I hissə
Bazar ertəsi, 1990-cı ilin yanvarın 8-də AXC-nin təzə seçilmiş Məclisi Universitetin yataqxana binasında yığışıb yeni İdarə Heyəti seçdi.
Yanvarın 9-da isə mənim işimə, ilk anda anlamadığım səbəbə görə, keçmiş cəbhədaşlarım Tofiq Qasımov, İsa Qəmbərov və Pənah Hüseynov gəldilər. Cəmi bir il bundan əvvəl burada, iş otağımın önündə, 7-ci mərtəbənin liftinin yanında İsa bəy gözü yaşlı məndən onunla əlaqəmi kəsməməyimi xahiş edirdi. İndi isə İsa bəy yanına Pənah Hüseynovu və Tofiq Qasımovu salıb gəlmişdi ki, mənə AXC daxilində onların da fəal iştirak etdikləri zorakı çevrilişin legitimləşdirilməsi əməliyyatının nəticələrini bildirsin. Əvvəlcə onlar mənə təntənə ilə bildirdilər ki, şərti “liberallar” bloku tam heyətdə İdarə Heyətinə seçilib. Mən bu xəbəri etinasızlıqla qarşıladım.
-Bu, indiki AXC-də nəyisə dəyişə biləcəkmi?- soruşdum.
Bəylər mənim dediyim sözləri heç anlamadılar da. Görünür, seçilmək-seçilməmək qayğısı onlara elə hakim kəsilibmiş ki, xalqın və vətənin gələcəyi barədə düşünmək qabiliyyətini itirmişdilər. Onlar mənə həvəslə bildirdilər ki, keçmiş üzvlərdən Nemət Pənahov və Canbaxış Ümidov lazımi qədər səs toplaya bilməyiblər, Ələkrəm Hümmətovu isə ümumiyyətlə namizəd siyahısına salmayıblarmış.
Pənah Hüseynov adəti üzrə irişə-irişə dedi:
-Mən Əbülfəz bəyə təklif etdim, sənin də adını namizəd siyahısına salsın ki, səs yığmayıb uduzasan, amma bəy dedi ki, sən bilmirsən, adı düşsə, yüz faiz keçəcək.
Mən bu milli Rastinyak surətinin mücəssiməsini soyuqqanlı baxışla süzüb dedim:
-Pənah bəy, sədrin məlumatı səndəkindən çoxdur, mən istəsəydim, seçilərdim, arxamda sabit əksəriyyət var. Fəqət məqsədlərini bölüşmədiyim təşkilatın rəhbərliyinə seçilməkdə heç bir məna görmürəm. Bundan başqa, adımı namizəd siyahısına salmağı təklif edəndə heç ağlına gəldimi ki, mən təşkilatdan çıxmaq barədə bəyanat vermişəm? Təşkilata üzv olmayan adamın onun rəhbər orqanına seçilməsi nə dərəcədə qanunidir?
Pənah Hüseynovun sifətindən görünürdü ki, belə sadə məntiqi qavramağın öhdəsindən əsla gələ bilmir.
İdarə Heyətinə millətçi şair Sabir Rüstəmxanlı, hüquq fakultəsinin mənim tanımadığım dekanı Firudin Səməndərov, filologiya elmləri doktoru, Azərbaycan-Gürcüstan ədəbi əlaqələri barədə elmi işlərin müəllifi, dünyagörüşü üç sözlə – “Qurban olum Əbülfəzə” – məhdudlaşan Dilarə xanım Əliyeva və adını ilk dəfə eşitdiyim hansısa nardaranlı Ələkrəm Əliyev yeni üzv seçilmişdilər.
Sabiq cəbhədaşlarım mənə kifayət qədər hesabat verdiklərini zənn edib getdilər. Mən isə bir neçə dəqiqə bu qəribə ziyarət barədə düşündüm.
Son bir neçə ay İsa Qəmbərov əyri, ya düz yollarla mənim İdarə Heyətində fəaliyyətimi məhdudlaşdırmağa çalışırdı, indi isə iki yedəyi ilə iş otağımın önünə təşrif buyurub mənə hesabat verirdi. Mən onun məqsədini anladım. Bu gəlişi ilə İsa Qəmbərov mənə bildirmək istəyirdi ki, bax, bir il əvvəl sən AXC-nin aparıcı siması, mən isə orada heç kim idim. Indi isə mən səni oradan uzaqlaşdırıb özüm AXC-nin aparıcı simasına çevrilmişəm. Vaxtilə keçirdiyi ağrılı hissləri İsa bəy özünə məxsus tərzdə belə müalicə edirmiş. Bu ruhi müalicə naminə İsa Qəmbərov onu rəva qıldı ki, AXC demokratik təşkilatdan dönüb olsun millətçi təşkilat, xalqa xidmət amalını isə tayfaya xidmət amalı əvəz etsin. Sonrakı hadisələr göstərdi ki, bu adam və onun ətrafı öz şəxsi maraqları naminə dünyada nədən desən keçər!
Tofiq müəllim mənə danışdı ki, Etibar Məmmədov və Rəhim Qazıyev “DTK casusu” Sabir Rüstəmxanlının İdarə Heyətinə seçilməsinə etiraz olaraq onun iclaslarında iştirak etməkdən imtina edirlər. Lakin bir neçə gündən sonra “liberal” bəylər xəbər tuturlar ki, bu cütlük dəmir yoluna nəzarət imkanını və radikal cəbhəçi gənclərin onların bəlağətli millətçi çıxışlarına vurğunluğunu əllərində alət edib Vəzirovla hansısa Milli Müdafiə Şurası (MMŞ) yaradılması barədə danışıqlar aparırlar.
Yanvarın 10-da səhər işə gəlib Akademiyanın foyesində elanlar lövhəsində vatman vərəqində iri hərflərlə yazılmış mətni oxuyanda gözlərimə inanmadım:
“Azərbaycan Elmlər Akademiyasının partiya komitəsi hərbi hazırlığı olan elmi işçiləri Qarabağ uğrunda döyüşlərdə könüllü iştirak üçün komitəyə müraciət etməyə çağırır”.
Aya, görəsən mən yuxumu görürəm? Bunlar kimdir? Öz kölgəsindən qorxan, təşəbbüs icazəsini yalnız yuxarı “instansiyalardan” alan partiya bürokratlarıdır, yoxsa çılğın hisslərə qapılıb bədahətən silaha sarılan əyalət cavanları? Məntiqi düşünərək belə qənaətə gəldim ki, bu fitnəni Akademiyanın partiya cəngavərləri ya pərdə arxasında gizlənmiş öz mafioz tayfa liderlərinin göstərişi ilə, ya da DTK ilə həmahəng işləyən yuxarı təşkilatların tapşırığı ilə ediblər.
İkinci qənaət üçün əsas daha çox idi, çünki yanvarın 10-dan sonra rayon partiya komitələri yerli AXC şöbələrini raykom binalarını tutub burada işləməyə dəvət etməyə başladılar. Həqiqət naminə demək lazımdır ki, Lənkəran və Neftçala AXC rayon şöbələrindən savayı heç bir rayon şöbəsi bu vahid mərkəzdən təşkil edilmiş təxribata uymadı. Əgər AXC şöbələri çox yerdə bu dəvəti qəbul etsəydi, hakimiyyət sonradan AXC-yə “dövlət çevrilişi” ittihamını asanlıqla yapışdıracaqdı.
Yanvarın 10-da Ələkrəm Hümmətov Etibar Məmmədovla telefonla müzakirə aparıb ona rayonda hakimiyyəti ələ almaq qərarı qəbul etdiyini bildirdi.
Elə həmin gün mən və Leyla Yunusova Azərbaycan sosial-demokratlarının təmsilçiləri kimi Tallinə, SSRİ sosial-demokrat təşkilatlarının Assosiasiyasının təsis yığıncağına uçduq. Orada ayın 11-də yerli esdeklər bizə bildirdilər ki, Finlandiya televiziyası Azərbaycanın cənub bölgəsi Lənkəranda sovet hakimiyyətinin devrildiyini, raykom binasının, vağzalın, poçtun və bankın qarapapaqlı silahlı kişilər tərəfindən tutulduğunu xəbər verib və qısa videosüjet də göstərib.
Finlandiya televiziyası xəbərində xüsusilə onu vurğulayıb ki, son 70 ildə SSRİ məkanında sovet hakimiyyəti ilk dəfədir ki, Azərbaycanda devrilir!
Biz respublikada vəziyyət barədə məruzə etdik. Leyla xanım Yunusovanı Assosiasiyanın rəhbər qurumuna üzv seçdilər. Yığıncaq işinə xitam verdi. Bakıya ən yaxın uçuş vaxtı yanvarın 15-i idi. Biz vaxtımızı yerli azəri mədəni dərnəyinin üzvləri ilə söhbətlərdə keçirdik.
Yanvarın 13-də xəbər gəldi ki, Bakıda erməni talanı təşkil edilib. Mən dedim:
-İlyarım bundan əvvəl edə bilmədiklərini indi etdilər…
Təbii ki, bu alçaq oyunun əsas təşkilatçıları onlar deyildi. Lakin əsas icra işləri onlara həvalə edilmişdi və onlar tapşırığın öhdəsindən bacarıqla gəldilər. Azərbaycan xalqının başına Sumqayıt talanından sonra daha bir yekə daş salındı. DTK rəhbərliyi və erməni millətçiləri sevinə bilərdilər: Azərbaycan millətçiləri xalqımızı bir daha ağır zərbə altına qoydular! İndi qalırdı gözləmək: zərbə hansı qüvvə ilə endiriləcəkdir…
Hələ yanvarın əvvəllərində, talan meylləri aramsız gücləndiyi bir vaxtda Bakı ətrafında olan kəndlərdə belə bir şayiə yayılmışdı ki, Torqovı (Nizami) küçəsində “rayonlular” “bakılıları” haqq-hesab çürütməyə dəvət edirlər. Əhalini bir-birinə qarşı olan qruplara bölmək və savaşdırmaq cəhdləri durmadan həyata keçirilirdi:
Əbülfəz Əliyev gah labüd sünni-şiə qarşıdurmasından, gah talışların korlanıb dönmüş türk olmalarından danışıb müxtəlif əhali qruplarının heysiyyatını zədələyirdi. Rayonlarda camaatın necə qarşı-qarşıya qoyulması texnologiyası barədə mən artıq Balakən nümunəsində yazmışam…
Yanvarın birinci ongünlüyünün sonunda Bakı ətrafındakı kəndlərin cavanları “Torqovıya yürüş” barəsində əməli söhbətlər aparırdılar. Lakin kəndlərdə ağlı başında olanların sözü dəliqanlıların sözündən daha mötəbər sayıldı. “Görüş”ün təyin edildiyi gün həmin adamlar elə Torqovının ortasında cavanları “Qardaşlıq” cəmiyyətinin təsis iclası üçün Bağırov körpüsünün yanındakı Mədəniyyət sarayına yığışmağa çağırdılar.
Həmin adamlar cavanları Torqovıdan yığıb Mədəniyyət sarayına gətirəndən sonra onlara Maştağa məscidinin axundu müraciət etdi və cəmi müsəlmanların qardaşlığı barədə xütbə oxudu. Bakı kəndlərinin sakinləri axundun çağırışına əməl etdilər, elə oradaca “Qardaşlıq” cəmiyyətini təsis etdilər, hansı ki, lap elə AXC kimi, tezliklə qardaşlıqdan tam fərqli məqsədlər üçün istifadə edilməyə başlandı.
Təşkilatın rəhbərliyinə hər kəndin qeyri-rəsmi lideri daxil edildi (mənim bu təşkilatın seçki mexanizmi barədə dəqiq məlumatım yoxdur), nəticədə cəmiyyət bölgədə böyük nüfuz sahibi oldu.
Məhz bu adamların bir qrupunu Bakı partiya komitəsinin birinci katibi Müslüm Məmmədov yanına çağırıb onlara bildirdi ki, AXC sədri və onun yaxın cəbhədaşları Bakıda yerləşən islah-əmək düşərgələrinə hücum edib bir neçə min dustağı azad etmək niyyətindədir. “Qardaşlığ”ın həmin dövrdə sayılan üzvlərindən biri olan Hacı Tahir mənə nəql etdi ki, Müslüm Məmmədov Bakıda talan hazırlandığını və dustaqların bu talanda iştirak edəcəyi halda şəhərin cəhənnəmə dönəcəyindən qorxduğunu, mərkəzi hakimiyyətin bilərəkdən seyrçi mövqe tutduğunu demişdi və xahiş etmişdi ki, cəmiyyət bu aksiyanın qarşısını alsın.
Dörd nəfər ağır “ceyil” yollanır sədrin axtarışına. Artıq bu zaman təşəbbüs keçibmiş Milli Müdafiə Şurasının əlinə. O da yerləşibmiş Şmidt (Səttarxan) zavodunun Montindəki mədəniyyət sarayının binasında. “Qardaşlığ”ın qasidləri orada Nəcəf Nəcəfovu tapırlar və bildirirlər ki, sədri görməyə əşəddi-ehtiyac var. Nəcəf bəy bildirir ki, bu, mümkün olan iş deyil, bəy millətin ən vacib məsələlərini həll etməklə məşğuldur və elə-belə camaatla görüşməyə vaxtı yoxdur. Biclikdə pərgar olan kişilər deyirlər ki, biz elə-belə adam deyilik, xeyli pul toplamışıq və xeyli də “dəmir-dümür”ümüz var, onları yalnız və yalnız sədrə etibar edə bilərik.
Pul və silah söhbətini eşidən bir nömrəli demokrat jurnalist kişilərə bəyin vücudunun yerləşdiyi ünvanı deyir. Ünvan kişiləri gətirir Daxili İşlər Nazirliyinin yaxınlığında, Qasım İsmayılov (indiki Zərgərpalan) küçəsindəki yarızirzəmidə yerləşən aşxanaya.
“Düşdük aşxananın zalına və ofisianta dedik ki, Əbülfəzi çağırsınlar. Pərdənin arxasından Əbülfəz çıxdı və bizi görüb tutuldu. Əli ilə ağzını tutub salamlaşdı. Bundan əvvəl kəndimizə gəlmişdi və “Quran”dan və Məhəmməddən xeyli maraqlı söhbət aparmışdı. Mən dedim ki, “əlini ağzından çək, biz elə yerdəyik ki, burada adamlar şərab içir, və biz bilirik ki, sən də araq içmisən və əl ilə ağzı örtməyin mənası yoxdur”. Əbülfəz əlini ağzından çəkdi və bir az əsəbi soruşdu ki, “sizə nə lazımdır?” Mən də dedim ki, “bizə səndən bir şey lazımdır. Bilirik ki, kolonlara hücum hazırlayırsan. Bizə isə lazımdır ki, bu iş olmasın! Bizi yaxşı tanıyırsan, biz də indi səni yaxşı tanıdıq”.
Əbülfəz cəhd göstərdi ki, kolonlara hücum hazırladığını dansın. Onun sözünü kəsib dedim:
-Silahlı olduğumuzu bilirsən. Qazamatda yatmısan, uşaq deyilsən. Bizim kim olduğumuzu anlayırsan. Biz nə dediyimizi bilirik. Sən də bil ki, biz dörd nəfərik, nə və necə də olsa, sən həyatınla cavabdehsən ki, kolonlara hücum olmasın. Biz dörd nəfərin hər biri “Quran”a and işmişik ki, hücum olsa, canımızdan keçəsi olsaq da, əhdimizi yerinə yetirək.
Əbülfəz susdu, heç nə demədi. Biz də sözümüzüq qurtarandan sonra dönüb getdik”.
Hər necə də olsa, bu adamlar hələ də inanırlar ki, yalnız onların müdaxiləsi nəticəsində dekabrın 13-də Bakıda talan vaxtı daha çox insanın qırılmasının qarşısını almaq mümkün olub. Əgər sədr və onun “uşaxları” islah-əmək düşərgələrində saxlanan minlərlə dustağı azad edə bilsəydilər, talan zamanı 56 deyil, minlərlə adam öldürüləcəkdi, erməni tərəfi “yeni genosid” fəryadı qoparacaqdı, Azərbaycana endiriləcək zərbə daha ağır olacaqdı.
Heç bir şübhə yoxdur ki, yalnız Bakı talanı deyil, SSRİ ərazisindəki bütün millətlərarası talan və qırğınları DTK və Sov.İKP MK təşkil edirdi. Fəqət onlar bu alçaq əməlləri adətən öz gizli casus və əməkdaşlarının əli ilə törədir, özləri kölgədə qalmağa və guya ki, iş işdən keçəndən sonra, asayiş yaratmağa üstünlük verirdilər. Bunu sübut edən məlumatlar bəzən
KİV-
ə sıza bilir:
Dekabrın 17-də AzTV AKP MK-nın Birinci katibinin Soyuducular Zavodunun fəhlələri ilə görüşündən reportaj yayımladı. Fəhlələrdən kimsə Vəzirova Qarabağın taleyi barədə sual verdi. Vəzirov komsomol coşqunluğu ilə cavab vedi:
-Hər şey yaxşı olacaq! Əbülfəzdən soruşun! Qarabağ naminə Kommunist Pariyası və Xalq Cəbhəsi birləşəcək, – və burada o, əyanilik üçün əlinin barmaqlarını geniş açdı, sonra isə yumruğunu möhkəm düyünlədi və kameraya göstərdi.
Görəsən bununla yoldaş Vəzirov nə demək istəyirdi? AXC və AKP necə, hansı platformada birləşə bilərdi? Gerçək hakimiyyətin partiya bürokratiyasından alınıb xalqa verilməsi üçün çalışan, Qarabağın müdafiəsi üçün qanuni və dinc hüquqi mexanizmləri işə salmağı təklif edən AXC ilə Vəzirov əməkdaşlıqdan var gücü ilə yayınırdı, lakin qiyamçı, talançı və tayfaçı AXC ilə birlikdən dəm vururdu. Vəzirov hazırlanan talan, özünün devrilməsi və hakimiyyətin məngirlənməsi planından xəbərdar idimi? Bəlkə də, o, həyatdan o qədər ayrılmışdı ki, göz önündə duran şeyləri görmək istəmirdi? Bəlkə də Vəzirov hər şeyi hamıdan, o cümlədən məndən də yaxşı bilirdi və oyunu Moskvanın göstərişi ilə elə aparırdı ki, demokratik AXC-ni məhv etsin, onun yerini mürtəce AXC tutsun?
Yanvarın 12-də hakimiyyətin tam nəzarəti altında olan AzTV ilə filoloq Şirməmməd Hüseynov çıxış etdi. Elmi fəaliyyətini Ctepan Şaumyanın yaradıcılığının tərənnümündən başlayıb Məmməd Əmin Rəsulzadənin əsərlərinin çapa hazırlanması ilə bitirən universitet müəllimi xalqı Qarabağ naminə silahlı mübarizəyə səslədi. Sərt mərkəzləşdirilmiş avtoritar dövlət çərçivəsində xalq hansı silahlı mübarizə apara bilərdi? Bu sualın cavabı hörmətli alimin ya tapşırığından, ya da dərrakəsindən kənarda qalmışdı.
Nəhayət ki, AXC-nin yeni İdarə Heyəti hərəkətə gəldi. Onları Etibar Məmmədov, Rəhim Qaziyev və Nemət Pənahov üçlüyünün AKP MK rəhbərliyi ilə əlahiddə apardıqları danışıq və razılaşmalar narahat etməyə başladı. İH sədrdən ona yaxın olan bu üçlüyün iclasa gəlməsini və hesabat verməsini tələb etməyə başladı. Üçlük isə “DTK casusu Sabir Rüstəmxanlı” ilə bir yerdə oturmaq istəmədiyini bəhanə gətirir və hesabatdan yayınırdı. Axırda Tofiq Qasımov bildirdi ki, İH-nin bu üzvləri gələn iclasa gəlməsələr, onların AXC-dən çıxarılması məsələsini iclasın gündəliyinə salacaq. Sədr naəlac qalıb əlaltılarına iclasa gəlməyə göstəriş verdi və yanvarın 13-də AXC İH-nin iclasına Etibar Məmmədov təşrif buyurdu.
Mərkəzi Komitə ilə söhbətlərin məzmunu barədə suala Etibar Məmmədov bildirdi ki, söhbətlər artıq qurtarıb. Bu üçlük və Vəzirov erməniləri kütləvi şəkildə Dağlıq Qarabağdan deportasiya etmək məqsədilə Milli Müdafiə Şurası (MMŞ) yaratmaq qərarına gəliblər.
MMŞ-nın yaradılması barədə qərar o qədər açıq-aşkar təxribat səciyyəsi daşıyırdı ki, İH-nin həm köhnə, həm yeni üzvləri Etibarı sual atəşinə tutdular. Məmmədov da bacardığı qədər onlara cavab verdi.
-MMŞ-nın tərkibinə kim daxildir?
-Bizdən əlavə Daxili İşlər, Rabitə, Səhiyyə, Nəqliyyat nazirliklərindən və Dövlət Yanacaq Komitəsindən bir nəfər…
-Müdafiə üçün vəsaiti haradan alacaqsınız?
-Qarabağı üzük qaşı kimi dəstələrimizlə mühasirəyə alacağıq. Bu dəstələri Daxili İşlər Nazirliyi geyimlə, Nəqliyyat Nazirliyi avtomaşınlarla,
Yanacaq Komitəsi yanacaqla, Rabitə Nazirliyi radiostansiyalarla təmin edəcək, Səhiyyə Nazirliyi hospitallar, dərman və sarğı materialları ayıracaq…
-Bəs silahı haradan alacaqsınız?
-Silahı maşınqayırma zavodlarımız istehsal edəcək. Səttarxan Zavodu birinci başlayacaq…
-Bu zavodların birinci şöbələri (DTK-yə tabe şöbələr) əlləri qoynunda oturub neftmaşınqayırma zavodlarının silah istehsalına keçməsinə tamaşa edəcəklər?
-Vəzirov söz verib ki, heç bir maneə olmayacaq…
Cavabların kütlüyü, qurulmuş oyunun hiylə və tələ olması o qədər aydın idi ki, İH-nin az qala bütün üzvləri MMŞ planını kəskin tənqid etdilər. Hüquq fakültəsinin dekanı, hüquq elmləri namizədi Firudin Səməndərov Etibar Məmmədova bildirdi ki, MMŞ Cinayət Məcəlləsinin “hakimiyyəti zorakı yolla zəbt etmək məqsədilə qeyri-qanuni hərbi-inzibati qurumların yaradılması” maddəsinə çox rahat uyğun gəlir və bu ittihamla AXC-yə və bütün Azərbaycan xalqına qarşı istənilən geniş və kütləvi cəza tədbirinə haqq qazandırmaq olar. Etibar Məmmədov bu dəlillərə heç bir əhəmiyyət vermədi.
Tofiq Qasımov, Hikmət Hacızadə və Sabit Bağırov MMŞ kimi bir orqanın Sovet İttifaqında nəinki işləməsinin, hətta yaradılmasının mümkünsüzlüyünü və məntiqsizliyini əsaslandırmağa çalışdılar. Etibar Məmmədov fikrindən dönmədi. Sabir Rüstəmxanlı bildirdi ki, onun adı gələcək nəsillər üçün qara bir ləkə olacaq. Cavabında Etibar Məmmədov yalnız güldü. Onda Tofiq Qasımov təklif etdi ki, AXC bu üçlükdən və onların hərəkətlərinin aqibətindən özünü təcrid etsin və bu mövqeyini bütün xalqa bildirsin.
Nə qədər acınacaqlı da olsa, 4 ay gecikmə ilə, axır ki, mən deyənə deyəsən gələcəkdilər. Mən hələ 1989-cu ilin sentyabrın 9-da təklif vermişdim ki, Etibar Məmmədov mafioz qüvvələrin nümayəndəsi kimi AXC-dən qovulsun. Həmin vaxt mənim təklifimin keçməyinə İsa Qəmbərovun “inteqrist” əks-təklifi imkan verməmişdi. İndi mənim həmin təklifimi Tofiq müəllim verirdi.
Böhranlı vəziyyət yaranırdı. Xalqımıza qarşı təxribat keçməyə bilərdi. Hadisələrə “dahi inteqrator” İsa Qəmbərov istiqamət verməliydi. İsa bəy öz növbəti “barışdırıcı” təklifini verdi:
-Biz istəsək də, istəməsək də, Etibar bəy öz adını AXC ilə bağlaya bilib. Biz qısa bir zamanda onun AXC-ni təmsil etməməsi fikrini xalqa təlqin edə bilmərik. Bundan əlavə, Vəzirov onu AXC-nin ən fəal və nüfuzlu xadimi kimi qəbul edir və onunla işləyir.
Biz onların üçünü də – Etibar Məmmədovu, Rəhim Qazıyevi və Nemət Pənahovu – AXC-dən çıxarsaq da, onların etdikləri bütün işlər AXC-nin adı ilə bağlı olacaq. Buna görə mən təklif edirəm ki, onların fəaliyyətinin ziyanını məhdudlaşdırmaq məqsədilə bu fəaliyyəti nəzarət altına alaq. Gəlin elan edək ki, MMŞ-ni AXC özü yaradır, AXC-in demokratik sədrini də MMŞ-nin sədri təyin edək.
Barəkə-l-lahu alə aqlikum! Yeni İH-də bu “dahiyanə” təklifə etiraz edəcək ağıl tapılmadı və İH İsa Qəmbərovun bu təklifini qəbul edərək Lenin Meydanına, AXC-nin növbəti mitinqinə yollandı. Orada AXC elan etdi ki, MMŞ yaradır, sədri Əbülfəz Əliyevdir, üzvləri isə Etibar Məmmədov, Rəhim Qazıyev, Nemət Pənahov və o zaman çox az tanınan jurnalist Xaliq Bahadırdır.
Bu təklif ilə İsa Qəmbərov mənim AXC-də dəfələrlə barəsində xəbərdarlıq etdiyim və artıq gerçəkdən gözlənilən kütləvi qırğını nə qədər yaxınlaşdıra bildi, dəqiq demək çətindir , lakin 20 Yanvar faciəsindən betər ziyan Azərbaycana yalnız atom bombası atılsaydı, dəyə bilərdi.
Təbii ki, belə “milli” qərarın qəbulundan və elanından sonra mitinq sərt antierməni çıxışlarla bəzədildi. Onun gedişində kimsə elan verdi ki, Bayılda hansısa erməni hansısa azərbaycanlını balta ilə öldürüb, bundan sonra kimsə, lap Sumqayıtda olduğu kimi, mikrofona “ermənilərə ölüm!” bağırdı və Sumqayıt ssenarisinə uyğun olaraq camaat meydandan qaçışmağa başladı. Kimsə intiqam üçün erməni öldürməyə qaçdı, kimsə də “Alah, sən özün bizi bu dəlixanadan qoru” duası ilə evinə yollandı.
Bakıda erməni talanından 28 il ötüb. Məni eyni sual düşündürür: necə olur ki, EA-nın sıravi işçisi olan mən Azərbaycanın paytaxtında talan hazırlığının getməsindən hər yerdə və bütün səviyyələrdə danışıb xəbərdarlıq edirdim, əhalinin təhlükəsizliyinə məsul olan insanlar və təşkilatlar guya bunu görmür, hərəkətsiz oturub talanın baş verməsini gözləyirdilər? Nə üçün AXC xalqı talana aparan yolla yüyürməyə məcbur edirdi? Nə üçün AXC liderləri xalğımızın milli qeyrəti olan Qarabağ məsələsində növbəti erməni talanının xalqımıza vuracağı ağır zərbəni görmürdü? Görmürdülər, yoxsa özlərini görməzliyə vururdular? Əgər bu, axmaqlıq deyildisə, kimin və nəyin naminə edilən xəyanət idi?
Talan günü mən Bakıda deyildim. Arzu Abdullayeva danışır: “Sovetlər evinin arxasında qızmış vəhşi kütlə bir erməni qarını öldürürdü. On beş metr aralıda SSRİ DİN Daxili Qoşunlarının əsgəri çiynində avtomat, əynində zirehli jilet, əlində “Nağıl” tortu dayanıb bu sarsıdıcı mənzərəyə soyuqqanlı tamaşa edirdi. Həyəcanla yaxınlaşıb qışqırdım:
-Nə üçün durmusan? Niyə qarışmırsan? Niyə xilas etmirsən?
Dönüb mənə baxdı və sakit tərzdə dedi:
-Əmr yoxdur”.
Bəli, mərkəzi hakimiyyət talan hazırlığından xəbərdar idi. Bilirdi, heç bir tədbir görmürdü ki, talanı bəhanə edib xalqa amansız və qəddar cəza verməyə əsas qazansın. Talanın yaxınlaşdığını respublika rəhbərliyi də bilirdi, fəqət onu hazırlayan cinayətkarlara, xəfiyyələrə və AXC təxribatçılarına qarşı heç bir tədbir görmürdü ki, sonradan xalqı əzsin və hakimiyyətini qoruya bilsin. AXC liderləri də bilirdi, onların bir hissəsi talanın baş tutmasında maraqlı idi, bir hissəsini isə sədr və onun əlaltıları sındırıb öz müti alətinə çevirə bilmişdi.
Düşünməyin ki, bu talan və qırğınlar təsadüfən baş verir. Etnik- ərazi münaqişələrində milli ayrı-seçkilik əsasında qarşılıqlı qırğınlar ən adi və hətta qanunauyğun haldır. Bundan yalnız çox mədəni xalqlar yayına biliblər. Məsələn, finlər və isveçlilər, norveçlılər və isveçlilər, çexlər və slovaklar, italyanlar və avstriyalılar…
Ermənilər və azərbaycanlılar belələrinə aid deyil.
Yuqoslaviya dağılan zaman Bosniyada BMT–nın sülhməramlı qüvvələri yerləşdirilmişdi. Boşnak müsəlmanların yaşadığı Srebrenisa şəhərində Hollandiyanın batalyonu durmuşdu. Serb hərbi hissəsi Srebrenisaya yaxınlaşıb Holland batalyonundan tələb edir ki, şəhərcikdən çıxsın. Batalyon itaət edib çıxır və şəhərin kənarında düşərgə salır. Sonra serb hərbçiləri üç gün ərzində Srebrenisanın bütün kişilərini, təxminən 8 minə yaxın adamı, bir düşərgəyə yığır və güllələyir. Bu hadisə beynəlxalq hüquqda soyqırım kimi təsnif edilib və onu törətmiş siyasi və hərbi xadimlər Haaqa beynəlxalq tribunalı qarşısında cavab verib. Hadisələrin üstündən 10 il keçəndən sonra Hollandiya siyasi və hərbi rəhbərliyi də öz fəaliyyətsizliyinə görə siyasi məsuliyyətə cəlb edilib.
Sual yaranır: hərbi komandirlər nə dərəcədə günahkardır? Əminliklə demək olar ki, onlar heç bir günah sahibi deyil. Sadəcə həmin vaxt Hollandiya batalyonunun komandirinə heç kim əmr verməmişdi ki, serb hərbi hissəsinə silahlı müqavumət göstərsin. Əmr versəydilər, hollandlar döyüşəcəkdi. Əmr yox idi, kənarda durub seyr etdilər. Nə üçün əmr verilməmişdi? Əmri siyasi rəhbərlik verməliydi. Əmr verməmişdilər, çünki bilirdilər ki, mütləq kütləvi qırğın olacaq. Kütləvi qırğın hərbi müdaxilə üçün bəhanə verəcək. Bosniyada belə də oldu, Srebrenisa qırğınından sonra humanitar faciənin qarşısını almaq bəhanəsilə Qərb münaqişəyə ciddi qarışdı və özünün bölgədə hərbi hissələrinin yerləşdirilməsini qanuniləşdirən Deyton müqaviləsini imzalamağa Yuqoslaviyanı məcbur etdi.
Əziz oxucum, gördüyün kimi, ssenari eynidir. Ssenarinin işləməsi və böyük qüvvələrə öz istəyini gerçəkləşdirmək imkanı yaratması üçün yerlərdə bir çox axmaq və ya satqın adam böyük əzm və fədakarlıqla çalışmalıdır. Azərbaycanda bu missiyanı AXC rəhbərliyi həyata keçirdi ki, Qorbaçov xalqımızı əzsin və elə həmin il Qərbin bərəkallah mayası kimi Nobel sülh mükafatını alsın.
Talan zamanı AXC strukturları özünü necə apardı? Əbülfəz Əliyevin “uşaxları” özlərini necə apardı sualı yersizdir. Sıravi cəbhəçi hadisələrdən bir ay sonra qorxusunun öhdəsindən güclə gələrək mənə pıcıltı ilə deyirdi ki, Böyük Bəyin Şəmsəddin adlı ən fəal və qızğın tərəfdarlarından biri erməni qızının kütləvi zorlanmasında iştirak etmişdi.
Rayon təşkilatları nə etmişdi? AXC-nin Bakı rayonlarında formalaşmış təşkilatları, əksər Bakı camaatı kimi, erməni qonşularını talandan xilas etmişdi. Cəbhəçilər həyatlarını təhlükəyə qoyaraq blokların və evlərin qarşısında növbə çəkir, erməniləri öz mənzillərində gizlədirdilər. Yanvarın 14-də hakimiyyət orqanları da hərəkətə gəldilər və erməniləri inzibati və ictimai binalarda toplayıb onların Bakıdan təxliyəsini təşkil etməyə başladı.
1987-ci ilin sonunda erməni millətçilərinin və SSRİ partiya rəhbərliyinin işə saldığı etnik təmizləmələr konveyeri kütləvi qırğın və talan dalğaları şəklində Azərbaycanın yaşayış məntəqələrinə də gəlib çatdı və hətta beynəlmiləl Bakını da əzib ona ar gətirdi, ona ağır və vəhşi cinayət damğası vurdu.
Etnik münaqişənin ilhamçıları və təşkilatçıları öz casuslarının, muzdlu təxribatçılarının, satqın dövlət məmurlarının və cahil və cinayətkar kütlənin əli ilə öz alçaq işini Bakının 56 dinc erməni sakinini qətlə yetirməklə başa çatdırdılar.
1990-cı ilin yanvar ayının 13-də Bakıda 11 min sovet əsgəri var idi. SSRİ DİN Daxili Qoşunları Bakı əhli talanı dayandırandan və vəziyyəti tam nəzarətə götürəndən sonra, yanvarın 14-də işə qarışdı.
Dərhal Azərbaycan xalqına qarşı SSRİ-də və bütün dünya miqyasında azğın informasiya müharibəsi başlandı. Bakıya SSRİ Millətlər Sovetinin sədri, görkəmli alim və təcrübəli kəşfiyyatçı akademik Yevgeniy Maksimoviç Primakov, MK katibləri və SSRİ nazirləri gəldilər.
Genişmiqyaslı cəza tədbirinin icrasına hazırlığın son mərhələsi başlandı.
Rahatca Şmidt Zavodunun Mədəniyyət sarayında yerləşmiş Milli Müdafiə Şurası 13-20 yanvar arası müddətdə hansı işlərlə məşğul olurdu?
Qarabağın müdafiəsi ilə bağlı heç bir əməli iş barəsində nə məndə, nə də kimsədə məlumat yoxdur. Görünür, MMŞ yalnız Azərbaycan xalqının başını əzməyə bəhanə vermək məqsədilə yaradılıbmış. Fəqət mənə həmin vətən fədailərinin həmin dövrdə hansı işlərlə məşğul olması barədə məlumat var. Onlar pul yığırdılar. Təbii ki, Vətənin müdafiəsi adıyla. Təbii ki, bu pullar özlərindən əsər-əlamət qoymadan, yoxa çıxdı.
Ağstafa dəmir yol deposunun işçisi, həmin vaxt fəal cəbhəçi olmuş İbrahimin (İbişin) mənə danışdıqları:
“Bakıdan Nemət zəng vurdu və dedi ki, silah var, təcili gəlin. Amma silah pulsuz deyil, gələndə hazır gələrsiniz. Qiymətini soruşduq. Dedi ki, silahlar müxtəlifdir, hərəsinin öz qiyməti var. Dedi ki, nə qədər çox gətirsəniz, bir o qədər çox apara biləcəksiniz.
Biz rayonda kimin pulu var, çox gözəl bilirdik, raykom katibindən tutmuş uşağa qədər hamı bunu bilirdi. İki “Jiquli”yə minib başladıq varlıları gəzib dolaşmağa. Əvvəl xoşluqla deyirdik ki, Vətənin müdafiəsi müqəddəs işdir, bunun üçün pul əsirgəməzlər. Kim başa düşürdü, könüllü verirdi. Kim anlamırdı, zor ilə anladırdıq. Xülasə, 40 min yığa bildik, qoyduq idman çantasına, yollandıq Bakıya. Tapdıq Mədəniyyət Sarayını, Nemətlə hansısa otaqda xəlvətcə oturduq, çantanı açıb pulu göstərdik. Gözləri alışıb yandı, dedi: “Verin bura”. Soruşduq : “Bəs silah hanı?” Dedi: “Vəzirov söz verib. Amma pul əvvəl verilməlidir”. Mən hiss elədim ki, burada kələk var, tez çantanı bağladım və dedim: “Silah olanda, pul da olacaq”. Nemət nə isə demək istədi, onun sözünü kəsib qəti dedim: “Vəssalam! Əvvəl silah, sonra pul…”
Bu əhvalat necə də Ostap Benderin “Stullar səhər, pul isə axşam!” şüarını yada salır…
Respublika İstehlak Kooperasiyasının maliyyəçisi Xalıqın mənə danışdıqları: “ Qarabağ biz ticarət və tədarük işçilərini də çox qayğılandırırdı. Bir dəstə Azərittifaq işçisi nəyimiz var toplayıb ortaya 5 min manat pul qoyduq, iftixarla götürüb yollandıq MMŞ-na. Rəhim bəyi tapıb sevinclə ona bildirdik ki, Qarabağın müdafiəsi üçün 5 min manat pul gətirmişik. Pulu bizdən götürdü və təşəkkür etdi, lakin dedi ki, bu, çox azdır, daha çox pul lazımdır. Biz utana-utana dedik ki, bu pulu biz ailə büdcəsindən kəsib güclə düzəltmişik, biz varlı adamlar deyilik.
Rəhim bəy dedi: “Kaş ki, Fuad Musayevi silkələyə biləydik! Deyirlər ki, onun 50 milyonu var”.
Sən demə, kişi ürəyində ülvi arzular bəsləyirmiş…
Cəza tədbirinin hazırlıq proqramına 17 raykom katibinin devrilməsindən və dövlət sərhəddinin sökülməsindən əlavə “dövlət çevrilişi” ssenarisi də daxil idi.
Primakov AXC rəhbərlərini tək-tək və ya cüt-cüt qəbul edib onlarla söhbət aparırdı. Hakimiyyətin planlarını həyata keçirmək üçün ən münasib adamlar sədrin başçılıq etdiyi radikal üçlük idi. Nemət Pənahov təklif edirdi ki, Primakovu, Girenkonu və Mütəllibovu girov götürmək lazımdır. Lakin onu dilə tutdular ki, bu niyyətini həyata keçirməkdən daşınsın.
Yanvarın 16-dan şəhərə gedən yollarda və hərbi hissələrin darvazalarının önündə barrikada qurmağa başladılar. Bu barrikadalar istehkam qurğusu baxımından öz quruculularına bənzəyirdilər: eyni görüntü məqsədi, boğazdan yuxarı gopun maddi təcəssümü. Bu barrikadalar – yolun çəpəkisinə qoyulmuş yük maşını, avtobus və ya trolleybuslar idi. Müasir tankın və ya BTR-in qarşısında bu barrikadalar əlində boş şüşə butulkanı tutub tanka qarşı çıxan gücsüz qarını xatırladırdılar.
Mən sonradan AXC-nin Bakı rayon şöbələrində fəaliyyət göstərən cəbhədaşlarımdan barrikada ideyasının müəllifinin kim olması barədə soruşdum. Bəlli oldu ki, AXC Oktyabr rayon şöbəsinin lideri, Əbülfəz Əliyevin təşkilatdakı sadiq müridi, bəstəboy və qarabuğdayı Tofiq Seyidovdan başqa heç bir cəbhəçi bu aşkar təxribat məqsədi daşıyan barrikada quruculuğunda iştirak etməyib.
Sual yaranır: AXC-nin Bakıdakı rayon şöbələri barrikada qurmurdusa, bəs bunu kim edirdi? Kim avtobus və trolleybus parklarının, yük maşınları bazalarının direktorlarına yolları kəsmək üçün maşın ayrılması barədə göstəriş verə bilərdi?
Düşün, hörmətli oxucu. Kim? Cavab sadə və təbiidir: icra hakimiyyətinin başında duran Nazirlər Şurası. Məhz Baş nazir Nəqliyyat Nazirliyinə, nazirlik isə ona tabe olan müəssisələrə bu işi görmək sərəncamını verə bilərdi. Burada mənim yadıma “Qossnab”dan olan Əli müəllim və onun eyhamla verdiyi “Meydana odun və ərzaq haradan gəlirdi?” sualı düşdü.
Yolların çəpəki qoyulmuş böyük maşınlarla kəsilməsi ənənəsi sovet vaxtı 1 May və 7 noyabr bayramları günlərində tətbiq edilərdi. Elə indinin özündə rəsmi dövlət bayram və mərasimlərində yolları böyük maşınlarla kəsirlər. Bu barədə sərəncamı kim verir?
Hər necə də olsa, həmin vaxt barrikada quruculuğunun günahını AXC-nin üzərinə yıxdılar, AXC-nin isə danışmağa nə dili, nə də dilçəyi oldu.
AXC-ni qaralamaq üçün ikinci istifadə edilən üsul, yuxarıda qeyd etdiyim kimi, rayon şöbələrinin raykom və ispalkom binalarına gəlib orada rahat işləməsi təklifi idi. Mənə yaxın olan cəbhəçilər bu təklifin hər yerdə – Cəbrayıl, Gəncə, Füzuli, İsamyıllıda – edildiyini dedilər. Təbii ki, bu qəfildən və sinxron edilən “yaxşılıq” yalnız yuxarı təşkilatın göstərişi əsasında ola bilərdi.
Hərbçilər AXC-nin qəhrəman MMŞ qiyafəsi altında həyata keçirdiyi bu səfeh və xəbis tədbirlərə soyuqqanlılıqla tamaşa edib əmrin gəlməsini gözləyirdilər.
Moskvanın qasidləri AXC rəhbərləri ilə görüşlərini davam etdirirlər. Yanvarın 16-da Primakov Əbülfəz Əliyev və İsa Qəmbərov ilə görüşdü.
İndicə dəhşətli talan baş verib, əhali sarsıntı və çaşqınlıq içindədir, nə AXC, nə də AKP MK xalqa həqiqəti demir, hərə öz oyununu aparır. Xalq hələ küçələrə tökülməyib, hərbi hissələri və dövlət binalarını mühasirəyə almayıb. Primakov AXC rəhbərlərindən (sanki ideya verirmiş kimi) tələb edir ki, AXC camaatı küçələrə çıxarmasın.
İsa bəy özünəməxsus tərzdə cavab verir:
-Nümayiş və piket – xalqın Konstitusiya hüququdur.
Dünyanın qəribə işlərinə baxın! Sovet şərqşünaslığının başçısı, zəngin təcrübə və zəka sahibi akademik kiçik elmi işçiyə məsləhət görür ki, filan və filan işi görmə, o isə cavabında Sovet Konstitusiyasına istinad edərək deyir ki, görəcəyəm.
Təsəvvürünüzə gətirin ki, siz balaca uşağınızı küçəyə gəzməyə aparmaq niyyətindəsiniz. Qonşu deyir ki, gəzməyə getmə, küçədə güllə atırlar, bir dəstə bandit adamları öldürür. Siz də cavabında deyirsiniz ki, uşağı küçədə gəzdirmək sizin Konstitusiya hüququnuzdur!
Ya uşağa yazığınız gəlmir və onun qətli sizə xeyirdir, ya da ağlınız çaşıb!
Təsadüfi deyil ki, belə cavabdan sonra Primakov respublika rəhbərliyinə İsa Qəmbərovu qorumaq və ona “xüsusi yanaşmaq” tapşırığı verdi.
Həmin günlər AXC sədrinin respublika DTK-nin sədri general-mayor Vaqif Hüseynovla görüşü və söhbəti barədə müxtəlif fərziyyələr səsləndirilir. AXC sədri deyirdi ki, DTK sədri ona zəng vurmuşdu. DTK sədri isə deyirdi ki, AXC sədri ona zəng vurmuşdu. Mən onların heç birinə inanmıram. Məndə etibarlı mənbədən aldığım başqa məlumat var. Onlar şəxsən görüşmüşdülər. Lakin necə də olsa, Azərbaycan təhlükəsizlik xidmətinin başçısı AXC sədrinə xəbərdarlıq etmişdi ki, əlavə ordu hissələrinin Bakıya yeridilməsi gözlənilir və yersiz qurbanlardan qaçmaq üçün camaatın küçələrə səslənməsi yolverilməzdir. AXC sədri DTK sədrinin xalqın başının üstünü almış böyük bəla haqqında bu məlumatından necə istifadə etdi, özünüz görəcəksiniz.
Yanvarın 18-də axşam vaxtı AzTV ilə Sov.İKP MK-nın sektor müdiri Mixaylov və AKP MK-nin ideologiya şöbəsinin müdiri akademik Əfrand Daşdəmirov çıxış etdilər və əhalini əmin etdilər ki, şəhərə qoşun girməyəcək və fövqəladə vəziyyət elan edilməyəcək. Sonradan bu sətirlərin müəllifi ilə söhbətində Əfrand müəllim dedi ki, qoşunun Bakıya girməyəcəyi barədə məlumatı ona Bakıdakı sovet rəhbərliyi əminliklə bildirmişdi.
Vəzirov illər ötəndən sonra yazmışdı ki, Sov.İKP MK Siyasi Bürosu yanvarın 18-də onu Azərbaycan Kommunist partiyasının Birinci katibi vəzifəsindən azad edib Xarici İşlər Nazirliyinin sərəncamına keçirmişdi. Lakin bu məlumatı xalqdan gizlətmişdilər. Təbii ki, bu xəbəri Birinci katibin ayağının altını qazan bizim partokratlar özlərinin AXC-dəki “adam”larına ötürmüşdülər. Odur ki, Nəcəf Nəcəfov yanvarın 19-da MK binasının qarşısına toplaşmış camaata saat 22-23 radələri arasında müraciət edib muştuluq verəndə ki, “Vəzirovu çıxarıblar”, onun artıq öz namizədi var idi:
“Ay camaat, bu rəhbər işçilər arasında milli qan yalnız Həsən Həsənovda var, gəlin onun təyinatını tələb edək”.
Görünür, Etibar Məmmədovun da öz namizədi var imiş, çünki Nəcəf bəydən sonra çıxış edən Etibar bəy “xalq başqa adama dəstək verəcək” demişdi. Bəzi işarələr həmin vaxt Etibar Məmmədovla Ayaz Mütəllibov arasında yaxın münasibətlərin yaranması barədə mülahizələrə yol açırdı.
Bütövlükdə isə vəziyyəti xalqımızın bir atalar sözü çox sərrast ifadə edirdi: “Keçi can hayında, qəssab piy hayında”.