Beynəlxalq Hakimlər Assosiasiyasına: “Azərbaycanda məhkəmələr müstəqil deyil”

Ədalət sistemi, məhkəmə. Mənbə: BERMIX STUDIO/shutterstock

Bir qrup insan haqları təşkilatı Beynəlxalq Hakimlər Assosiasiyasına məktub göndərərək, Azərbaycanda məhkəmə sistemində müstəqilliyin olmaması ilə bağlı narahatlıqlarını ifadə ediblər.

Bu, oktyabrın 12-dən 17-dək Bakıda keçirilən Beynəlxalq Hakimlər Assosiasiyasının 67-ci Baş Assambleyası ərəfəsində baş verib.

Mərasimdə dünyanın 71 ölkəsindən 300-ə yaxın nümayəndə – hakimlər, vəkillər, hökumət rəsmiləri, beynəlxalq təşkilatların təmsilçiləri və tanınmış hüquqşünas ekspertlər iştirak ediblər.

Məktubu imzalayanlar vurğulayırlar ki, Azərbaycanın məhkəmə sistemi hakimiyyətin ciddi müdaxiləsi altında fəaliyyət göstərir. Bu da siyasi motivli təqiblərə və fərqli fikirlərə qarşı genişmiqyaslı repressiyalara şərait yaradır.

Onlar xəbərdarlıq edirlər ki, bu sistemli müstəqillik insan haqlarını və qanunun aliliyini birbaşa pozur.

Daha sonra bildirlir ki, BMT, Avropa Şurası və yerli vətəndaş cəmiyyəti qurumlarının hesabatlarında Azərbaycanda məhkəmə təqibləri, işgəncələr, siyasi ittihamlar və ədalətli məhkəmə hüququnun pozulması halları sistematik şəkildə sənədləşdirilib. Yerli hüquq müdafiəçilərinin məlumatına görə, 2025-ci ildə ölkədə siyasi məhbusların sayı 392 nəfərə çatıb.

Avropa İnsan Haqları Məhkəməsinin (AİHM) qərarlarında da dəfələrlə vurğulanıb ki, Azərbaycan məhkəmələri vətəndaşları əsassız həbslərdən qorumur və prokurorluğun qərarlarını mexaniki şəkildə təsdiqləyir. Hüquq müdafiəçiləri bunu məhkəmə sisteminin siyasi sifarişlə fəaliyyət göstərməsinin göstəricisi sayırlar.

Məktub müəllifləri Beynəlxalq Hakimlər Assosiasiyasını məhkəmə sisteminə hökumətin müdaxiləsini və onun repressiya alətinə çevrilməsini pisləməyə, məhkəmələrin hökumətə qarşı təsirli nəzarət mexanizmləri yarada bilməməsini tənqid etməyə, Azərbaycanı beynəlxalq monitorinq orqanları ilə əməkdaşlığa və AİHM qərarlarını tam icra etməyə təşviq etməyə, qurumun nizamnaməsinin 13-cü maddəsinə əsasən, Azərbaycandakı pozuntularla bağlı rəsmi araşdırma mexanizmini işə salmağa çağırıb.

Hüquq müdafiəçiləri hesab edir ki, Assambleya çərçivəsində qəbul olunacaq qətnamə ədalətsiz şəkildə həbs edilən şəxslərlə həmrəylik və hüquq peşəsinin müstəqilliyinə dəstək baxımından mühüm mesaj olacaq.

Ana səhifəSiyasətBeynəlxalq Hakimlər Assosiasiyasına: “Azərbaycanda məhkəmələr müstəqil deyil”