Beynəlxalq Qızıl Xaç Komitəsinin ölkədəki nümayəndəliyi bağlanılır

Beynəlxalq Qızıl Xaç Komitəsi, Martin Good/shutterstock

Azərbaycan hökuməti Beynəlxalq Qızıl Xaç Komitəsinin nümayəndəliyini bağlamaq niyyəti haqda quruma məlumat verib

Azərbaycanda Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) nümayəndəliyinin bağlanıldığı bildirilir.

Bu barədə məlumatı BQXK-nin Azərbaycan nümayəndəliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri İlahə Hüseynova verib.

“Azərbaycan hökuməti Beynəlxalq Qızıl Xaç Komitəsinin Azərbaycandakı nümayəndəliyini bağlamaq niyyəti haqda BQXK-yə məlumat verib. Hazırda hakimiyyət orqanları ilə əlaqə saxlayırıq. Bu dialoq bizim konfidensial və ikitərəfli dialoqumuzun bir hissəsidir”, – BQXK sözçüsü deyib.

Daha öncə, martın 1-də “Caliber.az” yazmışdı ki, BMT-nin İnkişaf Proqramı (UNDP), Qaçqınlar üzrə Ali Komissarlığının İdarəsi (UNHCR), Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) və BMT-nin Uşaq Fondunun (UNICEF) Bakı nümayəndəliklərinə əməkdaşlıq formatına yenidən baxılması zərurəti ilə bağlı xəbərdarlıq edilib.

Bu təşkilatlara Azərbaycanı tərk etməli olduqları bildirilib və bu qərar müvafiq səviyyədə onlara çatdırılıb.

Bu iddialara Azərbaycanın rəsmi qurumlarından hər hansı münasibət bildirilməyib.

Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) martın 3-də yaydığı məlumatda isə deyilirdi ki, nazir Ceyhun Bayramov Azərbaycanda səfərdə olan BMT-nin İnkişafı Əlaqələndirmə Ofisinin Avropa və Mərkəzi Asiya üzrə Regional direktoru Qui-Yeop Sonu qəbul edib.

Görüşdə bildilirilib ki, Bakı BMT ilə əməkdaşlıqları yeni dövrün reallıqlarına uyğun nəzərdən keçirir.

“Bu xüsusda, bəzi BMT qurumları ilə bundan sonrakı tərəfdaşlığın milli prioritetlərə uyğun şəkildə layihə əsaslı əməkdaşlıq mexanizmi vasitəsilə davam etdiriləcəyi müqabil tərəfin diqqətinə çatdırılıb. Azərbaycan artıq yardım qəbul edən dövlətdən qlobal gündəliyə töhfə verən bir ölkəyə çevrilib”, – Azərbaycan XİN-nin məlumatında bildirilib.

Hələlik, bu açıqlamaya BMT-nin cavabdeh qurumlarının münasibəti bəlli deyil.

Azərbaycan BMT-yə 1992-ci il martın 2-də qəbul edilib.

Beynəlxalq Qızıl Xaç Komitəsinin Bakıdakı nümayəndəliyi 1992-ci il martın 3-dən fəaliyyət göstərirdi.

Ana səhifəSiyasətBeynəlxalq Qızıl Xaç Komitəsinin ölkədəki nümayəndəliyi bağlanılır