”Beynəlxalq Bank ölkə başçısına qarşı addım atıb”

Əkrəm Həsənov: Məhkəmə qanunsuz qərar qəbul edən Beynəlxalq Bankın tərəfini tutdu

Source:

Əkrəm Həsənov: Məhkəmə qanunsuz qərar qəbul edən Beynəlxalq Bankın tərəfini tutdu

“Ötən ilin sonunda Beynəlxalq Bank maliyyə vəziyyətinin pisləşməsi səbəbindən vətəndaşların xarici valyutadakı əmanətləri üzrə faiz dərəcəsini qanunsuz olaraq birtərəfli qaydada 2 faizə endirib. Buna görə də əmanətçilərin xeyli hissəsi həmin bankdan pullarını geri götürüb, bir qismi isə məhkəməyə üz tutub”.

Bank sahəsi üzrə ekspert, hüquqşünas Əkrəm Həsənov belə deyir.

O, məhkəməyə müraciət edənlərdən birinin vəkilidir. Ə.Həsənovun bildirib ki, işə Nəsimi Rayon Məhkəməsində hakim Rəşid Səmədov baxıb:

“Bankın tamamilə əsassız vəsatəti ilə iclaslar qapalı idi. Guya bankın kommersiya sirrinə dair məlumatlar açıqlanmalı idi, amma açıqlanmadı (əslində, sadəcə iclasın açıq olmasından qorxdular!). Bank ümumiyyətlə heç yazılı etiraz da təqdim etmədi. Bankın nümayəndəsi elə tutuquşu kimi təkrarlayırdı ki, ölkədə devalvasiya baş verdiyi üçün bankın vəziyyəti pisləşib, buna görə də əmanətlər üzrə yüksək faiz ödəməyə qadir deyil. Nəticədə məhkəmə də iddiamızı təmin etmədi və bankın tərəfini tutdu”.

Əkrəm Həsənov deyir ki, məhkəmənin bankın tərəfini tutması dollarda borcu olanların vəziyyətini yaxşılaşdıracaq.

Qətnamədə deyilir ki, ölkədə devalvasiyanın baş verməsi və manatın ABŞ dolları qarşısında dəyərini xeyli itirməsi halını əksəriyyət ağlabatan mühakimə şəraitində əvvəlcədən görə bilməzdi.

Çünki artıq uzun illər Azərbaycan manatı ABŞ dollarına münasibətdə möhkəmləməkdə davam edirdi.

“Ona görə şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi halının baş verməsini məhkəmə qəbul edir. Deməli, eyni ilə dollarda borcu olanlar da bundan sonra bu qətnaməyə istinadən deyə bilər ki, “mən də devalvasiyanı gözləmirdim (ölkənin ən iri bankı gözləmirdisə, mən necə gözləyə bilərdim axı?!). Nəticədə bu məzənnə ilə borcumu ödəyə bilmirəm, odur ki, müqaviləni birtərəfli qaydada dəyişirəm”.

Başqa sözlə, Beynəlxalq Bankın qanunsuzluğuna haqq qazandıran məhkəmə əslində dollar borclularına kömək etmiş oldu!”

Hüquqşünas deyir ki, Beynəlxalq Bankın sözügedən qanunsuz hərəkəti nəinki onun cari rəhbərliyinin qeyri-peşəkarlığının kuliminasiyası, həmçinin birbaşa ölkə başçısına qarşı atılmış addım oldu.

“Belə ki, bank əmanətçilərə məktubunda hərəkətini əsaslandırarkən yazır: “Müqavilə bağlandıqdan ötən dövr ərzində ölkə iqtisadiyyatında, o cümlədən bank-maliyyə sektorunda baş vermiş əhəmiyyətli dəyişikliklər nəticəsində 2016-cı il ərzində Bankın maliyyə vəziyyəti ciddi dərəcədə pisləşmişdir”.

Sonra da Prezidentin “Azərbaycan Beynəlxalq Bankı” Açıq Səhmdar Cəmiyyətinin dövlətə məxsus səhmlərinin özəlləşdirilməyə hazırlanması ilə bağlı sağlamlaşdırılma tədbirləri haqqında” 15 iyul 2015-ci il tarixli

Fərmanı

na istinad edir.

Halbuki, həmin Fərmanda nəinki əmanətlərdən söhbət getmir (yalnız problemli kreditlərdən bəhs edilir) və “bankın yerli və xarici kreditorlar üçün etibarlı tərəfdaş” olmasının vacibliyi vurğulanır, üstəlik deyilir: “son illər bankın idarə edilməsində və investisiya-kredit siyasətində yol verilmiş nöqsanlar, o cümlədən səmərəsi aşağı olan riskli investisiya layihələrinin maliyyələşdirilməsi bankın maliyyə vəziyyətinin pisləşməsinə, problemli aktivlərinin artmasına və likvidliyinin daralmasına səbəb olmuşdur”.

Yəni Cənab Prezident bankın vəziyyətinin pisləşməsinin səbəbi kimi onun daxili problemlərini vurğulayır, bankın rəhbərliyi isə xarici səbəbləri qabardır və eyham vurur ki, ölkədə iqtisadi vəziyyət yaxşı deyil. Baxmayaraq ki, möhtərəm dövlət başçımız dəfələrlə bunun tam əksini söyləyib. Məhkəmədə mən Prezidentin bir sıra çıxışlarından sitat da gətirdim (yazılı təqdim etməklə) ki, ay balam, dövlət bankı ölkə başçısına qarşı çıxır, məhkəmə buna necə haqq qazandıra bilər axı?!”.

Əkrəm Həsənov deyir ki, işin maraqlı tərəfi ötən ilin yayında bankın öhdəliklərinin könüllü restrukturizasiyası zamanı onun müşahidə şurasının sədri Samir Şərifov (maliyyə naziri) və idarə heyətinin sədri Xalid Əhədov bəyanat vermişdilər ki, şərtlərin dəyişdirilməsinin əmanətçilərə aidiyyəti yoxdur. Nəticədə isə belə çıxdı ki, aidiyyəti oldu, bizi yenə aldatdılar!

“Ən vacibi isə budur ki, məhkəməyə bankın saytından götürdüyüm maliyyə hesabatlarını təqdim etdim. Həmin hesabatlara görə bank ötən ili 806 mln. manat xalis mənfəətlə və 202 mln. manat xalis faiz gəliri ilə bitirib. Bəs onda niyə deyir ki, vəziyyəti pisləşib və faizləri ödəyə bilmir? Bu boyda da yalan olar?

Bankın nümayəndəsi təbii ki, bu suallara cavab verə bilmədi. Bunun əvəzinə daha çox mənim fəaliyyətimdən danışırdı. O cümlədən sonda dedi ki, Əkrəm Həsənovun banklardan nə istəməsi məlum deyil. Mən də belə cavab verdim: “Mən yalnız Azərbaycanda qanunçuluğun hökm sürməsini istəyirəm. İkili standartlar yolverilməzdir! Axı niyə banka borcu olanın başına oyun açılır, amma müflis bankda xeyli şəxsin pulu batdığı halda heç kəs cəzalandırılmır? Axı niyə devalvasiya nəticəsində borcunu ödəyə bilməyənlərə güzəşt edilmir, amma eyni səbəblə bank güzəştə nail olur? Buna son qoyulmalıdır!”

Beynəlxalq Bankın rəhbərliyi 2015-ci ildə vəsaitlərin talanması ilə bağlı həbsə alınıb. C.Hacıyev və daha 7 nəfər bank məsulu mənimsəmə, dələduzluq, vəzifə səlahiyyətindən sui-istifadə kimi cinayətlərdə ittiham olunublar. C.Hacıyev 15, digərləri isə 11-13 il müddətinə azadlıqdan məhrum

ediliblər

.

2015-ci ildə baş verən iki devalvasiyadan (21 fevral və 21 dekabr) sonra 12 bank bağlanıb.

Ana səhifəXəbərlər”Beynəlxalq Bank ölkə başçısına qarşı addım atıb”