Beynəlxalq Bank özəlləşdirilə bilər

Azər Mehtiyev: ”Beynəlxaq qurumlar özəlləşmənin tam şəffaf olmasında maraqlı olacaqlar”

Source:


Azər Mehtiyev: ”Beynəlxaq qurumlar özəlləşmənin tam şəffaf  olmasında maraqlı olacaqlar”

“Azərbaycan Beynəlxalq Bankının (ABB) restrukturizasiyası aparılır. Restrukturizasiya prosesi başa çatdıqdan sonra bankın özəlləşdirilməsi məsələsi gündəliyə çıxarılacaq”.

“APA-Economics”-in məlumatına görə, bunu maliyyə naziri Samir Şərifov bildirib.

Samir Şərifov

«Avropa Yenidənqurma və İnkişaf Bankının rəhbəri Azərbaycanda səfərdə olan zaman bu məsələ ilə maraqlanıb. Biz də bu müzakirələri gələcəkdə davam etdirəcəyik», – deyə nazir əlavə edib.

İqtisadçı Azər Mehtiyev isə bankla bağlı durumun kifayət qədər mürəkkəb olduğunu düşünür.

O, xatırıladıb ki, bankın sağlamlaşdırılması üçün böyük vəsait ayrılıb və dövlət xarici öhdəliklərin yerinə yetirilməsi vəzifəsini üzərinə götürüb:

“Belə bir şəraitdə bank yeni bir formada fəaliyyətə başlayır. Lakin “Kapitalbank”ın özəlləşdirilməsi diqqətdə saxlanılarsa, təbii ki, Azərbaycan Beynəlxalq Bankın (ABB) özəlləşdirilməsində hər şeyin şəffaf olacağını gözləmək o qədər də mümkün deyil”.

Azər Mehtiyev

Bununla belə Azer Mehtiyev prosesə beynəlxalq təşkilatların cəlb olunmasını yaxşı hal hesab edib:

“Bu qurumlar bankın səhmlərini alacaqsa, prosesin qapalı saxlanılması onların maraqlarına cavab verməyəcək. Beynəlxaq qurumlar özəlləşmənin tam şəffaf  olmasında maraqlı olacaqlar. Yəqin ki, ABB-nin səhmlərinin beynəlxalq qurumlar tərəfindən alınması bankın təkmilləşdirilməsi istiqamətində əhəmiyyətli ola bilər”.

Azərbaycan Beynəlxalq Bankı (ABB) bu ilin yazında 3.3 mlrd. dollar borcunun restrukturizasiyasından ötrü Nyu-Yorkda məhkəməyə müraciət edib. Restrukturizasiya kreditin və onun qaytarılma şərtinin dəyişdirilməsi deməkdir.

Verilən məlumata görə, ABB-nin sağlamlaşdırılması ilə bağlı dövlətin 10 milyard manat vəsaiti xərclənib.

Mayın 23-də xarici öhdəliklərin könüllü restrukturizasiyası ilə əlaqədar Londonda bankın xarici kreditorları ilə görüş keçirilib. Toplantıda bankın xarici borclarının restrukturizasiya planı təqdim olunub.

Azadlıq Radiosunun məlumatına görə, orada əsasən üç variantdan söhbət gedib. İlk varianta əsasən, əsas kreditorlar üzrə 2.38 milyard dollar borc 20 faiz endirimlə 12 illik dövlət istiqrazları ilə əvəz edilməli idi. İstiqrazların gəlirliliyi illik 5.125 faiz təşkil edəcəkdi.

İkinci varianta görə, borc illik gəlirliliyi 3.5 faiz olan 15 illik istiqrazlarla əvəzlənməli idi.

Üçüncü variant isə borcun ABB-nin yeni, gəlirliliyi 3.5 faiz olan 7 illik istiqrazları ilə əvəz edilməsini nəzərdə tuturdu.

ABB-nin kreditorları təklif edilən plandan əvvəlcə narazı qalıblar. Sonradan plana bəzi kiçik dəyişiklik edilib və o qəbul edilib.

Beləliklə, bankın 3 milyard dollar civarında borcu dövlətə keçib.

ABB-nin İdarə heyətinin keçmiş sədri Cahangir Hacıyev mənimsəmə və qulluq səlahiyyətlərini aşmaqda ittiham edilərək, 15 il həbs cəzası alıb. C.Hacıyev 2015-ci ildə həmin vəzifədən uzaqlaşdırılsa da, bankın ətrafında qalmaqallar bitməyib. Keçmiş deputat Dünyamin Xəlilov və digər iş adamları da banka vurulan ziyanla bağlı həbs olunublar.

Ana səhifəXəbərlərBeynəlxalq Bank özəlləşdirilə bilər