“Bu hökmlər “Azərbaycan hakimiyyətinin müstəqil medianı tamamilə susdurmaq” niyyətindən xəbər verir”
Jurnalistləri Müdafiə Komitəsi (CPJ) və Avropa İttifaqının Xarici Fəaliyyət Xidməti “AbzasMedia işi” ilə əlaqədar jurnalistlərə və dövlətə xəyanətdə ittiham olunan araşdırmaçı Bəhruz Səmədova oxunan hökmdən narahatlığını ifadə edib.
Jurnalistləri Müdafiə Komitəsinin Avropa və Mərkəzi Asiya üzrə koordinatoru Gülnoza Səid bildirib ki, bu hökmlər “Azərbaycan hakimiyyətinin müstəqil medianı tamamilə susdurmaq” niyyətindən xəbər verir.
Gülnoza Səid bildirib ki, Bahruz Səmədovun intihara cəhd etməsi narahatlıq doğurur, onun sağlamlığına xüsusi diqqət yetirilməli, həmçinin haqsız yerə həbs olunan jurnalistlər dərhal azad edilməlidir.
Bəyanatda hazırda həbsdə olan digər media qurumlarının əməkdaşlarına da diqqət yetirilir və onların tezliklə azad edilməsi tələb edilir.
Avropa İttifaqının Xarici Fəaliyyət Xidməti də “AbzasMedia”nın jurnalist və əməkdaşlarına ağır həbs cəzası verilməsini pisləyib.
“Müstəqil jurnalistika şəffaflığın, hesabatlılığın və məlumatlı ictimai müzakirənin qorunmasında mühüm rol oynayır. Avropa İttifaqı Azərbaycanı insan hüquqlarına və azadlıqlarına hörmət etməyə, beynəlxalq öhdəliklərini yerinə yetirməyə, həmçinin media işçilərinin təhlükəsiz və əlverişli mühitdə fəaliyyətinə şərait yaratmağa çağırır”.
2025-ci il iyunun 20-də Bakı Ağır Cinayətlər Məhkəməsinin qərarı ilə “AbzasMedia”nın direktoru Ülvi Həsənli, baş redaktor Sevinc Vaqifqızı, araşdırmaçı jurnalist Hafiz Babalı, “Azadlıq” radiosunun jurnalisti, iqtisadçı Fərid Mehralızadə 9 il, reportyorlar Nərgiz Absalamova və Elnarə Qasımova 8 il, direktor müavini Məhəmməd Kekalov isə 7 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
“AbzasMedia işi” üzrə həbslər 2023-cü ilin noyabrın 20-dən etibarən başlayıb. Azərbaycanda korrupsiya araşdırmaları aparan “AbzasMedia”nın 6 əməkdaşı – direktor Ülvi Həsənli, onun müavini Məhəmməd Kekalov, baş redaktor Sevinc Vaqifqızı, reportyorlar Nərgiz Absalamova və Elnarə Qasımova, araşdırmaçı jurnalist Hafiz Babalı həbs ediliblər.
Ötən ilin mayında “Azadlıq” radiosunun jurnalisti, iqtisadçı Fərid Mehralızadə də “AbzasMedia işi” çərçivəsində həbs edilib. Elə həmin gün “AbzasMedia” bəyanat yayaraq Mehralızadə ilə əməkdaşlılıq əlaqəsinin olmadığını bildirib.
Jurnalistlər irəli sürülən ittihamları rədd edir, həbslərinin apardıqları korrupsiya araşdırmalarına görə siyasi sifariş olduğunu bildirirlər.
Yerli və beynəlxalq hüquq müdafiə təşkilatları bu həbsləri siyasi motivli hesab edir və jurnalistlərin azad edilməsinə, onlara qarşı ittihamların geri götürülməsinə çağırırlar.
Bəhruz Səmədov 2025-ci il iyunun 21-də dövlət ittihamçısının ona 16 il həbs cəzası istəməsinə etiraz olaraq intihara cəhd edib.
İyunun 23-də isə o, 15 il müddətinə azadlıqdan məhrum edilib.
Bəhruz Səmədov Çexiyanın Karlov Universitetinin doktorantıdır. O, Azərbaycan-Ermənistan münaqişəsi haqqında apardığı araşdırmalar, eləcə də Azərbaycan hökumətini tənqid edən yazıların müəllifi kimi tanınır.
O, 2024-cü il avqustun 21-də Dövlət Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən saxlanılıb.
Səbail Rayon Məhkəməsi onun barəsində Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsi ilə həbs qətimkan tədbiri seçib.
Bəhruz Səmədov ittihamı qəbul etmir, özünü təqsirli bilmir. O, dövlətə xəyanət ittihamının qondarma olduğunu vurğulayıb, ifadəsində bildirib ki, Ermənistan xüsusi xidmət orqanları ilə əməkdaşlıqda ittiham olunsa da, bunu təsdiqləyən heç bir sübut yoxdur.
Bəhruz Səmədov bildirib ki, sülhpərvərdir, müharibənin əleyhinədir. Çıxışları, məqalələri də bu barədədir. Buna görə də susdurulmaq üçün saxta ittihamla cəzalandırılır.