1990-cı illərin əvvəlindən fəaliyyət göstərən Qolf klubu bazarda 4,25 milyon funt-sterlinqə satışa çıxarılıb
Azərbaycan Beynəlxalq Bankının (ABB) keçmiş sədri Cahangir Hacıyevin həyat yoldaşı Zamirə Hacıyevanın Londonda müsadirə olunmuş evi ilə qolf klubunun 19.5 milyon funt sterlinqə satışa çıxarıldığı bildirilir.
Bu barədə BBC yazır.
Zamirə Hacıyeva Milli Cinayət Agentliyinin (NCA) 6 illik dələduzluq təhqiqatından sonra, 2024-cü ildə Askot şəhərindəki “Mill Ride Golf Club”undan və bazarda 14,75 milyon funt sterlinqə olan evindən imtina etməyə razılaşmışdı.
NCA ötən il bildirmişdi ki, qolf klubu və evin irimiqyaslı dələduzluq, mənimsəmə, saxta mühasibatlıq və çirkli pulyuma nəticəsində əldə olunmasına inanır.
1990-cı illərin əvvəlindən fəaliyyət göstərən Qolf klubu bazarda 4,25 milyon funt-sterlinqə satışa çıxarılıb.
Uolton küçəsindəki ev Harrodsa beş dəqiqəlik piyada yoldur, burada xanım Hacıyeva on il ərzində 16 milyon funt-sterlinq xərcləyib, onun 4,9 milyon funt-sterlinqi zərgərlik məmulatlarına sərf olunmuşdu.
Zamirə Hacıyevanın əri Cahangir Hacıyev 2001-2015-ci illərdə dövlətin nəzarətində olan ABB-nin sədri olub. 3 milyard dollardan çox pul mənimsəməkdə təqsirli bilinib və buna görə hazırda həbs cəzası çəkir.
OCCRP 2024-cü ildə yazıb ki, Cahangir Hacıyev sədrlik etdiyi bankı talamaqda ittiham edilsə də, həyat yoldaşı Zamirə Hacıyeva Londonda təmtəraqlı həyat yaşayıb.
O, 42 milyon dollarlıq şəxsi təyyarəsi ilə uçub, zirzəmisini dünyanın ən bahalı şərabları ilə doldurduğu evdə yaşayıb və məşhur “Harrods” univermağında 21 milyon dollar xərcləyib.
Bunlar son 10 il müddəti əhatə edən xərcləmələrdir.
Hacıyeva 2018-ci ildə Böyük Britaniyada ilk dəfə Açıqlanmayan Sərvət Sərəncamının (UWO) mövzusuna çevrildiyi zaman manşetlərə çıxıb.
NCA ondan şübhəli dərəcədə böyük sərvətinin mənbəyini izah etməyi xahiş edib. Bildirib ki, bunu etməməsi onun əmlakını itirməsi ilə nəticələnə bilər.
2018-ci ilin noyabrında NCA London hərrac evindən Hacıyevanın qızı üçün qiymətləndirildiyi 500 min dollar dəyərində qızıl-zinət əşyalarını müsadirə edib. Daha sonra 2019-cu ilin yanvarında NCA Hacıyevanın ərindən hədiyyə olaraq aldığı 1,5 milyon dollarlıq “Cartier” üzüyünü müsadirə edib.
Araşdırma zamanı NCA dövlət bankından əldə edilən pul vəsaitlərinin çoxsaylı hesablar vasitəsilə “ümumi çirkli pulların yuyulması təcrübələrinə uyğun şəkildə” köçürülməsi ilə bağlı bir neçə nümunə müəyyən edib.
Agentliyin məlumatına görə, qolf klubunun alınması Lüksemburq və Gernseydə qeydiyyatdan keçmiş şirkətlərin mürəkkəb strukturu vasitəsilə və “Gernseydə və daha sonra Kiprdə ofşor trestlərdən” istifadə etməklə həyata keçirilib. Knightsbridge evinin alınması üçün istifadə edilən vəsaitlərin demək olar ki, hamısının “iki xüsusi ABB hesabından gəldiyi” güman edilir.
NCA 2024-cü ildə bildirmişdi ki, əmlakların xalis satışından əldə olunan gəlirin 70 faizini agentliyin hüquqi xərcləri çıxılmaqla Böyük Britaniya hökumətinə verəcəklər. Yalnız yerdə qalan 30 faiz Hacıyevaya qaytarılacaq.