Beynəlxalq Soyqırımı Tədqiqatçıları Assosiasiyası İsrailin Qəzza zolağında soyqırımı törətdiyini göstərən hüquqi əsasların olduğunu bildirən qətnamə qəbul edib.
Assosiasiyanın prezidenti Melani O’Brayenin məlumatına görə, 500 üzvdən 86 faizi qətnamənin lehinə səs verib.
“Bu, soyqırımı sahəsində ixtisaslaşmış ekspertlərdən aydın və qəti mövqedir – Qəzzada baş verənlər soyqırımıdır”, – O’Brayen deyib.
Üç səhifəlik qətnamədə qeyd olunur ki, İsrailin Qəzzadakı siyasət və hərəkətləri 1948-ci il Soyqırım Cinayətinin Qarşısının Alınması və Cəzalandırılması üzrə BMT Konvensiyasının II maddəsindəki hüquqi soyqırımı tərifinə uyğundur. Assosiasiyanın üzvü olan alimlər İsraili dərhal dayanmağa çağırıb:
“Fələstinlilərə qarşı soyqırımı, müharibə cinayətləri və insanlığa qarşı cinayətlər dərhal dayandırılmalıdır. Bunlara – uşaqlar da daxil olmaqla mülki əhalinin hədəf alınması, öldürülməsi, aclıqla cəza vermək, humanitar yardımların, suyun, yanacağın və digər həyati ehtiyacların qarşısının alınması, seksual və reproduktiv zorakılıq, həmçinin əhalinin məcburi köçürülməsi daxildir”.
Qətnamədə həmçinin Həmasın İsrailə qarşı hücumunun beynəlxalq cinayətlər təşkil etdiyi də etiraf olunur.
İsrail Xarici İşlər Nazirliyi hələlik bu məsələ ilə bağlı rəsmi açıqlama verməyib. Daha əvvəl İsrail dəfələrlə bildirib ki, Qəzzada keçirdiyi hərbi əməliyyatlar soyqırımı deyil, özünümüdafiədir.
Qəzzada isə HƏMAS qətnaməni alqışlayıb. HƏMAS-ın mətbuat xidmətinin rəhbəri İsmayıl Əl-Səvvabta deyib ki, “bu qətnamə beynəlxalq ictimaiyyətə cinayətlərin dayandırılması, mülki əhalinin qorunması və işğal liderlərinin məsuliyyətə cəlb edilməsi üçün hüquqi və mənəvi öhdəlik qoyur”.
İsrail Qəzza zolağına qarşı hərbi əməliyyatlara 2023-cü ilin oktyabrında, HƏMAS-ın İsrail yaşayış məntəqələrinə hücum etməsindən sonra başlayıb.
HƏMAS-ın hücumu nəticəsində 1200 nəfər öldürülüb, 250-dən çox insan girov götürülüb.
O vaxtdan bəri İsrailin hərbi əməliyyatları nəticəsində 63.000 nəfər həyatını itirib, ərazidəki tikililərin əksəriyyəti dağıdılıb və ya zədələnib, əhalinin demək olar ki, hamısı evlərini azı bir dəfə tərk etməyə məcbur olub.
BMT-nin Qlobal Aclıq Monitorinqi Təşkilatı ərazidə insan tərəfindən yaradılmış aclığın baş verdiyini bildirib. İsrail isə bu iddianı inkar edir.