Beynəlxalq və yerli insan hüquqları təşkilatları Beynəlxalq Hakimlər Assosiasiyasına (IAJ) müraciət edərək, Azərbaycanda məhkəmə müstəqilliyinin tam şəkildə itirilməsi, ədalətli məhkəmə hüququnun pozulması və siyasi motivli həbslərin artması ilə bağlı təcili qətnamə qəbul etməyə çağırıblar.
Müraciət, IAJ-nin oktyabr ayında Bakıda keçiriləcək illik toplantısı ərəfəsində, 29 sentyabr 2025-ci ildə yayımlanıb. Hüquq müdafiəçiləri bildiriblər ki, bu toplantı beynəlxalq ədalət institutlarının sınağına çevriləcək.
“Azərbaycanda məhkəmələr artıq ədalətin deyil, hakimiyyətin iradəsinin icraçısına çevrilib. Hakimlər siyasi sifarişlə qərar verir, bu isə hüququn aliliyini tam şəkildə sıradan çıxarır”, – müraciətdə deyilir.
IAJ-nin mövqeyi niyə bu qədər vacibdir?
Beynəlxalq Hakimlər Assosiasiyası (IAJ) 1953-cü ildə yaradılmış, 90-dan çox ölkədən olan hakimləri birləşdirən beynəlxalq təşkilatdır. Qurumun əsas məqsədi məhkəmə müstəqilliyini qorumaq, hakimlərin siyasi təzyiqlərdən müdafiəsini təmin etmək və ədalətin beynəlxalq standartlarını təşviq etməkdir.
Müraciət müəllifləri hesab edirlər ki, belə bir təşkilatın toplantısının “məhkəmə müstəqilliyinin ciddi şəkildə pozulduğu bir ölkədə keçirilməsi” xüsusi məsuliyyət yaradır.
Beynəlxalq Hakimlər Assosiasiyasına ünvanlanmış mətndə insan hüquqları təşkilatları hazırda Azərbaycandakı insan hüquqlarının vəziyyətini əks etdirən müxtəlif hesabatlara istinad ediblər.
“Siyasi məhbusların sayı artır, ədalət zəifləyir”
Məktubda qeyd olunur ki, Azərbaycanda məhkəmə sisteminin icra hakimiyyətinin təsiri altında qalması nəticəsində siyasi motivli həbslər və ədalətsiz məhkəmə prosesləri geniş yayılıb. Beynəlxalq təşkilatların və hüquq müdafiəçilərinin məlumatına görə, 2025-ci il iyun ayı etibarilə siyasi məhbusların sayı 375 nəfərə çatıb [yenilənmiş statistikaya görə, hazırda 392 nəfər]. Onların arasında jurnalistlər, vətəndaş cəmiyyəti fəalları və hüquq müdafiəçiləri var.
“Azərbaycanda hakimlər ədalətli qərar versələr, karyeralarını itirmək riski daşıyırlar. Məhkəmələr prokurorluğun təqdimatlarını avtomatik təsdiqləyir və bu, ədalətin məhv edilməsi deməkdir,” – müraciətdə bildirilir.
Beynəlxalq qurumlar da eyni narahatlığı bölüşür
BMT və Avropa Şurası qurumlarının hesabatlarında da Azərbaycanın məhkəmə sistemindəki problemlər vurğulanır.
Avropa Şurasının İşgəncələrin Qarşısının Alınması Komitəsi (CPT) isə 2024-cü ilin iyulunda Azərbaycanda “sistematik işgəncələr və cəzasızlıq” hallarını pisləyib.
Avropa Parlamenti də 2024-cü ilin dekabrında qəbul etdiyi qətnamədə “Azərbaycanda müstəqil medianın və vətəndaş cəmiyyətinin sıxışdırılmasını” sərt şəkildə tənqid edib və bütün siyasi məhbusların azad edilməsini tələb edib.
“IAJ susmamalıdır”
Müraciət müəllifləri Beynəlxalq Hakimlər Assosiasiyasını yalnız bəyanatla kifayətlənməməyə, daxili monitorinq mexanizmini (IAJ-nin 13-cü maddəsi) işə salmağa çağırıblar. [13-cü maddəni tətbiq etmək” – IAJ-nin üzv ölkələrdə məhkəmə müstəqilliyini yoxlamaq və narahatlıqları rəsmi şəkildə sənədləşdirmək deməkdir].
“IAJ-nin sükutu bu halların beynəlxalq səviyyədə təsdiqi kimi qəbul ediləcək,” – deyə müraciət müəllifləri xəbərdarlıq edib.
Məktubda həm də deyilir ki, “IAJ-nin real addımı Azərbaycanda cəsarətlə ədalət tələb edən hakimlər və hüquq müdafiəçiləri üçün beynəlxalq dəstək siqnalı olacaq”.
Müraciətin müəllifləri
Məktubu imzalayanlar arasında Campaign to End Repression in Azerbaijan, Freedom Now, European Human Rights Advocacy Centre, People in Need, Norwegian Helsinki Committee, Open Azerbaijan Initiative və International Commission of Jurists kimi təşkilatlarla yanaşı, represiyalara görə ölkədən kənarda yaşayan hüquqşünas, III Respublika Platformasının qurucu heyyət üzvü Səməd Rəhimli də yer alır.
Onlar bildiriblər ki, IAJ-nin Bakıda qəbul edəcəyi qətnamə, Azərbaycanda ədalət sisteminin bərpası və siyasi məhbusların azadlığı üçün “həm rəmzi, həm də praktiki əhəmiyyət daşıyacaq”.
“Bu qətnamə ədalətin səsini boğmaq istəyənlərə yox, onu müdafiə edənlərə dəstək olacaq”, – məktubun sonunda vurğulanır.