Bəyanatda deyilir ki, hakimiyyətlə razılaşmayan jurnalistlərə qarşı təzyiq və repressiyalar davam edir
Beynəlxalq Jurnalistlər Federasiyası (IFJ) və Avropa Jurnalistlər Federasiyası (EFJ) Azərbaycan hökumətinin tənqidi media və jurnalistlərə qarşı qəddar siyasətini qınayan bəyanat yayıb.
Bəyanatda deyilir ki, Azərbaycan hökuməti müstəqil media qurumlarının fəaliyyətinə mane olur. Hakimiyyətlə razılaşmayan jurnalistlərə qarşı təzyiq və repressiyalarını davam etdirir.
Hər iki təşkilat Azərbaycan hakimiyyətinin informasiya məkanına daha çox nəzarət etmək üçün atdığı son addımlarını pisləyir və saxlanılan jurnalistləri dərhal azad etməyə çağırır.
“Son bir neçə həftə ərzində Azərbaycan hakimiyyətinin həyata keçirdiyi repressiyalar yeni bir mərhələyə keçib. Jurnalistlər Şahnaz Bəylərqızı, Nurlan Qəhrəmanlı, Şəmşad Ağa həbs olunub. “BBC News”-un Bakı ofisi bağlanıb. Hazırda “AbzasMedia”, “Toplum TV” və “Meydan TV”-ni hədəf alan üç əsas cinayət işi üzrə 25-dən çox media işçisi dəmir barmaqlıqlar arxasındadır. Onların əksəriyyəti Qərb donorlarından maliyyə vəsaiti (qaçaqmalçılıq) əldə etməkdə ittiham olunaraq saxlanılıb”, – birgə bəyanatda deyilir.
“BBC News Azərbaycanca”dan başqa, “Sputnik Azərbaycan”ın heyətinin də bir nəfərə endirilməsi, ABŞ-nin maliyyələşdirdiyi “Amerikanın Səsi” radiosunun müxbir akkreditasiyasının ləğvindən də bəhs edilib.
“1990-cı ildə yaradılmış “Turan” İnformasiya Agentliyi də davamlı maliyyə çətinliyi səbəbindən fəaliyyətini dayandırdığını açıqlayıb. Lakin daha sonra Agentliyin direktoru Mehman Əliyev “OC Media”-ya “Turan”-ın bağlanmasının “siyasi sifariş” olduğunu bildirib”, – bəyanatda qeyd olunur.
“Hökumət tənqidi səsləri sistemli şəkildə susdurur, elə bir mühit yaradır ki, bəzi media qurumları artıq normal fəaliyyət göstərə bilmir. Ölkədə demək olar ki, jurnalist qalmayıb və maliyyə mənbələri tükənib. Aydındır ki, hökumət narazılığın bütün formalarının kökünü kəsmək niyyətindədir. Biz Azərbaycanda jurnalist fəaliyyətinə görə haqsız yerə həbs edilən və mühakimə olunan bütün jurnalistləri dərhal azad etməyə çağırırıq”, – “EFJ”-nin Baş katibi Rikardo Qutyerres bildirib.
“IFJ”-nin Baş katibi Entoni Bellancer də Azərbaycan hökumətini müstəqil jurnalistlərə və mediaya qarşı təzyiqləri dayandırmağa çağırıb.
“Biz ölkədə fəaliyyət göstərən müstəqil jurnalistləri və tənqidi səsləri susdurmağa və daha da məhdudlaşdırmağa yönəlmiş repressiya dalğasının şahidi oluruq. Azərbaycan hakimiyyəti media işçilərini hədəfə almağı dayandırmalı və haqsız yerə həbs edilmiş bütün jurnalistləri dərhal azad etməlidir”.
2023-cü ilin noyabrından başlayaraq Azərbaycanda jurnalistlər həbs olunurlar.
Onların arasında “Meydan TV”, “AbzasMedia”, “Toplum TV” kimi tənqidçi media orqanlarının rəhbərləri və çoxsaylı əməkdaşları var.
Jurnalistlərə qarşı qaçaqmalçılıq ittihamı irəli sürülüb. Lakin onlar bu ittihamı rədd edir, jurnalist fəaliyyətlərinə, korrupsiya araşdırmalarına görə həbs olunduqlarını bildirirlər.