, deməli, nəticədə mən xəstələndim. Dövlətimizin maliyyə vəziyyəti isə indi ürəkaçan deyil. Buna görə də, dövlətin daha da xəstələnməsi hesabına ABB-nin sağlamlaşdırılması mümkün olsa da, düzgün olub-olmaması başqa mövzudur artıq”, – deyə Əkrəm Həsənov bildirib.

Ana səhifəXəbərlərBeynəlxalq Bankın reytinqi endirilib