İnstitut qərarı siyasi motivli və mətbuat azadlığına zidd bir addım kimi qiymətləndirib
Beynəlxalq Mətbuat İnstitutu (IPI) “AbzasMedia işi” üzrə həbs olunan jurnalistlərə çıxarılan hökmü pisləyib.
İnstitut Bakı Ağır Cinayətlər Məhkəməsinin qərarını siyasi motivli və mətbuat azadlığına zidd bir addım kimi qiymətləndirib.
İnstitutun Şərqi Avropa üzrə nümayəndəsi Karol Luçka bildirib ki, həbs olunan jurnalistlərin “cinayəti” yalnız korrupsiya faktlarını ifşa etmək olub:
“Bu ittihamların reallıqla heç bir əlaqəsi yoxdur və jurnalistləri həbsə atmaq üçün uydurulmuş bəhanələrdir. Onlara verilən cəzalar Azərbaycan hakimiyyətinin söz və mətbuat azadlığı prinsiplərinə açıq hörmətsizliyini göstərir”.
İyunun 20-də Bakı Ağır Cinayətlər Məhkəməsinin qərarı ilə “AbzasMedia”nın direktoru Ülvi Həsənli, baş redaktor Sevinc Vaqifqızı, araşdırmaçı jurnalist Hafiz Babalı, “Azadlıq” radiosunun jurnalisti, iqtisadçı Fərid Mehralızadə 9 il, reportyorlar Nərgiz Absalamova və Elnarə Qasımova 8 il, direktor müavini Məhəmməd Kekalov isə 7 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
“AbzasMedia işi” üzrə həbslər 2023-cü ilin noyabrın 20-dən etibarən başlayıb. Azərbaycanda korrupsiya araşdırmaları aparan “AbzasMedia”nın 6 əməkdaşı – direktor Ülvi Həsənli, onun müavini Məhəmməd Kekalov, baş redaktor Sevinc Vaqifqızı, reportyorlar Nərgiz Absalamova və Elnarə Qasımova, araşdırmaçı jurnalist Hafiz Babalı həbs ediliblər.
2024-cü ilin mayında “Azadlıq” radiosunun jurnalisti, iqtisadçı Fərid Mehralızadə də “AbzasMedia işi” çərçivəsində həbs edilib.
Elə həmin gün “AbzasMedia” bəyanat yayaraq Mehralızadə ilə əməkdaşlılıq əlaqəsinin olmadığını bildirib.
Jurnalistlər irəli sürülən ittihamları rədd edir, həbslərinin apardıqları korrupsiya araşdırmalarına görə siyasi sifariş olduğunu bildirirlər.
Yerli və beynəlxalq hüquq müdafiə təşkilatları bu həbsləri siyasi motivli hesab edir və jurnalistlərin azad edilməsinə, onlara qarşı ittihamların geri götürülməsinə çağırırlar.