Təşkilatın Gürcüstan vətəndaşları olan iki əməkdaşı oktyabrın 7-də təyyarədən düşən kimi Bakı aeroportunda saxlanılıb və ölkədən çıxarılıb
Beynəlxalq Amnistiya Təşkilatının iki əməkdaşı Azərbaycana səfər zamanı Bakıdakı hava limanında saxlanılıb və deportasiya olunub.
Məlumatı “Associated Press” agentliyi təşkilata istinadən yayıb.
Təşkilatdan bildirilib ki, Beynəlxalq Amnistiya Təşkilatının Gürcüstan vətəndaşları olan iki əməkdaşı oktyabrın 7-də təyyarədən düşən kimi Bakı aeroportunda saxlanılıb və ölkədən çıxarılıb.
“Azərbaycan hökuməti repressiya kampaniyasını nəfəs dərmədən davam etdirir. Bu ölkədə istənilən fərqli fikir və tənqid dərhal repressiya ilə qarşılanır”, – deyə Beynəlxalq Amnistiya Təşkilatının Mərkəzi Asiya bürosunun direktoru Con Dalhauzen bildirib.
“Associated Press” xatırladır ki, keçmiş sovet ölkəsi olan Azərbaycanda insan haqlarının kütləvi şəkildə pozulmasına, müxalifətə qarşı repressiyalarla əlaqədar hökumətin ünvanına beynəlxalq tənqidlər də artıb. Son vaxtların səs-küylə hadisələrindən biri də tanınmış jurnalist Xədicə İsmayılovanın maliyyə cinayətlərində ittiham edilərək, 7 il 6 ay azadlıqdan məhrum edilməsi oldu. Tərəfdarları isə bildirir ki, prezident İlham Əliyev və ailəsinin korrupsiyası barədə araşdırmalarına görə bu yolla Xədicə İsmayılovadan qisas alınır.