Beyləqanda hərbçilərə qarşı işgəncələr: sellofanın yandırılıb kürəyə tökülməsi, kəlbətinlə ətin qoparılması…

İşgəncə alətləri. Foto: Meydan TV

İşgəncədən əlil olmuş zərərçəkmiş: “Mais Bərxudarov dedi ki, aparın, dərsini verin…”

“Tərtər işgəncələri” ilə bağlı cinayət işi üzrə icraat 2021-ci ilin dekabrında yenilənəndən sonra həbs olunan general-mayor Bəkir Orucov Tərtər yox, Beyləqanda hərbçilərə qarşı baş vermiş işgəncələrdə ittiham olunur. Lakin söhbət eyni dövrdə – 2017-ci ilin mayında, eyni motivlə törədilmiş bənzər hadisələrdən getdiyinə görə bu işlər eyni icraatda araşdırılıb.

Həmin dövrdə korpusun qərargah rəisi olmuş, həbs edildiyi dövrdə isə Müdafiə Nazirliyinin Şəxsi Heyət Baş İdarəsinin İdeoloji İş və Mənəvi-Psixoloji Təminat İdarəsinin rəisi vəzifəsini icra edən Bəkir Orucov “Beyləqan işgəncələri”nə görə daha 4 nəfərlə birlikdə məhkəmə qarşısına çıxarılıb. Bunlar Rahib Məmmədov, İntiqam Məmmədov, Ziya Kazımov və Ülvi Rəşidovdur.

Ziya Kazımov və Ülvi Rəşidov həbsdə deyil. Onlar istintaq dövründə də azadlıqda olub. Məhkəmə də hökm çıxarılana qədər onların həbs olunmamasına qərar verib.

General ev dustaqlığına buraxılmasını istəyir

Adları çəkilən şəxslərin işinə Bakı Hərbi Məhkəməsinin hakimləri baxır. Lakin məhkəmə iclasları Sumqayıt Məhkəmə Kompleksində keçirilir.

Məhkəmədə general Bəkir Orucov və Təhqiqat bölməsinin rəis müavini olmuş Rahib Məmmədov vəsatət qaldıraraq, ev dustaqlığına buraxılmalarını istəyiblər.

Rahib Məmmədov deyib ki, 9 aylıq hamilə olan həyat yoldaşı bugünlərdə övladını itirib:

Oğlum dünyaya gələcəkdi, ona Atilla adını qoymuşdum. Onu qohumlarım kəfənləyib, dəfn edib. Kaş əsir düşəydim, öləydim, bu günü görməyəydim. Ata üçün bu günü yaşamaq çox ağırdır. Mənim bu məsələlərdə təqsirim yoxdur. Vəziyyətim çox pisdir”.

Bəkir Orucov onun ev dustaqlığına buraxılmasını dəstəkləməklə yanaşı, özü də bu haqda vəsatət qaldırıb. Özünü təqsirli bilmədiyini vurğulayan general öncədən söz verib ki, məhkəmədən də yayınmayacaq.

“Heç kim deyə bilməz ki, Bəkir Orucov mənə işgəncə verib, yaxud da işgəncəyə göstəriş verib. Xahiş edirəm, ev dustaqlığına buraxın, gəlib-gedim, normal şəkildə müdafiəmi həyata keçirim”, – generalın sözləridir.

Onun vəkili Bəkir Orucovun həyat yoldaşının onkoloji xəstəlikdən əziyyət çəkdiyini məhkəmənin nəzərinə çatdırıb. Müdafiəçinin sözlərinə görə, generalı nə vaxt istintaqa çağırırdılarsa, gedirdi, yayınmırdı:

Bəkir Orucov. Mənbə: MN

“Onun həbsdə saxlanması üçün əsas yoxdur. İşgəncələrdə iştirakı da sübuta yetirilmir. Məhkəmənin hazırlıq iclasında da zərərçəkənlər dedilər ki, biz onu tanımırıq”.

“Bizim ailələrimiz illərlə kəndin içinə çıxmağa utanıblar”

Lakin zərərçəkmişlər hazırlıq iclasından fərqli olaraq, bu dəfə generalın da buraxılmasına etiraz ediblər.

Zülfalı Niftəliyev xüsusilə Rahib Məmmədovun dediklərinə etiraz edib. Yada salıb ki, vaxtilə onun atası da nigaran qalıb, gəlib onu axtarırdı. Lakin onun atasının durumunu nəzərə alan yox idi:

“Mənim bədənimə tok veriləndə qızım 1 yaş 4 aylıq idi. Birinci qrup əlil olan atam gəlirdi, məndən xəbər bilmək istəyirdi, heç kim ona söz demirdi. Mənim atam ata deyildi?”

Zərərçəkmiş Zaur Əliyev də etiraz edib:

Bizləri doğrayıb tökəndə ata olduğunuz yadınıza düşmürdü? Bəs onda sizin atalarınız necə rahat yaşayırdı? Bizim ailələrimiz illərlə utanıblar kəndin içində, sizin bizə elədiklərinizə görə…”.

Prokuror bildirib ki, iş üzrə 62 zərərçəkmiş, 21 şahid var. Təqsirləndirilən şəxslər azadlığa buraxılarsa, onlara təsir göstərə bilər. Ümumiyyətlə, onların həbsdən buraxılması məqsədəuyğun sayılmır.

Məhkəmə də vəsatətləri təmin etməyib.

Təqsirlənidirilən İntiqam Məmmədov ailə üzvləri, hətta vəkillə telefon danışığı hüququndan istifadə edə bilməməsindən şikayətlənib. O bildirib ki, bu hüquq pozuntusu davam etsə, məhkəməyə gəlməyəcək:

Hakim Zeynal Ağayev cavabında bildirib ki, heç kim məhkəmə ilə şərtlə danışa bilməz: “Məsələ araşdırılacaq”.

İşgəncədən bir nəfərin dalağı partlayıb və ölüb

Bundan sonra məhkəmə istintaqı başlayıb, prokuror ittiham aktını elan edib. Orada iddia olunur ki, hərbçilərdən özlərinin, yaxud da bir-birinin əleyhinə ifadə vermələri üçün onlara işgəncə verilib – kəlbətinlə dırnaqları çıxarılıb, ət qoparılıb, çəlləklərdə suda boğulublar, bədənə elektrik cərəyanı verilib, sellofanı yandırıb bədənə töküblər və başqa üsullardan istifadə olunub. Bundan başqa, ləyaqətləri alçaldılıb. İşgəncə nəticəsində leytenant Adil Sabirli həyatını itirib. Onun dalağı partlayıb və qanitirmədən ölüb.

Təqsirləndirilən şəxslərdən Bəkir Orucov, Ziya Kazımov, Ülvi Rəşidova qarşı Cinayət Məcəlləsinin 126.3 (qəsdən sağlamlığa ağır zərər vurma, ölümə səbəb olduqda), 145.3 (qanunsuz azadlıqdan məhrum etmə, ölümə səbəb olduqda), 293.2 (dövlət orqanının vəzifəli şəxsi tərəfindən işgəncə vermə), 329 (tabelikdə olan hərbi qulluqçuya qarşı zorakı hərəkətlər),  341.2.1 və 341.2.3 (bir qrup şəxs tərəfindən vəzifə səlahiyyətlərindən sui-istifadə etmə və ya vəzifə səlahiyyətlərini aşma bir qrup şəxs tərəfindən ağır nəticələrə səbəb olduqda) maddələrilə ittiham irəli sürülüb. İntiqam Məmmədov və Rahib Məmmədovda 126.3 maddəsi yoxdur. İntiqam Məmmədov həm də CM-in 178-ci maddəsilə – dələduzluqda ittiham edilib. Cinayət işinin materiallarında iddia olunur ki, o, Arzu Həşimova adlı qadını işə düzəltmək, onun ərini xidmət yerini dəyişmək adıyla aldadaraq, pulunu alıb.

Ziya Kazımov. Foto: sosial şəbəkə

Hakim Zeynal Ağayev təqsirləndirilən şəxslərə izah edib ki, ittihamlar sübuta yetirilərsə, onların bəzilərinə 6, bəzilərinə isə 9 ildən 20 ilə qədər azadlıqdan məhrumetmə cəzası verilə bilər.

Adları çəkilən 5 nəfərin heç biri özünü təqsirli bilməyib. Onlar təqsirsiz olduqlarını deyiblər.

“Taksi sürücüləri bizi mindirmirdi ki, vətən xainisiz…”

Məhkəmədə zərərçəkənlər dindirilib. Onlardan Zaur Əliyev bildirib ki, həmin dövrdə həmlə taborunda baş çavuş idi. Təlimdə olduqları halda, onları ezamiyyət adıyla çıxarıb gətiriblər. Maskalılar gəlib, onları soyundurublar.

“Onda Tərtər söhbətini eşitmişdik, ona görə şübhə yarandı ki, bizim də başımıza nə gələ bilər. Onda mən artıq iki müharibədə iştirak eləmişdim – Birinci Qarabağ Müharibəsində və aprel döyüşlərində. Sonradan İkinci Qarabağ Müharibəsində də iştirak elədim. Onda izah elədim ki, mən düşmənin arxasına keçməmişdən əvvəl axırıncı dəfə evlə danışanda uşağım koma vəziyyətində olub. Ailəsini o vəziyyətdə qoyub gedən adamdan vətən xaini olmaz”, – Zaur Əliyev bildirib.

Zərərçəkmişin sözlərinə görə, komandirin qərəzi nəticəsində bir neçə nəfərin adı şübhəlilər siyahısına salınmışdı, biri də o olmuşdu. Lakin ona inanıblar. İşgəncə görməsə də, günlərlə qanunsuz saxlandığını deyən zərərçəkmişin sözlərinə görə, həmin vaxt ətrafında olanlara qarşı amansız işgəncələrin şahidi olub:

“Saxlandığım yerdə dəlik vardı, oradan görürdüm ki, adamların başına nə oyunlar açırlar. Həkimləri də qoymurdular kömək eləməyə…”.

O, general Bəkir Orucovdan şikayətçi olmadığını məhkəmənin nəzərinə çatdırıb:

O, mənim cənab generalımdı. Nə vaxt qəbulunda olmuşam, xidməti problemdən tutmuş, şəxsi problemə qədər, həmişə kömək eləyib. Kim nə görüb, deyə bilmərəm”.

Amma digərlərindən şikayətçi olduğunu deyib. Səbəbini də belə izah edib:

“Bizi o vaxt taksi sürücüləri mindirmirdilər ki, vətən xainisiz. Leytenantımızı avtobusdan vurub salmışdılar”.

Zaur Əliyev Hərbi Prokurorluqdan da şikayətlənib. Deyib ki, işgəncələr onların gözlərinin qarşısında baş verirdi:

Onların görməməsi üçün gərək hamısına məzuniyyət verib, oradan çıxaraydılar”.

“Əllərimiz bağlı oturduğumuz yerdə üzümüzə təpik vurdular…”

Məhkəmədə dindirilən daha bir zərərçəkmiş Orxan Səfərov sərbəst hərəkət qabiliyyətini itirib. O, hazırda yalnız qoltuq ağaclarının köməyilə hərəkət edir. Deyir ki, 2017-ci ilin mayında məruz qaldığı işgəncələr nəticəsində bu vəziyyətə düşüb. Həmin vaxt manqa komandiri idi.

Orxan Səfərovun sözlərinə görə, sellofanı yandırıb kürəyinə tökməkdən tutmuş, kəlbətinlə dırnaqlarının çıxarılmasına, ətinin qoparılmasına qədər müxtəlif formada işgəncələrə məruz qalıb.

“Məni postdan düşürüb, korpus komandiri Mais Bərxudarovun yanına apardılar. Mənə dedi ki, neçə nəfər düşmənə işləyirsiz? Dedim, elə şey yoxdur. Göstəriş verdi ki, aparın, ağlı başına gəlsin. Qolumu burdular, gözümü bağlayıb apardılar. Ondan sonra işgəncələr başladı. İşgəncələr bir həftədən çox davam elədi”, – Orxan Səfərov bildirib.

“Tərtər işi”. Foto: Meydan TV

Əsasən, İlkin Ağazadə tərəfindən işgəncəyə məruz qaldığını deyən zərərçəkmişin sözlərinə görə, onu döyənlər arasında təqsirləndirilən şəxslərdən Ziya Kazımov və Ülvi Rəcəbov da olub. O, həmçinin general Bəkir Orucov tərəfindən təhqir olunduğunu da əlavə edib:

“Bizi çölə atmışdılar. Bəkiri orada gördüm. Təhqir edirdi. Elə vəziyyətdə idim, ancaq gözlərim baxırdı”.

Lakin Ziya Kazımov zərərçəkmişin onun haqqında yalan danışdığını bildirib.

Başqa bir zərərçəkmiş Zülfalı Niftəliyev də ifadə verib. Onun sözlərinə görə, ilk iki gündə çox pis döyülüblər:

“Əlləri bağlı, oturduğumuz yerdə üzümüzə təpik vururdular. Betonun üstündə yatırdıq. Başımızı bir-birimizin ayağının üstünə qoyurduq ki, yerə dəyməsin”, – Zülfalı Niftəliyev belə deyib.

Məhkəmədə bu zərərçəkmişlə təqsirləndirilən Rahib Məmmədov arasında mübahisə olub. O, məhkəmədə bildirib ki, işgəncədən sonra onu Rahib Məmmədov dindirib. İstintaqda isə başqa ad çəkib. Mübahisə də bu üzdən yaranıb.

Məhkəmə prosesi aprelin 20-də davam edəcək.

Ana səhifəSiyasətBeyləqanda hərbçilərə qarşı işgəncələr: sellofanın yandırılıb kürəyə tökülməsi, kəlbətinlə ətin qoparılması…