“Prezidentin fərmana əməl olunmadı və bu cür yanaşma ilə ölkənin iqtisadiyyatına, bank sektoruna ciddi zərbələr vuruldu”
Beynəlxalq Bankın keçmiş rəhbəri Cahangir Hacıyevin 15 il azadlıqdan məhrum edilməsi barədə hökmün çıxarılmasından düz iki il yarım vaxt keçir. Amma keçmiş bank rəhbəri hələ də yerli məhkəmələrdə bu hökmü mübahisələndirir. Aprelin 18-də Ali Məhkəmədə hakim İnqilab Nəsirovun sədrliyilə onun kassasiya şikayətinə baxılıb.
C.Hacıyev haqqında 15 illik həbs hökmüylə məhkum olunanlardan daha üç nəfər – bankın Nərimanov filialının sabiq müdiri Məmməd Cahangirov, bankın inzibati binalarının mühafizəsini həyata keçirən “Inter Security MMC-nin keçmiş baş direktoru İbrahim Hüseynov və Bakı Fındıq Emalı Zavodunun rəhbəri olmuş Azad Cavadov da Ali Məhkəməyə şikayət verib. Onların dördünün də şikayətinə birlikdə baxılıb.
M.Cahangirov istisna olmaqla, digər şəxslər həbsdədir. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmüylə C.Hacıyevə 15 il, A.Cavadova 11 il, İ.Hüseynova isə 8 il həbs cəzası verilib. M.Cahangirova da 7 il 6 aylıq cəza verilib, amma şərti. Onların hamısı kassasiya şikayətlərində təqsirsiz olduğunu bildirərək, bəraətverici əsaslarla barələrindəki cinayət işinə xitam verilməsini istəyirlər.
Ali Məhkəmədə M.Cahangirov çıxış edərkən də belə deyib. Digər üç nəfərin isə ancaq vəkilləri çıxış edib. Müdafiəçilər də məhkəmədən bəraət istəyiblər.
C.Hacıyevin hüquqlarını müdafiə edən vəkil Fəxrəddin Mehdiyev bildirib ki, müvəkkilinə qarşı irəli sürülən mənimsəmə, israfetmə ittihamları əsassızdır. Vəkilin sözlərinə görə, bankdan kredit verilən müəssisələr işlək olub, maliyyələşdirilən layihələr fayda verib, kreditlər də ödənilib. Lakin 2015-ci ildən etibarən Beynəlxalq Bank işi üzrə cinayət təqibləri başlayıb, kredit götürənlər həbs olunub, müəssisələrin fəaliyyəti iflic olub.
Beynəlxalq Bankın vəsaitlərilə yaradılan müəssisələr “Aqrarkredit” QSC-nin nəzarətinə keçib: “İdarəçilik dəyişib, xaotik vəziyyət yaranıb. Nizamlaya bilməyiblər. İşlək müəssisələr olduğu halda, onları işlədib kreditlərini ödəməyiblər. Nəticədə həmin borclar Cahangir Hacıyevin, həmin müəssisələrin əvvəlki rəhbərlərinin üzərində qalıb. Halbuki, adamlara imkan verilsəydi, özləri fəaliyyəti davam etdirib, kreditləri də ödəyərdilər. Prezidentin 5 iyul 2015-ci il tarixli fərmanı var – “Azərbaycan Beynəlxalq Bankı” ASC-nin dövlətə məxsus səhmlərinin özəlləşdirməyə hazırlanmasıyla bağlı sağlamlaşdırma tədbirləri haqqında. O fərmanda da tövsiyə olunur ki, Beynəlxalq Bankın problemləri iqtisadi formada, mülki qaydada həll olunsun. Lakin fərmana əməl olunmadı və bu cür yanaşma ilə ölkənin iqtisadiyyatına, bank sektoruna ciddi zərbələr vuruldu”.
Vəkil həmin müəssisələrdən bəzilərinin adlarını da çəkib. Onların arasında Şəki və Zaqatalada Olimpiya Kompleksi, Bakı Fındıq Emalı Zavodu, Metanol Zavodu, Şüşə Zavodu və s. Sözügedən müəssisələrin bir neçəsinin adları dəyişib və bir müddət öncə yaradılan Azərbaycan Sənaye Korporasiyasına verilib.
Vəkil bildirib ki, C.Hacıyev və digərlərinə mütəşəkkil dəstə ittihamı verilib, amma adamlar bir-birini tanımayıblar, əlaqələri olmayıb. Əlavə edib ki, Bakı Ağır Cinayətlər Məhkəməsində bu işə baxılarkən müdafiə tərəfinin onun təqsirsizliyini sübut etmək üçün verdiyi 36 vəsatətin heç biri təmin olunmayıb.
Prokuror çıxışlardan sonra kassasiya şikayətlərinin əsassız olduğunu deyərək, təmin olunmamasını istəyib.
Ali Məhkəmə yalnız İbrahim Hüseynovun şikayətini qismən təmin edib. Ona verilən ittiham maddələrinə dəyişiklik edilib və cəzası 8 ildən 5 il 3 aya endirilib.