Beynəlxalq Bankın balansından çıxarılan problemli aktivlərin həcmi 10 milyarda yaxındır

Rövşən Ağayev: “Bu olay Azərbaycan miqyasda ölkə üçün “əsrin korrupsiyası” sayılmalıdır”

Source:


Rövşən Ağayev: “Bu olay Azərbaycan miqyasda ölkə üçün “əsrin korrupsiyası” sayılmalıdır”

2016-cı ildə “Azərbaycan Beynəlxalq Bank” ASC-nin toksik aktivlərinin “Aqrarkredit” QSC-yə ötürülməsinin birinci mərhələsi uğurla başa çatıb. “APA -Economics” xəbər verir ki, bu barədə bankın cari ilin I yarısına aid konsolidasiya edilmiş audit hesabatında deyilir.

Audit “Deloitte” şirkəti tərəfindən aparılıb.

Məlumatda bildirilir ki, birinci mərhələ çərçivəsində bankın balansından çıxarılan problemli aktivlərin həcmi 9 mlrd. 930 mln. manat həcmindədir. Qeyd edilib ki, I mərhələdə bankın balansından çıxarılan problemli aktivlərin mütləq əksəriyyəti xarici valyutada olanlardır.

“Hazırda ikinci mərhələnin aparılması müzakirə olunur. Bu prosesin 2016-cı ilin II yarısı – 2017-ci ilin I yarısında tamamlanması planlaşdırılır”, – deyə sənəddə qeyd edilib.

Məlumatı öz “Facebook” səhifəsində “çox fəlakətli durum” adlandıran iqtisadçı Rövşən Ağayev bildirib ki, Beynəlxalq Bankın problemi aktivlərinin maksimum 6 milyard manat olduğu deyilirdi: “İndi məlumat verilir ki, 2016-cı il ərzində 10 milyard manata yaxın toksik aktiv “Aqrarkredit”ə ötürülüb. Bunun da əksəriyyəti xarici valyutada olan aktivlərdir. İl ərzində valyuta bazarını silkələyən, manatı xarici valyutalar qarşısında çökməyə məcbur edən əsas səbəblərdənə birini bax burda axtarmaq lazımdır”.

R.Ağayev bildirib ki, Mərkəzi Bankın çap maşını “zəmanətli hökumət borcu” formasında Beynəlxalq Bankda illər ərzində korrupsiyanın əritdiyi vəsaitlərin yerini manatla doldurur, həmin manat isə dollara çevrilib banka dollarla depozit qoyan, borc verən subyektlərə qayıdır: “Hələ ən pisi də bununla bitmir. Sən demə, 10 milyard manatlıq əməliyyat hələ sağlamlaşdırmanın 1-ci mərhələsi imiş, 2 mərhələ gələn il başlayır. Bu mərhələdə nə qədər problemli aktiv Mərkəzi Bankın çap maşınını hərəkətə gətirəcək, onu dilə gətrimirlər.

Bu gedişlə axırda məlum olacaq ki, Beynəlxalq Bankda ən azı 10 milyard dollar “sehrli mədə”nin qurbanı olub. Görünür, hökumətin cəmiyyətə qayğısının mümunəsidir ki, ürək xəstəliyinə tutulacağımızdan qorxub 10 milyardı birdən-birə demədilər. Əvvəlcə 5-6 milyard manatdan danışırdılar”.

İqtisadçı hesab edir ki, bu olay Azərbaycan miqyasda ölkə üçün “əsrin korrupsiyası” sayılmalıdır: “Ətrafımızda olan heç bir ölkənin bank sektorunda bu cür genişmiqyaslı korrupsiya cinayət baş verməyib. Gürcüstanda, Qazaxıstanda, Rusiyada belə özbaşınalığın, pinti menecmentin olmasını təsəvvürə gətirə bilərsinizmi?”

Ana səhifəXəbərlərBeynəlxalq Bankın balansından çıxarılan problemli aktivlərin həcmi 10 milyarda yaxındır