Bəyanatın səbəbi bəlli oldu: Emin Millinin əmisi oğlu həbs edilibmiş

Emin Milli İlham Əliyevə və Ramiz Mehdiyevə təşəkkür etdi

Source:


Emin Milli İlham Əliyevə və Ramiz Mehdiyevə təşəkkür etdi

“İndi öyrəndim ki, bir neçə gün qabaq mənim əmim oğlu Polad Abdullayev həbs edilibmiş. Qohumlarımın bəyanatı onu azad etdirmək üçün məcburi atılan bir addım idi. Polad indi azad olunub. Qohumlarıma qarşı kütləvi repressiyaların tətbiq olunması davam edir. Bir çoxu bu barədə danışmaq belə istəmir”.

Bu sözləri Meydan TV-nin rəhbəri Emin Milli öz Facebook hesabında yazıb.  “Qohumlar məcburi şəkildə Prezidentə məktub yazdığlarını inkar edirlər və öz xoşları ilə Prezidenti dəstəklədiklərini deyirlər. Əcəb edirlər. Qınamıram. Başqa qohumlar da məndən imtina eləsinlər. İncimərəm. Amma mən heç bir halda öz yolumdan dönən deyiləm. Mənim yolum haqq yoludur və bu yolu da mən sona qədər gedəcəm. Bunu hər kəs bilsin və öz qərarını indidən versin” – deyə Emin Milli qeyd edib.

Meydan TV-nin direktoru daha sonra baş verənləri tarixi hadisələrlə müqayisə edib: “Tarixdə bir çox diktatorlar edam edilməmişdən və ya həbs edilməmişdən qabaq onu tənqid edənlərin qohumlarına qarşı belə davranıblar, amma sonda xeyiri olmayıb. Bu repressiyalar da tarixin qabağını ala bilməyəcək. Əliyevlər Azərbaycan xalqına qarşı terror etdiklərinə görə məhkəmə qarşısında cavab verməli olacaqlar.

Hakimiyyət azad sözdən və onun yayılmasından indi çox qorxur. Onların iqtisadi və siyasi fiaskosu da yaxınlaşır. Neftin qiyməti düşüb. Neftin istehsalatı düşür. Xarici valyuta rezervləri azalır. Manatın növbəti devalvasiyasına hazırlaşırlar və insanların gözlərini etiraz etməkdən qorxutmaq istəyirlər. Meydan TV kimi azad medianın genişlənməsi və güclənməsi onlar üçün belə bir məqamda çox təhlükəlidir.

Hakimiyyər haqlıdır. Təhlükələr var. Hədəfləri də düz seçiblər. Amma mənim kimi hədəfləri vurduğca zəifləyəcəklər və daha çox insanı söz azadlığı uğrunda mübarizəyə qoşulmağa vadar edəcəklər. Son iki gündə yüzlərlə insan mənə və Meydan Tv-yə dəstək olacağlarını bildirdilər. Gücləndik. Buna görə də şəxsən İlham Əiyevə və Ramiz Mehdiyevə təşəkkür edirəm.

Ana səhifəXəbərlərBəyanatın səbəbi bəlli oldu: Emin Millinin əmisi oğlu həbs edilibmiş