Beyləqanda məktəbli ilə cinsi əlaqədə olanlara qarşı cinayət işi açıldı

Qızın atası: “Orqan işçilərinə inanıram”

Source:


Qızın atası: “Orqan işçilərinə inanıram”

Məktəbdəki zorlama hadisəsi ilə bağlı Beyləqan rayon Polis Şöbəsinin İstintaq Bölməsində Cinayət Məcəlləsinin 152.1-ci maddəsi ilə cinayət işi başlanıb.

Məlumatı Baş Prokurorluq yayıb. Bildirilir ki, Beyləqan rayon sakini, yetkinlik yaşına çatmayan A.Z.-ya qarşı həmkəndliləri – 1996-cı il təvəllüdlü Tural Kərimov, 1997-ci il təvəllüdlü Kamil Hümbətov və digərləri tərəfindən seksual xarakterli hərəkətlər edilməsi faktına görə martın 9-da cinayət işi başlanıb:

“İş üzrə məhkəmə-tibb ekspertizası təyin edilib. Çoxsaylı şahidlər dindirilib və digər təxirəsalınmaz istintaq hərəkətləri aparılıb. Beyləqan rayon hüquq mühafizə orqanları tərəfindən həyata keçirilmiş istintaq-əməliyyat tədbirləri nəticəsində K.Hümbətov və T.Kərimov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub”.

Baş Prokurorluq sonda bildirir ki, həmin şəxslər barəsində rayon məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib. İş üzrə istintaq tədbirləri davam etdirilir. Məlumatda hadisənin məktəbdə baş verdiyi də deyilir.

Hüquqşünas Zibeydə Sadıqova bunu ictimai-xüsusi ittiham qaydasında baxılan iş sayır. Deyir, əgər 149, 150, 151-ci maddələrlə cinayət işi başlanıbsa, yalnız zərərçəkmiş şəxsin şikayəti olmalıdır:

“Prokuror o zaman cinayət işini öz təşəbbüsü ilə qaldıra bilər ki, cinayət hədə-qorxu, məcburiyyət təsiri altında və ya onu törətmiş şəxsdən asılı vəziyyətdə olan digər şəxs barəsində törədilsin. 152.1-ci maddə 16 yaşına çatmayan şəxslə cinsi əlaqədə olma ilə bağlıdır. Ancaq bu zaman qadının razılığı olur. Maddə deyir ki, zor tətbiqi yoxdur, ancaq qız yetkinlik yaşına çatmayıb. İstintaq gedir. Gedişatda başqa maddələr də qoyula bilər, bu, başlanğıcdır”.

Cinayət Məcəlləsinin 152.1-ci maddəsi “On altı yaşına çatmayan şəxslə cinsi əlaqədə olma və ya seksual xarakterli digər hərəkətlər etmə”, – adlanır. Üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Qızın atası Meydan TV-yə polisə şikayət verdiklərini deyib:

“Şikayətimizi orqan işçilərinə vermişik. Mən bu barədə danışmaq istəmirəm. Orqan işçilərinə inanıram. Təkcə onu deyə bilərəm ki, yazı çıxandan sonra bizdən bu barədə soruşdular. Biz də şikayətimizi etdik”.

Beyləqanda orta məktəb şagirdi 17 yaşlı A.Z oğlan dostunun təcavüzünə uğrayıb. M.Hüseynov onu bir müddət öncə çəkdirdikləri səmimi fotolarla hədələyib. A.Z.-nı əvvəlcə özü, sonra da istəmədiyi digər insanlarla münasibətə girməyə məcbur edib.

Meydan TV-yə məlumatı adının açıqlanmasını istəməyən mənbə vermişdi. O, A.Z.-nın təhdid edildiyi videogörüntüləri də göndərmişdi. Bildirirdi ki, video ilə təhdid edilən qız 20-dək şəxsin cinsi təcavüzünə məruz qoyulub.

Görüntüdə qız istəmədiyi cinsi münasibətə məcbur edilir. Hadisə sinif otağında baş verir. Otaqda partalar, divarda lövhələr var. Hətta bəzi adlar da səslənir. Qız “xahiş edirəm silin, nə olar, silin”, – deyə yalvarır: “Başınıza dönüm, silin, etməyin”, – deyir.

Ana səhifəXəbərlərBeyləqanda məktəbli ilə cinsi əlaqədə olanlara qarşı cinayət işi açıldı