“İlham Əliyev Azərbaycanı Şimali Koreyaya doğru aparır”
Müsavat Partiyası Vergilər Nazirliyinin “Turan” İnformasiya Agentliyində yoxlama aparmasını ifadə azadlığına təzyiq kimi dəyərləndirir
Bununla bağlı partiya bəyanat yayıb.
Meydan TV-yə daxil olan sənəddə deyilir:
“Vergi orqanları “Turan” agentliyini ümumi məbləği 37 min manat vergini ödəməməkdə ittiham edərək avqustun 7-də cinayət araşdırmasına başlayıblar. Auditin başlanması üçün öz nümayəndələrini agentliyə göndəriblər. “Turan” bu ittihamı rədd edərək Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edib.
Lakin Vergilər Nazirliyinin Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamentininin əməkdaşları bu məhkəmənin cavabını gözləmədən avqustun 16-da agentliyin redaksiyasına girərək yoxlamaya başlayıblar. Onlar maliyyə sənədlərini götürüb, jurnalistlərin şəxsi əşyalarını yoxlayıb, yoxlama və sənədlərin götürülməsi prosesini çəkməyə isə icazə verməyiblər.
Müsavat Partiyası Vergilər Nazirliyinin bu addımlarını Azərbaycan hakimiyyətinin müstəqil mətbuata qarşı təzyiqlərinin tərkib hissəsi kimi qiymətləndirir, Turan agentliyinə qarşı təzyiqlərə və bütövlükdə azad sözün boğulması siyasətinə son qoyulmasını tələb edir”.
“Turan”-a təzyiqlər demokratiyaya yeni bir zərbə cəhdidir
““Turan” agentliyinə qarşı yeni təzyiq kampaniyası hakimiyyətin acizliyinin yeni göstəricisidir”.
Bu fikirlər isə AND Azərbaycan Siyasi Mühacirlər Hərəkatının bəyanatında yer alıb.
Bəyanatda deyilir ki, bu gün “Turan”-ın mətbuat bülletenlərinə Bakıda fəaliyyət göstərən bütün səfirliklər abunəçidir. XİN-in mətbual xidməti belə “Turan” agentliyinin xəbərlərinə abunəçidir:
“AND Hərəkətı bəyan edir ki, ölkə daxilində müstəqil mətbuat organlarından biri olan “Turan”-a təzyiqlər demokratiyaya yeni bir zərbə cəhdidir. Hərəkat bu addımı ən sərt formada pisləyir və təzyiqlərə son qoymağı tələb edir.
AND beynəlxalq təşkilatlara səslənərək Azərbaycan hakimiyyətinə təzyiq göstərilməsini xahiş edir”.
AND (Azərbaycan Naminə Demokratiya) 2016-cı ildə Avropada yaşayan bir qrup siyasi mühacir tərəfindən yaradılıb.
Diktatorların azad düşüncəyə dözümü yoxdur
Hazırda Niderlandda yaşayan hüquq müdafiəçisi, Sülh və Demokratiya İnstitutunun rəhbəri Leyla Yunus da “Turan”-a dəstək bəyanatı yayıb.
Hüquq müdafiəçisi bəyanatında ölkədə azad sözə yer olmadığına diqqət çəkib.
7 avqust 2017-ci ildə “Turan”-a qarşı irəli sürülən 37 min manatlıq vergi borcu ittihamından söz açan Leyla Yunus agentliyin 1991-ci ildən müstəqil media qurumu kimi fəaliyyət göstərdiyini, orada Mehman Əliyev, Şahin Hacıyev kimi peşəkar jurnalistlərin çalışdığını vurğulayıb. Agentliyin rəhbəri Mehman Əliyevin vergilər naziri Fazil Məmmədova məktubunu xatırladan hüquq müdafiəçisi deyir ki, buna baxmayaraq, avqustun 16-da “Turan”-ın redaksiyasında axtarış aparılıb. Bu zaman jurnalistlərə məxsus əşyalara baxılıb ki, bu da qanunla qadağandır.
“Azərbaycanda müxalifyönümlü mətbuat qalmayıb. Sonuncu müxalifyönümlü qəzet “Azadlıq” 2016-cı ildə qapadılıb. Ölkədə müstəqil KİV yoxdur. “Turan” ölkədəki sonuncu müstəqil media orqanıdır…
Diktatorların azad düşüncəyə dözümü yoxdur. Avtoritar rejimlərdə ifadə azadlığı olmur. İlham Əliyev inamla Azərbaycanı Türkmənistan yolu ilə Şimali Koreyaya doğru aparır” – deyə bəyanatda qeyd olunur.
Leyla Yunus bu vəziyyətdə nə etmək lazım gəldiyini sual edir. Bildirir ki, ölkədə müstəqil vətəndaş cəmiyyəti institutu, KİV yoxdur:
“Biz Hollandıyada Sülh və Demokratiya İnstitutunun fəaliyyətini bərpa edirik. Sentyabrda saytımızın təqdimatını planlaşdırırıq. Orada yalnız repressiya qurbanları haqqında ətraflı məlumat olmayacaq, həm də hakimiyyətdəki cinayətkarların adlarını qeyd edəcəyik.
Saytın bir bölməsində siyasi məhbuslara işgəncə verən, onların barəsində saxta ittihamlarla cinayət işi başlayan prokurorlar, müstəntiqlər, Penitensiar Xidmətin əməkdaşları haqqında məlumatlar yer alacaq. Bu gün biz həmin bölməyə Fazil Məmmədovun rəhbərlik etdiyi Vergilər Nazirliyinin əməkdaşlarının adlarını da əlavə edirik”.
Hüquq müdafiəçisi hesab edir ki, azərbaycanlı diktatorun kriminal komandası, hakimiyyətdəki cinayətkarlar dünyada tanıdılmalıdır. Eyni zamanda rejimin cinayətləri araşdırılmalı, beynəlxalq ictimaiyyətə çatdırılmalıdır.
Leyla Yunus Avropa Şurası Parlament Assambleyasının deputatı Kristofer Ştrasserin 2013-cü ildə Azərbaycanda siyasi məhbus problemləri ilə bağlı hazırladığı hesabata, sənədin daha müzakirə olunmamasına, bu məsələdə “Kürü diplomatiyası”nın roluna diqqət çəkib. O, həmçinin Avropa İttifaqını diktator rejimlə əməkdaşlıqda qınayıb.