Beyləqanda büdcə təşkilatlarında işləyənlərə zorla pambıq əkdirirlər?

”Deyirlər, öhdəlik götürək, sonra ”Kapital Bank”dan maaş kartımızı alaq”

Source:


”Deyirlər, öhdəlik götürək, sonra ”Kapital Bank”dan maaş kartımızı alaq”

Beyləqanda çalışan büdcə təşkilatlarının işçiləri onlara məcbur pambıq əkdirdiklərini söyləyirlər. Bu barədə Meydan TV-yə danışan işçilər bildiriblər ki, əks halda, işdən çıxarılmaqla hədələnirlər:

“Hamımız büdcə təşkilatlarında çalışanlarıq. Bilirlər ki, işimizi itirmək istəməyəcəyik. Ona görə də pay torpaqlarımızda pambıq əkməyə məcbur edilirik. Razı olmayan, etiraz edən işi ilə hədələnir”.

Həmin insanlar işlərindən olmamaq üçün adlarının açıqlanmasını istəmirlər. Bildirirlər ki, şikayət etdikləri bilinsə, qeyd-şərtsiz işlərinə son verilər:

“Məcbur edilənlərin də hamısı elə-belə adamlar deyil. Məktəb direktorları, bağça müdirələri, tibb məntəqələrinin müdirləri və s. İcra nümayəndələri və bələdiyyə sədrləri kəndlərə, qəsəbələrə, çalışdığımız müəssisələrə gələrək bizlərə birbaşa icra başçısının adından göstəriş verirlər ki, gələn il hamınız pay torpaqlarınızda (işçilərinizlə birgə) pambıq əkməlisiniz. Bizə təzyiq olunur ki, şəxsiyyət vəsiqələrimizin surətlərini gətirib indidən pambıq zavodu ilə (ola bilsin qəbul məntəqələri) müqavilə bağlayaq. Öhdəlik götürək ki, nə qədər ərazidə pambıq əkəcəyik və s. Sonra gedib “Kapital Bank”dan kartlarımızı götürək”.

Şikayətçilər bildirirlər ki, belə müəssisələrdə hər bir işçi üçün minimum 0.5 hektar norma nəzərdə tutulub. İcra nümayəndələri və bələdiyyələr tərəfindən qorxudulan, məcbur edilən müəssisə rəhbərləri də öz növbələrində işçilərini təhdid edir, müəllimlər dərs saatları kəsilməklə, işdən çıxarılmaqla hədələnir:

“Məcbur qalan müəllimlər, tibb bacısıları və s. işlərini itirməmək üçün razılaşırlar. Üstəlik, pambıq əkini asan başa gəlmir, çətin işdir. Bu qədər əkin-biçinin müqabilində əldə olunan gəlir isə çox aşağıdır. Bundan əlavə, pambıq əkininə görə pulu yalnız pambığı təhvil verəndə alırsan. Öncə MKT Beyləqan filialı bizimlə müqavilə bağlayır ki, pambığı əkib- becərəndən sonra yığdığımız məhsulu özəl pambıq qəbulu və email zavoduna təhvil verək. Bu dövr ərzində isə pambığın əkini üçün bizə sadəcə toxum verilir, yerlər şumlanır, səpin aparılır, suvarılır, alaqlar vurulur. Bunun hamısı MKT-nın iştirakı ilə aparılır və MTK bütün xərcləri çəkir. Bizi toxum və texnika ilə də təmin edir. Problem odur ki, bu, müəllimin, həkimin, tibb bacısının, direktorun və ya müdirin işi deyil. Biz kənd təsərrüfatından uzaq insanlarıq. Etdikləri doğru deyil”.

Beyləqan sakinlərin bildirirlər ki, sonda normal bir gəlir də qalmır ki, bu işi həvəslə görsünlər:

“Əziyyəti bizə qalacaq, bilirik. Hər şeylə təmin edirlər e, nə olsun. Sonda yığılmış pambıq həcminə, sortuna və çirklilik dərəcəsinə qiymətləndirilir və onun satış məbləği hesablanır. Əgər satış məbləği xərclərdən çox olarsa, onda MTK fermerə ödəniş edir. Amma bu, nadir hallarda baş verir, elə edirlər ki, ya baş-başa olur, ya da fermer MTK-ya borclu qalır. Biz bunların hamısını çox yaxşı bilirik. Bu sahədə gəlir olsaydı, bununla fermerlər, kəndlilər məşğul olardılar. Görünür, gəlirli sahə olmadığı üçün məcburiyyətə əl atılır”.

Meydan TV məsələyə münasibət öyrənmək üçün Beyləqan Rayon İcra Hakimiyyəti ilə əlaqə saxlayıb. İcra Hakimiyyətindən belə bir haldan söhbət gedə bilməz deyilib:

“Kimdir o şikayət edənlər? Söyləyin bilək, araşdıraq görək niyə yalan məlumat yayıblar. Kifayət qədər fermer pambıq əkini ilə məşğul olur. Kimlərisə məcbur etməyə gərək yoxdur”.

İqtisadçı Qubad İbadoğlu deyir ki, Nazirlər Kabinetinin “Pambıq və tütün istehsalçılarına dövlət büdcəsinin vəsaiti hesabına subsidiyanın verilməsi Qaydası”na görə, emal müəssisələrinə satılan hər kiloqram xam pambığa görə istehsalçılara 10 qəpik subsidiya verilir. Subsidiya istehsalçı olan hüquqi şəxslərin hesablaşma hesablarına və fiziki şəxslərin cari (xüsusi kart) hesablarına köçürülməklə ödənilir. Rayon (şəhər) üzrə istehsalçılara subsidiyanın verilməsi ilə bağlı işlərin təşkili Kənd Təsərrüfatı Nazirliyinin rayon və şəhər idarələri tərəfindən həyata keçirilsə də, bu prosesdə rayon və yerli icra hakimiyyətləri yaxından iştirak edirlər:

“Azərbaycanda sərbəst təsərrüfatçılıq, biznes fəaliyyəti mövcud qanunlarda təsbit olunub. Sahibkarlıq fəaliyyəti haqqında Azərbaycan Respublikasının Qanunun 1-ci maddəsində göstərilir ki, sahibkarlıq fəaliyyəti şəxsin müstəqil surətdə, öz riski ilə həyata keçirdiyi, əsas məqsədi əmlak istifadəsindən, əmtəə satışından, işlər görülməsindən və ya xidmətlər göstərilməsindən mənfəət götürülməsi olan fəaliyyətdir. Həmin Qanunun 6-cı maddəsində sahibkarın hüquqlarından bəhs edilir və bildilir ki, sahibkar öz fəaliyyətini həyata keçirmək üçün istənilən müəssisələr yaratmaq və qanunla qadağan edilməyən fəaliyyətlər həyata keçirmək hüququna malikdir. Azərbaycan Respublikası Konstitusiyasının “Azad sahibkarlıq hüququ” adlanan 59-cu maddəsində hər kəsin qanunla nəzərdə tutulmuş qaydada öz

imkanlarından, qabiliyyətindən və əmlakından sərbəst istifadə edərək təkbaşına və başqaları ilə birlikdə azad sahibkarlıq fəaliyyəti, yaxud qanunla qadağan edilməmiş digər iqtisadi fəaliyyət növü ilə məşğul olmaq hüququ göstərilir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsində Azərbaycan Respublikasında mülkiyyətin toxunulmaz olması və onun dövlət tərəfindən müdafiə olunması öz əksini tapıb”.

Q. İbadoğlu deyir ki, göründüyü kimi, sahibkarlara onlara məxsus olan torpaqda, vətəndaşlara isə onların pay torpaqlarında məcburi surətdə pambıq əkdirilməsi, nəinki qanunların hətta Konsititusiyanın pozulması deməkdir:

“Belə ki, sahibkarlıq fəaliyyətinin sərbəst aparılması üçün sahibkar mülkiyyətlə bağlı qərar qəbul edə bilməli və nəticənin maddi marağa uyğunluğuna əmin olmalıdır. Əks tədqirdə baş verənlər sahibkarın hüququnun, sərbəst təsərrüfatçılıq haqlarının pozulması kimi qiymətləndirilməlidir. Bununla yanaşı dövlət orqanları sahibkarların hüquqlarını pozduğu kimi, onlar da işçilərinin hüquqlarını pozur, əmək şəraiti üçün tələblərə əməl etmir, onların ödənişlərini vaxtında və tam şəkildə icra edə bilmir”.

Qubad İbadoğlu
Qubad İbadoğlu

2016-cı ildən başlayaraq pambıqçılığın inkişaf etdirilməsi hökumətin əsas diqqət ayırdığı sahələrdən birinə çevrilib. Hökumət bu sahəni inkişaf etdirməklə həm yeni iş yerlərinin açılmasını, həm də ölkəyə valyuta axınını artırmağı düşündüyünü bəyan edib.

2016-ci ildə Azərbaycanda 52 min 57 ha sahədə pambıq əkilmişdi. Bu, 2015-ci ilin anoloji dövrünə nisbətən 33 min 373 hektar çox idi.

2017-ci ildə isə 136 min 413,2 hektar pambıq əkilmişdi. 2018-ci ildə isə il 140 min hektara yaxın sahədə pambıq əkininin həyata keçirilməsi nəzərdə tutulmuşdu.

İqtisadçı-ekspertlər dəfələrlə pambıqçılığın hazırda Azərbaycana xeyir verməyəcəyini, rentabelli olmayacağını, pambıqçılıq sahələrinin genişləndirilməsini otlaq sahələrinin hesabına baş verdiyini, son nəticədə ət istehsalının aşağı düşməsi və ətin qiymətinin artmasına səbəb olduğunu bəyan ediblər.

Ana səhifəBölgəBeyləqanda büdcə təşkilatlarında işləyənlərə zorla pambıq əkdirirlər?