Borcların ödənilməsinin ABB üçün asan və münasib variantının qəbul olunacağına az adam şübhə edər
Aktivlərinin həcminə görə ölkənin kredit təşkilatları arasında birinci yeri tutan Azərbaycan Beynəlxalq Bankı (ABB) xarici pul təəhhüdlərini (öhdəyə götürmə) yerinə yetirmədiyini elan edib. O, mayın 10-da “Rubrika Finance Company Limited”-ə çatmalı olan 100 mln. dollar məbləğində borcunu ödəmədi və bununla da qismən müflisləşdiyini və xarici öhdəliklərinin təkrar strukturlaşdırılması üzrə planını bəyan etmiş oldu.
Məlum olub ki, bugünlərdə ABB İdarə Heyətinin sədri Xalid Əhədovun bildirdiyi kimi, təkrar strukturlaşdırma 37 sazişə toxunacaq. Onun sözlərinə görə, təkrar strukturlaşdırılacaq xarici kreditlərin ümumi məbləği 3,3 mlrd. dollardan çoxdur. Artıq gələn həftə, mayın 23-də Londonda bankın xarici kreditorları ilə görüş keçirilməsı planlaşdırılıb. Qanuna görə, səs vermiş kreditorların əksəriyyətinin razılığı əsasında adekvat qərar qəbul olunacaq.
Yerli ekspertlər təkrar strukturlaşdırma üzrə qərarın qanuniliyi, bu bankın xilas edilməsi üzrə hökumət planının iflasa uğraması, antiböhran tədbirlərinin səmərəsizliyi, borcların ödənilməsinin dövlətə həvalə edilməsi planının nə dərəcədə əsaslandırılmış olduğu haqda mühakimə yeridirlər. Axı 3,3 mlrd. dollar borcun dövlətə ötürülməsi kreditlərin büdcə hesabına qaytarılacağı deməkdir. Xarici tərəfdaşları bu peripetiya (gözlənilməz dəyişiklik) və nüanslar az narahat edir. Onlar borcların ödənilməsi qrafiki üzrə suallara dəqiq cavablar almaq istəyirlər.
“Kreditorların bu və ya digər qərara səs verməsindən başqa, həyata keçirilən planın ədalətliliyi mühüm amildir. Bu amil qarşılıqlı razılaşdırmadan asılıdır. Biz tezliklə kreditorlarla müzakirə aparacaq və təkrar strukturlaşdırma planının nə zaman və hansı şərtlərlə həyata keçiriləcəyi barədə sazişə nail olacağıq”, – deyə X.Əhədov qeyd edıb.
Borcların ödənilməsinin ABB üçün asan və münasib variantının qəbul olunacağına az adam şübhə edər. Məsələ ondadır ki, “Bloomberg” saytının yazdığı kimi (məqalə “Azərbaycan ən böyük dövlət bankının kreditorlarını barmağına doladı” adlanır), ABB təkrar strukturlaşdırma prosesinə Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) hərəsi 500 mln. dollar həcmində iki depozitini cəlb edib. Beləliklə, o cümlədən, Amerikanın “Cargill Financial Services International Inc.” və Fransanın “Societe Generale SA” banklarının daxil olduğu siyahıda ARDNF yeganə milli kreditordur.
Lakin, bankın özü kimi, ARDNF-da, dövlətin nəzarəti altındadır, bu isə o deməkdir ki, onun depozitlərinin təkrar strukturlaşdırma proqramına daxil edilməsi kredit təşkilatına səslərin təklif edilən planın investorlarla danışıqlara başlamazdan əvvəl icbari olması üçün zəruri olan təxminən üçdə birini təmin edəcək.
Bununla bağlı olaraq, İqtisadi Təşəbbüslərə Yardım Mərkəzinin təhlilçisi Samir Əliyev vürğulayıb ki, cox güman, bank istədiyinə nail olacaq və depozitlər siyahıya “gələn həftə Londonda kreditorlarla görüşdə səslərin təxminən üçdə birini qazanmağı təmin etmək üçün” daxil edilib.
Mayın 12-də təqdim olunmuş sənədə əsasən, hər bir kreditor “borcun əsas həcmi və yığılmış faizlərin məbləğinin hər 1 dollar üçün 1 səs alacaq”. Plan səslərin üçdə ikisini qazandıqda qüvvəyə minir.
Lakin “Bloomberg” həmçinin ABB-nin fəaliyyət taktikası ilə Qazaxıstanın vaxtilə ən iri bankı “Samruk-Kazına” arasında paralel keçirib: onun borclarının həcmi 16,7 mlrd. dollar idi və bu, kreditorların 92%-nin həmin kredit təşkilatının təkrar strukturlaşdırmasına razılığını əldə etməyə imkan vermişdi. O da maraqlıdır ki, ABB-nin təxminən 250 mln. dollar məbləğində və 2024-cü ildə ödənilməli olan avrobondları Qazaxıstanın Dövlət Pensiya Fonduna məxsusdur və təkrar strukturlaşdırma planına daxil edilib.
Londonda yerləşən “Bluebay Asset Management”-in inkişaf edən bazarlar üzrə böyük strateqi Timoti Eş elektron poçtla yazıb ki, Azərbaycanın maliyyələşdirilməyə tələbatı kifayət qədər böyük olduğundan bu, ölkəni Qazaxıstanın BTA (“TuranAlem” Bankı -red.) ilə müqayisədə daha çox “dostcasına” danışıqlar aparmağa sövqləndirməlidir: “Onlara institusional investorlar ilə münasibətlərin qurulmasında ehmallı olmaq lazımdır”.
Keçmiş Sovet İttifaqı ölkələri arasında miqyasına görə ikinci və üçüncü ən böyük neft istehsalçıları Qazaxıstan və Azərbaycanın iqtisadiyyatı xammal malları qiymətlərinin çökməsindən sonra zəifləyib. Lakin Azərbaycan hökumətinin antiböhran tədbirləri, xüsusilə Mərkəzi Bankın valyuta nəzarətinin zəifləməsi zamanı ləngiməsi və ziddiyyətli siyasəti ilə bağlı olaraq daha çox tənqid edilir.
“Turan” Analitik Xidməti