Məhkəmə şahid ifadələri ilə davam etdirilir
AST Şirkətlər Qrupunun rəhbəri, “AST Telman” ləqəbilə tanınan işadamı Telman İsmayılov Beynəlxalq Bankdan 70 milyon kredit götürsə də, onu ödəyə bilməyib. Bu barədə məhkəmədə “Azərbaycan Beynəlxalq Bankı” ASC-nin Moskva filialının rəhbəri olmuş Fuad Abdullayev məlumat verib.
F.Abdullayev aprelin 29-da Bakı Ağır Cinayətlər Məhkəməsində Beynəlxalq Bankın həbsdə olan sabiq rəhbəri Cahangir Hacıyev, bacanağı İsmayıl Hidayətzadə, keçmiş deputat Dünyamin Xəlilov və daha 19 nəfərin iş üzrə şahid qismində ifadə verib.
O bildirib ki, 1992-ci ildən Beynəlxalq Bankda işləyib. 2001-ci ildə C.Hacıyev bankın rəhbəri təyin olunandan sonra onu da Moskva filialına müdir təyin edib. 2015-ci ildə həm C.Hacıyev, həm də F.Abdullayev Beynəlxalq Bankdan çıxarılıb. Hazırda işsizdir.
F.Abdullayev ifadəsində bildirib ki, bankın Moskva filialından böyük məbləğdə kredit götürüb, sonra onu ödəyə bilməyən şəxslər arasında işadamı Telman İsmayılov, 2006-cı ildə ilk turist kosmonavt müsəlman qadın olmuş, İran əsilli ABŞ vətəndaşı Anuşe Ansari də olub.
Şahidin sözlərinə görə, “AST Telman” bankdan 70 milyon kredit götürüb. Həmin kredit Ukraynada ticarət binalarının inşasıyla bağlı layihəni maliyyələşdirmək məqsədilə verilib. Lakin işadamının vəziyyəti pisləşdiyinə görə, bir müddət sonra o, krediti ödəyə bilməyib.
F.Abdullayev bildirib ki, 2013-cü ildə T.İsmayılov ödənişləri yerinə yetirə bilməyəndə razılaşma əsasında onun layihəsi Cahangir Hacıyevin tanışı Xaqani Bəşirovun nəzarətinə keçib. Yəni o layihəni Bəşirovun nəzarətindəki şirkətlər davam etdirib.
Azərbaycanla yanaşı, həm də Fransa vətəndaşı olan X.Bəşirov “Java Investments Management PLC” və “ V.e.s Consultancy (Uk) LTD” şirkətlərinin təsisçisi və direktorudur. Onun adı Beynəlxalq Bankla bağlı bir çox qalmaqallarda hallanır.
Anuşe Ansariyə gəlincə, F.Abdullayevin dediyinə görə, o, Beynəlxalaq Bankın Moskva filialından 12 milyon dollar kredit götürüb, ödəyə bilməyib. Həmin kredit ABŞ-da “Ağıllı ev” layihəsi üçün verilmişdi.
Beynəlxalq Bankla bağlı məhkəmə prosesi mayın 6-na qədər təxirə salınıb.
C.Hacıyev 2015-ci il dekabrın 4-də həbs olunub. O, 2016-cı ildə Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 15 il azadlıqdan məhrum edilib. C.Hacıyev Beynəlxalq Bankın vəsaitlərinin mənimsənilməsində təqsirli bilinib.
Hazırda həmin məhkəmədə onun haqqındakı ikinci cinayət işi üzrə araşdırmalar gedir. Ona və digər təqsirləndirilən 21 nəfərə qarşı Cinayət Məcəlləsinin 179.3.2 (külli miqdarda ziyan vurmaqla mənimsəmə) maddəsilə ittiham irəli sürülüb. C.Hacıyevə mənimsəmədən əlavə, sənədlərin saxtalaşdırılması, vergidən yayınma, cinayət yoluyla əldə olunmuş vəsaitlərin leqallaşdırılması kimi ittihamlar da verilib.
Lakin o, özünü təqsirli bilmir.